Son bir ayda NATO-nun postsovet ölkələrindəki hərəkətliliyi Rusiyada aşkar şəkildə qıcıq yaratmaqdadır. ABŞ-ın tank bölüyünün və mütəxəssislərinin Moldova və Gürcüstanda hərbi təlimlərə gəlməsi, həmçinin Rusiya təhdidinin qarşısında NATO gəmilərinin Baltikyanı ölkələrin sahillərinə yan alması, hətta NATO-Rusiya müharibəsinin mümkünlüyü barədə ehtimalları gücləndirib.
Bu arada Gürcüstanın NATO-ya üzvlüklə bağlı yenidən alyansda müzakirələrin aparılacağı barədə xəbər yayılıb. Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun dediyinə görə, Gürcüstanın NATO-ya üzv qəbul olunması ilə bağlı müraciət bu ay Şimali Atlantika Alyansı ölkələrinin XİN başçılarının toplantısında müzakirə ediləcək. Elə Gürcüstanda keçirilən hərbi təlimlərin “Layiqli tərəfdaş – 2016\” adı altında keçirilməsi də NATO-nun Tiflisə münasibətindən xəbər verir.
Paralel olaraq Azərbaycanın NATO ilə əlaqələrə diqqət yetirməsi də maraq doğurur. Qeyd edək ki, bir neçə gün öncə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Uyarlılıq Platforması” formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.
Ukrayna və Gürcüstandakı gərginliklərin təməlində sözsüz ki, NATO-ya üzvlük məsələsi dayanıb. Bu mənada Rusiya təhdidlərinin olması şəraitində Azərbaycanın NATO ilə əlaqələri riskli hesab olunur. Hərbi ekspert Üzeyir Cəfərov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməli və bu hərbi-siyasi təşkilatın keçirdiyi tədbirlərin ən aktiv üzvlərindən biri olmalıdır: “Doğrudur, bu gün Şimali Alyansa münasibət birmənalı olmasa da, şəxsi düşüncəmə görə, dünyada stabilliyi və təhlükəsizliyi qorumağa qadir olan yeganə güc mərkəzi məhz NATO-nu hesab etmək olar. Bu gün bu təşkilatın sıraları genişlənməkdə davam edir. Dünənə kimi xeyli problemlərlə, müharibələrlə üz-üzə qalan və sonda öz dövlət müstəqilliyini elan etmiş, təhlükəsizliyinin qarantı kimi məhz NATO-ya etibar edən Monteneqronun da bu təşkilata üzv qəbul olunması çox ciddi hadisə sayıla bilər. Məsələyə qısqanclıqla yanaşan və bunu nədənsə özünə təhdid kimi qəbul edən Rusiya və bəzi maraqlı dövlətlər nə qədər çalışsalar da, bu, artıq baş tutmuş hadisə sayılır və heç kim bu ölkənin daxili işlərinə qarışmaq səlahiyətində ola bilməz. Azərbaycan da Şimali Alyansın demək olar ki, əksər tədbirlərində fəal iştirak edir və sözsüz ki, bu yaxın ətrafımızda olan cənub və şimal qonşularımızda narahatçılıq yaradır. Lakin unutmaq lazım deyil ki, hər bir dövlət öz milli maraqlarından çıxış edərək müəyyən addımlar atır”.
Ü.Cəfərov bundan sonra da ölkəmizin NATO ilə əməkdaşlığının davam etdirilməsinin tam tərəfdarıdır və bunun bizə ancaq faydalı olacağını düşünür: “Heç nədən və heç kimdən çəkinmək lazım deyil. Elə adlarını qeyd etdiyim şimal və cənub qonşularımızın da bəzi addımları var ki, onlar Azərbaycana hardasa təhdid və hətta deyərdim ki, təhlükə də yaradır. Amma biz bu məsələlərə sakit tərzdə yanaşır və başa düşürük ki, istər Rusiya, istərsə də İran öz milli və dövlət maraqlarından çıxış edərək həm Ermənistanla, həm də digər ölkələrlə əməkdaşlıq edir, hərbi-siyasi, texniki əməkdaşlıqlarını genişləndirirlər. Olsun. Biz də bir region dövləti olaraq nəyi və necə etməli olduğumuzu özümüz qərarlaşdırmaqda sərbəstik”.
Hərbi ekspert Gürcüstanla bağlı baş verənləri təqdir etdi: “Rəsmi Tiflisin qərarları sevindiricidir və hesab edirəm ki, bu ölkə də NATO ilə yaxın perspektivdə bütün məsələləri müsbət həll edəcək və öz qarşısına qoyduğu məqsədlərə çatacaq – baxmayaraq ki, həmən Rusiya var gücü ilə gürcüstanlı dostlarımızın da yolunda süni əngəllər yaratmağa cəhdlər etdi. Bir sözlə, nə Rusiyadan, nə də digər ölkələrdən çəkinmək lazım deyil. Dünyada baş verən proseslər hər bir ölkəni hadisələrə uyğun adekvat qərarlar qəbul etməyə məcbur edir. Həm də unutmaq lazım deyil ki, artıq 21-ci əsrdə, qloballaşan və mürəkkəbləşən bir dövrdə yaşayırıq. Buna uyğun siyasət yeridib öz xalqının gələcəyini düşünən ölkələr və siyasi rəhbərlər heç vaxt uduzmurlar”.
İnterpress.az