Azərbaycan təhsilində dərslik bataqlığıbackend

Azərbaycan təhsilində dərslik bataqlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orta məktəb dərsliklərimizi nəinki uşaqlar, nəinki onların valideynləri, heç müəllimlər də əməlli-başlı oxuyub anlaya bilmirlər

Azərbaycanda V sinif dərslikləri akademik səviyyədə yazıldığından orta məktəb şagirdləri onu başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis olaraq deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır.

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, orta məktəb dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var.

5-ci sinif şagirdinə peşəkar iqtisadçının biləcəyi sualı verirlər

Paytaxt sakini Ülkər Abdullayeva Sputnik-ə açıqlamasında, bir valideyn olaraq mövcud dərsliklərdən narazılığını dilə gətirib: \”Mənim qızlarım 1-ci və 5-ci sinifdə oxuyurlar. Biz ali təhsilliyik, elmə, təhsilə yüksək qiymət veririk. Uşaqların yaxşı təhsil alması üçün mümkün olan hər şeyi edirik. Ölkədə və dünyada təhsillə bağlı yenilikləri, həmçinin dərsliklərin vəziyyətini davamlı olaraq izləyirik. Amma deməliyik ki, bizdə dərsliklər çox bərbad vəziyyətdədir. Doğrudur, Təhsil Nazirliyi, dərslikləri hazırlayan müvafiq qurumlar bildirirlər ki, onlar müasir təhsilin, kurikulum sisteminin tələblərinə cavab verən dərsliklər hazırlayırlar. Amma onların müasir tələblər deyəndə bir çox şeyi nəzərə almadıqları məlum olur\”.

Paytaxt sakini bildirib ki, əvvəla dərslikləri bizdəki kimi kor-koranə şəkildə xarici ölkələrin dərsliklərindən tərcümə etmək düzgün deyil: \”Dərsliklər hazırlanarkən hər bir millətin IQ-sü nəzərə alınmalıdır. Bizim uşaqların qavrama, reaksiya vermə, yanaşma imkanlarını amerikalı, yaxud avropalı məktəblilərlə müqayisə etmək olmaz. Bizim uşaqların böyüdülmə, tərbiyə edilmə, hətta qidalanma sistemi o ölkələrdən köklü surətdə fərqlənir. Bizim uşaqların tərbiyəsində önəm verdiyimiz şeyləri, avropalılar boş buraxırlar. Yaxud onlar uşaqlara daha çox azadlıqların verilməsinə, fərd olaraq müstəqil böyüməsinə, orijinal fikirlərinin formalaşmasına tərəfdardırlar və buna gen-bol şərait yaradırlar\”.

\”Yaxud onlar uşaqların arzularını yerinə yetirir, təşəbbüslərini dəstəkləyirlər. Yaponlar 5 yaşına qədər uşaqlara heç bir qadağa qoymurlar. Hesab edirlər ki, 5 yaşına qədər uşağa qoyulan hər hansı qadağa onun normal inkişafını əngəlləyir. Bizdə isə bu məsələlər fərqlidir. Bütün bu faktorlar Azərbaycanda nəzərə alınmalıdır\”, — valideyn bildirib.

Ü. Abdullayeva qeyd edib ki, dərsliklərdə problemləri sadalamaqla bitməz: \”Məsələn, 5-ci sinfin riyaziyyat dərsliyində şagirddən belə bir məsələni şərh etməsi istənilir ki, \”2011-ci ildə OPEK ölkələri neft hasilatını azaldacaqlar\” deyən eksperlər nəyə əsasən bu proqnozu verirdilər? Diqqət etsək, bu sual iqtisadiyyata aiddir. Ona cavab vermək üçün 5-ci sinif şagirdi iqtisadiyyatın əsaslarını, neft hasilatını, OPEK-i, iqtisadi böhran və onun səbəblərini, neft hasilatı, ona olan tələbat, ixrac və idxal şərtləri, neftin qiymətləri, neftlə bağlı qlobal prosesləri, Qərb-Rusiya münasibətlərini, Qərbin Rusiyaya təzyiq göstərmək üçün neft bazarına təsir göstərməsini və s. bilməlidir. Bu gün Azərbaycanda bütün bunları bilən və bu məlumatlar əsasında da neft hasilatının azalma ehtimalının səbəblərini şərh edən cəmi 3-5 savadlı iqtisadçı tapmaq mümkündür. Belə bir məsələni hansı ağılla 5-ci sinfin dərsliyinə daxil ediblər?! Sovet dərsliklərində neft hasilatı ilə bağlı məsələlər tarix fənninin predmeti olurdu. İndi nə baş verib ki, o gedib riyaziyyata çıxıb?\”.

