Dini siyasət olanın mürşidi şeytan olur -ƏLƏVİLƏRİN MƏCLİSİNDƏNbackend

Dini siyasət olanın mürşidi şeytan olur -ƏLƏVİLƏRİN MƏCLİSİNDƏN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ələvilik mövzusu haqda ilk dəfə Azərbaycanda, necə deyərlər, oxucuların xahişi əsasında bir yazı hazırladım. O zaman daha çox təqdimat xarakterli material hazırlamaq üçün çoxlu sayda elektron mənbələrə baş vurdum və nəticədə ümumi bir məqalə alındı. Hələ o zaman da ağlımda nə zamansa canlı olaraq Ələvi mərasimlərində iştirak edib bu təlim haqda nəsə yazmağı düşünürdüm.

Həmin zamanın gəlməsi üçün 8 il lazım oldu. Nəhayət, Ankarada bu fürsəti, türklər demiş, yaxalaya bildim. Elə də asan olmadı, çünki ələvi camaatı mənsubları xarici ölkənin qəzeti üçün reportaja şübhə ilə yanaşırlar. Amma universitet müəllimi, dosent, ələvilik mövzusunda dissertasiya müəllifi Özcan Güngörün yardımı ilə Ankara Bektaşi Ələvi camaatı ilə əlaqə qura bildik. Hocamızın təqdimatı ilə (Türkiyədə bunsuz keçinmək mümkün deyil) əvvəl Ankarada həftəlik cümə axşamları keçirilən Cəmə dəvət olundum, daha sonra isə məni Ankara ətrafında qədim ələvi kəndlərindən olan Karaşarda Cəm yığıncağına qonaq çağırdılar…

Karaşar Ankaradan 130 km məsafədə yerləşən iç Anadolunun ənənəvi ələvi-Bektaşi kəndlərindən biridir. Son illərdə seyrəlsə də, Karaşar, Saray və Köseler kəndləri ələvi kimliyini qoruyub saxlayır. Hazırda Ankarada yaşayan karaşarlılar tez-tez avtobus kirayə edərək kəndlərinə gedir və Cəm mərasimləri təşkil edirlər. Məni Karaşara yerli Cəm-in fəal üzvü “40-lar”dan (“40-lar” haqda daha sonra bilgi verəcəyəm) biri olan İbrahim bəy dəvət etdi, təbii ki, əvvəlcə Karaşar ələvi dədələrindən izn aldıqdan sonra.

Ümumiyyətlə, İbrahim bəy çox maraqlı adamdır. Cəmin fəalı və “40-lar”ın üzvüdür. Quran oxuyur, tədbirlərin fəal iştirakçısıdır. Təbii ki, inancına, mənsub olduğu təriqətə çox bağlıdır. Karaşarda keçirilən Cəm mərasimi kənd sakinlərindən biri, icmanın üzvü olan xanımın vəfatı münasibəti ilə təşkil olunurdu. Ələvi adətlərinə görə, dünyadan köçən insan üçün vida mərasimi – Cəm təşkil olunur. Bu Cəm “halallaşma” adlanır və icma üzvləri dünyadan köçən icma üzvü ilə vida mərasimi təşkil edir, dualar oxunur, Cəm ənənələrinə riayət olunmaqla 3 hissəli mərasim qeyd olunur.

Ələvilikdə dünyadan köçən insan üçün yalnız bir dəfə vida mərasimi – Cəm keçirilir, ehsan verilir və ən əsası halallaşma olur. İbrahim ağa deyir ki, keçmişdə ələvilərin bu mərasimi dünyadan köçən şəxslə bağlı yarımçıq qalan işlərin həllini nəzərdə tuturdu. Peyğəmbər (s.ə.s) zamanında olan adətlərə uyğun olaraq Ələvi icması üzvü dünyadan köçərkən təşkil olunan vida mərasimində salat (Ələvi namazı) və ya ayini-cəm qılınır, dualar oxunur, mərhumla halallaşma olur, eyni zamanda ölmüş şəxsin yetim qalan övladları varsa onlara qalan mirasın uşaqlar kiçikdirlərsə böyüyüb rəşid olana qədər qorunması, əgər mərhumun borcu varsa, Cəm üzvləri arasında zəkat toplanaraq borcların ödənilməsi həyata keçirilir. Lakin müasir dövrdə əsasən mərhumla halallaşma və dualar edilərək rəhmət oxunur, qurban kəsilir.

Yeri gəlmişkən, Karaşar çox gözəl təbiəti olan kənddir. Ankaradan uzaq, dağlar qoynundakı kənd iç Anadolunun ən füsunkar bölgələrindən biridir. Məşhur Anadolu mineral bulaqları, meşəlik dağlar burda yerləşir. Digər kəndlərdən fərqli olaraq Karaşar xeyli abad və evləri yenidir. Maraqlanıram, Karaşardan qürbətçi – yəni Almaniyaya iş dalınca gedən çox azdır, hətta yox deyiləcək qədər. Amma sakinlərin çoxu ən yaxın böyük şəhərə – Ankaraya yerləşib. Əsasən əsnaf və orta sahibkarlıq fəaliyyətləri ilə məşğul olurlar.

