5 mütəşəkkil dəstə zərərsizləşdirilibbackend

5 mütəşəkkil dəstə zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə qeyd olunub ki, miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Ölkəmizin geostrateji mövqeyi, respublikamızdakı sabitlik, tolerantlıq, iqtisadi inkişafı Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Çıxış edənlər Dövlət Miqrasiya Xidmətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildiriblər. Bunun nümunəsi kimi istər Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində yüksək xidməti şərait yaradılmasına, mobil idarəetmə sisteminin formalaşmasına diqqət çəkilib. Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsinin əsas prioritetlərdən olduğu vurğulanıb.

Xidmətdə ictimai nəzarətə, ictimai iştirakçılığa geniş yer verildiyi və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyət göstərdiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyinin artırılması istiqamətində tədbirlər daha da genişləndirilib.

Miqrasiya Məcəlləsində əksini tapmış müddəalara əsasən respublikamızda daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılmasının əcnəbilərin cəmiyyətimizə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıdığına diqqət çəkilib.
O da vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış vətəndaşlığı olmayan, keçmiş sovet pasportu ilə yaşayan və vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməmiş şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirləri davam etdirir.

Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması üçün ardıcıl tədbirlərin davam etdirildiyi və bu tədbirlərin səmərəli nəticələri konkret faktlarla diqqətə çatdırılıb.

Miqrasiya siyasətinin ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdən olduğu, elə ona görə də hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində qanuni əsaslarla yaşamalarının zəruriliyi və qanuni əsaslarla yaşamanın ilk növbədə həmin şəxslər üçün vacib olduğu izah edilib.

Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 5 ay ərzində Azərbaycan ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib.
Tədbirdə o da diqqətə çatdırılıb ki, 10 gündən artıq ölkəmizdə qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər.

Görüşün sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Daha sonra Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisində yaşayan 46 şəxsə səyyar xidmət göstərilib. 4 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 12 nəfərə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunmasına dair arayış verilib. 9 şəxsə daimi yaşama icazəsinin verilməsi və şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunmasına dair müraciət etmələri üçün tələb olunan sənədlərin siyahısı təqdim edilib. 21 əcnəbi və vətəndaşlığı olmayan şəxsin vətəndaşlıq məsələsi ilə bağlı müraciətləri dinlənilib və onların hansı prosedurları, necə həyata keçirmələri ilə bağlı izahedici söhbət aparılıb. (azadinform.az)

İnterpress.az