Üzərində şərti cəza olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ötən həftə ölkədən çıxışına icazə verilməyib. Bu ilin martında azadlığa çıxdıqdan sonra iyunda Strasburqdakı beynəlxalq tədbirdə iştirakına icazə verilən hüquq müdafiəçisi ilə bağlı son qərar müzakirələrə səbəb olub. İ.Əliyevlə bu və ya ölkədə gedən digər proseslərlə bağlı söhbət etdik.
Hüquq Maarifçiliyi Cəmiyyətinin fəaliyyəti necə olacaq?
– Təşkilatın ofisinin qapısında hələ də prokurorluğun möhürü durur, bizi ora buraxmırlar. Həm təşkilatın, həm də özümün hesablarım bağlıdır. Həm təşkilatın həm də özümün sənədlərimizin böyük bir hissəsi prokurorluğun binasında və qapısı bağlı ofisdə qalır. Bu cür durum təkcə təşkilatım və mənimlə bağlı deyil. Azərbaycan Hüquqçular Assosiasiyası (Ənnağı Hacıbəyli), Demokratiyanın Tədrisi və İnsan Hüquqları Mərkəzi (Əsabəli Mustafayev), Seçkilərin Tədrisi və Demokratiyanın Tədrisi Mərkəzi (Anar Məmmədli), İnsan Hüquqları Klubu (Rəsul Cəfərov) və digər təşkilatlar və QHT liderləri də eyni durumdadırlar. Əsabəli bəy Avropa Məhkəməsində udduğu işlər üzrə hesabına daxil olan qonorarlarını ala bilmir, çünki prokurorluq onları “çirkli pullar” siyahısına daxil edərək hesabına həbs qoyub. Ölkədə insan hüquqları, korrupsiya, seçkilərin monitorinqi və hökumətin qara dəftərinə salınmış digər sahələrdə QHT-lərin fəaliyyəti faktiki olaraq yasaq olunub.
– “Bir pəncərə” sisteminin QHT-lərin fəaliyyətinə təsiri necə olacaq?
– Qəribə budur ki, fərman qrantların qeydiyyatının “bir pəncərə” sisteminin yaradılması ilə bağlıdır, amma məzmununda “bir pəncərə” yox, “üç pəncərə”dən söhbət gedir. Fərmana görə, qrantlar üç nazirlikdə qeydiyyatdan keçirilməlidir: İqtisadiyyat Nazirliyi kommersiya qurumlarının, Ədliyyə Nazirliyi QHT-lərin və ictimai birliklərin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təmayüllü qurumların qeydiyyatını aparacaq. Bu fərmanın vətəndaş cəmiyyəti, xüsusilə onun müstəqil hissəsinin fəaliyyətində əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracağı barədə illüziyalarım yoxdur.
Son illər qanunvericilik o qədər sərtləşdirilib ki, ora mühafizəkar xarakterli o qədər normalar salınıb ki, qanunvericiliyi olduğu kimi saxlamaqla, fərmanlarla vəziyyəti dəyişdirmək mümkünsüzdür. Məsələn, qanunvericilikdə xarici donorların və QHT-lərə xarici mənbədən gələn xidməti müqavilələrin qeydiyyatı, qrantların əsaslandırılması və onların Maliyyə Nazirliyi ilə razılaşdırılması tələbləri qüvvəsində qalır. Xarici donorlar hər hansı ölkədə hökumətin istədiyi yox, daha çox prioritet saydıqları sahələrdə iş görmək istəyirlər. Özünə hörmət edən donorlar, hökumətin nazı ilə oynamaq, onun dövlət qurumlarının qapısında boynunu büküb durmaq kimi təhqiramiz duruma düşməyə çətin razı olarlar, ona görə pullarını qapıları açıq olan və içəri girmək daha rahat ölkələrə yönəldəcəklər. Qrantların qeydiyyatı səlahiyyətini müstəqil vətəndaş cəmiyyəti institutlarına qarşı az qala düşmən mövqedə olan Ədliyyə Nazirliyində saxlamaqla pozitiv dəyişikliklər ehtimalı sıfıra enir.
– Məlum həbslərdən sonra QHT sistemi ən passiv dövrünü yaşayır, bu durğunluqdan çıxmağın yollarını arayırsınız?
“Həmin durum siyasi məhbusların xeyli hissəsinin ilin sonuna qədər azadlığa çıxmasına səbəb olacaq”
– Gördüyümüz işlərin məqsədi də elə budur. Özü də təkcə QHT-lərin yox, həm də digər vətəndaş cəmiyyəti qurumlarının, siyasi partiyaların, medianın, vəkilliyin və s. bir-biriləri ilə bağlı institutlardır. Bunlar olmadığı halda, ayrılıqda müstəqil və güclü QHT sektorunun mövcudluğu mümkün deyil. Elə bu fəaliyyətimizə görə mənə və QHT, media, siyasi hərəkatlardan olan dostlarımız çoxsaylı qadağalarla qarşı-qarşıya qoyulub. Ofislərimiz bağlı, tədbirlərimizə imkan verilmir, xaricə çıxışımıza qadağa qoyulub və s.