Təbii ki, tez-tez kəndlərinə gedir, əksəriyyətin Ankarada və kənddə evləri var. Kəndin yaşlıları isə qışda Ankaraya övladlarının yanında gedir, yazın sonunda isə Karaşara gəlir və payıza qədər burda qalırlar. Mənimlə gələnlərin bir çoxu da məhz “yaylağa” gələnlər idi. Ümumilikdə isə həm avtobusda, həm də Cəm mərasimində əsasən yaşlı insanlar idi. Gənclər elə də gözə dəymirdi. Bunun səbəbi isə Ayini-Cəmə gənclərin girməsinin yasaq olması ilə bağlıdır. Çünki qaydalara görə, müsahibi olmayanlar Cəmə alınmazlar. Gənclər yalnız arxa xidmətləri edir, əsas zala daxil olmurlar. Yalnız müəyyən bir kamala çatıb, məqama yetişdikdən sonra Cəm ayininə qatıla bilərlər.

Ələvilər arasında qardaşlıq – Müsaiblik ənənələri geniş yayılıb. Hər Cəmdə salatdan sonra yanaşı olan icma üzvləri uyğun duanın ardınca qucaqlaşıb yanaqlarını bir birinə vuraraq qardaşlıq əqdi edirlər. Bu hadisənin kökü hicrətin ilk illərində Məkkədən Mədinəyə köçən ilk müsəlmanlar arasında müharic və ənsar qardaşlığı hadisəsinə söykənir. Tarixi mənbələrə görə, Məhəmməd (s.ə.s) Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsindən az sonra 95 nəfərlik Məkkə sakini müsəlman da Mədinəyə (o zaman Yəsrib) şəhərinə pənah gətirir. Məkkədən gələn mühacirləri yerləşdirmək üçün İslam Peyğəmbəri “mühacir və ənsar” qardaşlığı elan edir. Hər mədinəli bir məkkəlini qardaş olaraq qəbul edib ona yer verirdi. Ən son olaraq Həzrət Əli (ə) yalnız qalır və Həzrət Məhəmməd onu özünə axirət qardaşı olaraq elan edir.

Bu mərasim Cəm mərasimlərində təkrarlanır, icma üzvləri arasında qardaşlıq bağlanır. Bu zaman Gülbəng duası türkcə oxunur. Müsaiblik, yəni axirət qardaşlığı Ələvi inancında mühüm yerlərdən birini tutur.

CƏM OLAQ…

Bütün bu söhbətləri yolda və kənddəki evində İbrahim ağa ilə söhbətdə danışırıq. Daha sonra isə Cəmdə iştirak etmək üçün kənd mərkəzində yerləşən Cəm evinə gedirik. İki mərtəbəli binanın birinci mərtəbəsi mətbəx, yeməkxana və yardımçı otaqlardan ibarətdir. Üst mərtəbədə isə iki zal və iki kiçik otaq var. İç otaqda Karaşar ələvilərinin ruhani lideri Ali Dədə (Karaşar ələviləri Baba deyir) oturmuşdu. Yavaş-yavaş icma üzvləri də yığışırdı və 82 yaşlı Əli dədə Türkiyədə ələvilik, Pir Sultan Abdal, Hacı Bektaş Vəli, Əhməd Yəsəvidən danışır. Deyir ki, bizim mərasimlərimizi izləməkdə problem yoxdur, öyrənmək istəyənlər gəlib baxa, suallarını verə bilərlər.

Nəhayət, zaman gəlir və böyük zala keçib Cəm mərasiminə başlamaq işarəsi verilir. Hər kəs zalın qapısına gəlir, qapıda diz çökür, kandarda səcdə etdikdən sonra içəri daxil olur. Bu zaman əlləri sinədə cəmləmək və sağ ayağı sol ayağın uc tərəfdən üzərinə qoyub Dədədən giriş icazəsi alınır. Zalın mərkəzində üçbucaqlı qapı şəklində çərçivə qurulub, onun ortasında isə 12 şamdan var. Sağ tərəfdə İmam Əlinin (ə), sol tərəfdə isə Hacı Bektaş Vəlinin və Atatürkün böyük rəsmi var. Yeri gəlmişkən, Cəm ayinlərində dualarda tez-tez Atatürk yad edilir, Türkiyə dövləti və xüsusən də ordusu üçün dualar edilir.

Zalın baş tərəfində nisbətən hündür oturacaqlar düzülüb, dairəvi düzülmüş döşəklərdə “40-lar” oturur. Ən başda sağda isə mərasimin başçısı Əli Dədə, sol tərəfdə isə ikinci dədə və onların yanında digər dədələr, eləcə də kiçik xor qrupu əyləşib. “40-lar”a daxil olan daha iki nəfər “Bekçiler” adlanır, mərasim boyunca bayırda dayanıb keşik çəkirlər, daha iki nəfər qəssabdır.