Heç kimə məlum olmayan qondarma tayfalar meydana çıxarılıb

\”Riyaziyyat elmi sistemliliyi tələb edir. Onu öyrənərkən zənciri qırmaq olmaz. Amma müasir dərsliklərdə sistemlilik nəzərə alınmayıb. 5-ci sinif dərsliklərində 9-cu sinif şagirdinin dərk edəcəyi, öhdəsindən gələ biləcəyi tələblər qoyulur. Hətta bir çox hallarda müəllimlər o dərsliklərdəki misal və məsələləri həll etməkdə aciz qalırlar. Çünki, çox sayda məntiqdənkənar, həlli mümkün olmayan məsələ və misallar dərsliyə salınır. Deyirlər ki, uşaqların özləri fikirləşib bunların öhdəsindən gəlməlidirlər. Məgər Azərbaycandakı uşaqların hamısı vunderkinddir?\”, — Ü. Abdullayeva narazılığını ifadə edib.

Valideyn bildirib ki, eyni problemlər tarix dərsliklərində də var: \”Uşaqdan dərslikdə haqqında bəhs edilməyən tarixi hadisələri şərh etmək, yaxud da hansısa tarixi şəxsiyyətlə bağlı dərslikdə verilməyən məlumatları danışmaq tələb olunur. Deyirlər ki, uşaq özü axtarışda olmalıdır, dərsdən sonra internetin, digər dərslikləri köməyi ilə o barədə əlavə məlumat toplamalıdır. Tarix dərsliklərində çox sayda tarixi faktlar saxtalaşdırılıb. Daha əvvəl heç kimə məlum olmayan, heç bir tarixi mənbədə qeyd olunmayan qondarma tayfalar, əhvalatlar meydana çıxarılıb. Bəzi tarixi hadisələr mətləbə dəxli olmayan şəxsiyyətlərin adı ilə əlaqələndirilib. Nəzərə alınmayıb ki, tarix elmində siyasiləşdirməyə imkan vermək olmaz. Çünki, siyasi baxışlar uşaqların müstəqil fikirlərinin formalaşmasını əngəlləyir, onları kimlərinsə baxışlarına uyğun olaraq yönləndirir\”.

\”Ana dili və ədəbiyyat dərsliklərində son dərəcə bəsit və bayağı nağıllara, hekayələrə, şerlərə rast gəlirsən. Özü də bunların çoxu ədəbi dilin normalarından uzaq olur. Dərsliklər dərsliyi yazan adamların əyalətində, kəndində danışılan ləhcədə, orada işlənən söz və ibarələrlə yazılır. Yaxud da, dərslik müəllifləri öz qohumlarının, dost-tanışlarının, kəndçilərinin yazdıqları mənasız söz yığınını ədəbiyyat nümunələri olaraq uşaqlara sırıyırlar. 5-si sinifdə texnologiya dərsliyi var. Burada uşaqlara sovet dövründə istifadə olunan, kustar əmək alətlərinin iş prinsipləri öyrədilir. Kitabda haqqında yazılmayan alətlər, qurğular barədə yazmaq uşaqlardan tələb olunur. 5-ci sinifdə oxuyan qız uşağı niyə xarrat, dülgərlik alətlərindən istifadə qaydalarını bilməlidir? Məgər o, mebel ustası olmağa hazırlaşır? Lap tutaq ki, hazırlaşır, axı indi o dərslikdəki alətlərdən ümumiyyətlə istifadə olunmur. O alətlər xeyli modernləşdirilib, ya da istehsal texnologiyaları ümumiyyətlə dəyişib\”, — şəhər sakini vurğulayıb.