“Bismi şah Allah, Allah” nidası ilə başlayır ələvi ibadət və duaları. Daha sonra isə Əli Dədə moizə edir. \”Allah qarşısında hər kəs bərabərdir, heç kəsi xor görə bilməzsən. Ələvilik bir yoldur, bu yolun bizə verdiyi ibadət, məhəbbət və əxlaqdır. Sayğısız sevgi olmaz\” – deyir Əli Dədə. Cəm evinə Allah dostları toplanır. Cəmin qaydalarından danışır.

Ardınca isə Cəmin mərkəzinə qurbanlıq qoç gətirilir. Dualar oxunduqdan sonra “40-lar”dan olan iki qəssab qurbanlıq heyvanı aparır və bir müddətdən sonra kəsilmiş əti gətirirlər. Xüsusi dualar oxunduqdan sonra Əli Dədə elan edir ki, qurbanlıq ət 18 parçaya bölünür. Zikr oxunur, 12 imamın adları yad edilir. Bundan sonra fasilə olur və Cəm mərasiminin ikinci mərhələsi başlayır.

Cəmin ikinci hissəsində daha çox ilahilər oxunur. Pir Sultan Abdal, Əhməd Yəsəvi, Yunus Əmrə, Şah Xətaidən şeirlər oxunur. Bu oxumalar dua və Allahla razı-niyaz adlandırılır.

İkinci hissədə 12 imam adına şam yandırılır. Bu zaman ələvi zikrləri, 12 imama salam, “Allah-Allah”, “Hüü” zikrləri deyilir. Bundan sonra “40-lar” məclisinə “İmam Əli səccadəsi” adlanan palaz gətirilir. Palazın bir küncü qatlanır və “40-lar”dan olan bir adam xüsusi ayinlə xalçanın künclərində səcdə edir və Dədə dua edir. Səcdənin qatlanan küncü “şəriət”, digər açıq küncləri isə “təriqət”, “mərifət” və “həqiqət” adlanır. Dədə zikr deyir: “Əməlsiz zənginin, kitabsız alimin, dini siyasət olanın mürşidi şeytan olur. İnsanlar ölmək üçün deyil, olmaq, olqunlaşmaq üçün dünyaya gəlir”.

Bundan sonra halallaşma olur. 3 dəfə Dədə halallıq istəyir, ardınca isə iştirakçılar görüşür, qardaşlıq əhdini təzələyirlər. “Fatihə” surəsi oxunur, zikr deyilir və ardınca mərhumun ailə üzvü olan (oğul və qızlar) 4 kişi və 4 qadın gələrək səcdə etdilər, Dədənin əlini öpüb xeyir-dua, camaatdan halallıq alırlar. Sonda Adəmdən Məhəmmədə (s.ə.s) qədər bütün peyğəmbərlərə iman gətirdiklərini, tövbə etdiklərini bəyan edir və növbəti-üçüncü mərhələ başlayır.

Cəm məclisi 3 mərhələdən ibarət olur. Sonuncu – üçüncü mərhələdə, Saqqaye Əli mərasimində iştirakçılara su, şərbət paylanır. Əvvəlcə isə “40-lar” üzvü olan 4 kişi meydana çıxır, dövrə vuraraq dua edir. Bundan sonra isə bir kişi ətrafında 6 qadınla ortaya çıxır və dövrə vurmağa başlayır, dualar edilir. Bu, Kərbəlada yalnız qalan İmam Zeynalabdinin (ə) qorunmasının yad edilməsidir.

Bundan sonra isə meydana çıxan 4 kişi arasında qardaşlıq əqdi bağlanır və ardınca Kərbəlada susuz qalan İmam övladları üçün ehsan olaraq şərbət paylanır. “Aşk ola içənə, rəhmət köçənə, yuh olsun münkirə, lənət Yezidə”. Şərbət içən ələvilərin zikri bununla müşayiət olunur. Bununla da mərasim bitir və camaat üzvləri qurban kəsilən qoçun ətindən bişirilmiş düyü plovu ehsan edilir.

Əlavə edək ki, Cəm mərasimini ələvilər hər həftənin cümə axşamı, dünyadan köçmüş şəxs üçün və ya bayram, eləcə də dini matəm günlərində qeyd edirlər.

Dini siyasət olanın mürşidi şeytan olur -ƏLƏVİLƏRİN MƏCLİSİNDƏN

Dini siyasət olanın mürşidi şeytan olur -ƏLƏVİLƏRİN MƏCLİSİNDƏN

Dini siyasət olanın mürşidi şeytan olur -ƏLƏVİLƏRİN MƏCLİSİNDƏN

Dini siyasət olanın mürşidi şeytan olur -ƏLƏVİLƏRİN MƏCLİSİNDƏN

Kənan RÖVŞƏNOĞLU
Ankara-Karaşar-Ankara