\”Dərslik yazmağı monopoliyaya çevirmək lazım deyil\”

Məsələ ilə əlaqədar müəllim, təhsil məsələləri üzrə ekspert Vəfa Vəliyeva Sputnik-ə açıqlamasında deyib ki, orta məktəb dərsliklərinin yazılmasında qlobal bir problem yoxdur: \”Bu problem kitab yazanlardadır. Misal üçün, riyaziyyat monopoliya şəklinə salınıb. Riyaziyyatı bir nəfər yazır və yaxud Azərbaycan dilini və ədəbiyyatı. Sadəcə olaraq tender keçirmək lazımdır ki, hansı kitab yaxşıdırsa, o verilsin çapa\”.

Onun sözlərinə görə, bu problem 5-ci sinif dərsliklərinin hamısına aid deyil: \”5-ci sinif riyaziyyatında belə bir problem var. 2-ci sinif riyaziyyatında da bu problem var. Tender keçirmək lazımdır, dərslik yazmağı monopoliyaya çevirmək lazım deyil. Türkiyədə, Rusiyada belə bir təcrübə var. 2-ci sinif kitabı bir neçə dənə ola bilər. Hansı yaxşıdırsa, daha çox ondan istifadə olunur. Bunu ölkəmizdə tətbiq etmək olar\”.

\”Orta məktəb dərsliklərində dilin ədəbi normalarının qorunmasında müəyyən problemlər var. Amma sırf demək olmaz ki, dilin ədəbi normaları qorunmur\”, —deyə müəllim əlavə edib.

\”Problem dərsliklərin yeni sistemə uyğun yazılmasındadır\”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Qulu Məhərrəmli Sputnik-ə açıqlamasında deyib ki, burada məsələ təkcə 5-ci sinif dərsliyində deyil: \”Ümumiyyətlə, orta məktəb dərsliklərinə xas olan bəzi qüsurlar var. Konkret olaraq bir dərsliyin üzərində dayanmağı qüsurlu hesab edirəm. Burada ümumi nöqsan ondan ibarətdir ki, dərslik şagirdlərin səviyyəsinə uyğun yazılmalıdır. Problem o dərsliklərin yeni kurikuluma, yeni sistemə uyğun yazılmasındadır. Yəni, köhnə nəsil burada ciddi nöqsanlar axtarır. Burada ümumi kriteriyalar qoyulmalıdır. Yəni, dərslikləri yazanlar üçün məzmun, onun ifadə tərzi, sistem, yeni sözlər, dil qaydaları anlaşıqlı dildə çatdırılmalıdır\”.

Azərbaycanda elmə ayrılan milyonlar necə yeyilir?

Q. Məhərrəmli bildirib ki, orta məktəb dərsliklərində dilin ədəbi normalarının qorunmasında müəyyən problemlər var: \”Bu yaxınlarda apardığımız müşahidələr nəticəsində dil normaları baxımından müəyyən nöqsanlar aşkara çıxarmışdıq. Bunlar yeni terminologiya, ifadə tərzi, şagirdlərin anlaya bilməyəcəyi sözlər ilə bağlı idi. Məsələn, tarix dərsliklərində bu cür ifadələrə çox rast gəlmişdik. Başqa dərsliklərin dilində də bu cür nöqsanlar var\”.

Onun sözlərinə görə, dərslik yazmaq çox mürəkkəb işdir: \”Bizdə dərslik müəllifləri çox tənqid olunur. Hesab edirəm, bu tənqidlərin bir xeyli hissəsi ədalətsizdir. Yəni, biz bunları anlayaraq, o kurikulumu doğru-dürüst dərk edərək o sistemdən çıxış edib dərsliklərə qiymət verməliyik\”.

Professor əlavə edib ki, uzun illərdən bəri dərsliklərin hazırlanması tender qaydası ilə həyata keçirilir: \”Bir neçə alternativ dərsliklər olur. O, verilir ekspertlərə. Ekspertlər bunu müəyyən ballarla qiymətləndirirlər. Yüksək bal toplamış dərslik qalib gəlmiş sayılır. Bu, tendersiz mümkün deyil. Sadəcə olaraq Azərbaycanda dərslik yazan müəlliflərin sayı çox deyil. Bunlar peşəkar insanlardır\”.(sputnik)

İnterpress.az