– Həbs edilərkən Avropada işləriniz qaldı, onların taleyi necə oldu?
– Həbsdə olduğum dövrdə də dostlarımın köməyi ilə o işləri davam etdirirdim. Azadlığa çıxmışam və çıxdığım gündən də həmin işləri davam etdirirəm. Avropa Məhkəməsi 2005, 2010-cu illərin parlament seçkiləri ilə bağlı 30-dan çox qərar verib, çoxlu sayda qərarlar da gözlənilir. İndi çalışmalıyıq ki, bu qərarlar elə qərar səviyyəsində qalmasın, hökumət həmin qərarların icrasına nəzarətlə, qurumlar da kompensasiyaların ödənilməsi ilə işlərini bitmiş saymasınlar, həmin qərarlar ölkənin seçki, siyasi, hüquq sistemində dəyişikliklərə gətirib çıxarsın. Hökumət bu istiqamətdə heç bir iş görmək istəmir. Eynilə media, birləşmək, toplaşmaq, işgəncələr və digər şikayətlər üzrə qərarlarla bağlı. Təəssüf ki, həbsimizdən sonra bu sahədə də bir durğunluq yaranmışdı. İndi bu işi də bərpa etməyə çalışırıq.
– Sizinlə eyni cəzaları olan bəzi şəxslər var ki, onların Avropaya çıxışlarına icazə verildi, amma sizin yox. Geri qayıtmamaq ehtimalına görə belə qərar, sizcə, alınardımı?
– Əgər bilsələr ki, geri qayıtmayacağam, yəqin buraxardılar (gülür). Mənim bu ölkədən heç yerə getmək fikrim yoxdur. Qayıtmaq istəməsəydim, həbsim barədə fərman verildiyini biləndə xaricdə idim, heç qayıtmazdım. Azadlığa çıxandan sonra on günlüyə Avropa Şurasının tədbirində iştirakımla bağlı icazə də yəqin sınaq xarakterli idi: görək, özünü necə aparır. Gözləntilərini doğrultmadım, görünür, ona görə də bu dəfə rədd cavabı aldım. Yeri gəlmişkən, bu durumda təkcə mən deyiləm, çox sayda dostlarımın çıxışına qadağa var. Onların çoxunun heç “şərtisi” də yoxdur. Sadəcə, buraxmırlar, vəssalam…
– Bu gedişat siyasi çevrənin, xüsusilə vətəndaş cəmiyyətinin gələcəyinə nə vəd edir?
– Əslində siyasi proseslərdə elə ciddi bir dəyişiklik baş verməyib. Tutatut, qovhaqov onda da var idi, indi də. Həbsimə qədər də seçkilər saxtalaşdırılırdı, mən çıxandan sonra da saxta referendum keçirildi. Onda da gənc fəalların, dindarların cibinə nəşə qoyub tuturdular, indi də. Məhkəmələr ona qədər də sifarişli qərarlar çıxarırdı, indi də. Onda da müxalifətin mitinqlərini “Məhsul”a salırdılar, indi də davam edir. Onda da Azərbaycanla bağlı tənqidi bəyanat, qətnamə çıxaran təşkilatlara ermənipərəst damğası vururdular, indi də eyni şeyləri Avropa Birliyi, bəzi Qərb hökumətləri, “Human Rights House”, “Freedom House”, “Amnesty İnternatioanal” və digər beynəlxalq təşkilatlar barədə işlədirlər. Amma dəyişikliklər də var: neft əvvəlki kimi bazarda getmir daha, manat ölə-ölə gedir, qara camaat daha təkidlə çörək istəyir. Vətəndaş cəmiyyətinin gələcəyi xoşagələn heç nə vəd etmir. Eynilə hakimiyyətin gələcəyi də…
– Siyasi məhbuslarla bağlı 94 nəfərlik siyahı hüquq müdafiəçilərini iki hissəyə ayırdı. Bir qisim bu siyahını doğru saymır. Siz necə düşünürsünüz?
– Məncə, bəzən heç bir əsas olmadığı halda, məsələni dramatikləşdiririk. Siyahıları elan etməklə həm də müzakirələr açırıq. Bu başdan deyim, müzakirələrdə faydalı fikirlər də az deyil və İşçi Qrupu onların hər birini ciddi araşdıracaq. Onu da vurğulayım ki, bu, çox ağır bir işdir, siyahı üzərində işləyərkən bəzi kateqoriya işlərlə bağlı çox gərgin müzakirələr olurdu. Bəzən hər hansı şəxslə bağlı qərar vermək daha rahat olur. Əksər hallarda istintaq sənədləri, məhkəmə qərarları, məhkəmə proseslərinin monitorinqləri, vəkillərin verdiyi məlumatlar, yerli və beynəlxalq mediada gedən yazılar, yerli və beynəlxalq hüquq, Avropa Şurasındakı müzakirələr – bu və digər çox sayda məlumatlar və sənədlər araşdırıldıqdan sonra qərarlar verilib və bundan sonra da bu cür davam edəcəyik. Peşəkar yanaşma bunu tələb edir. Hakimiyyət ölkədə ümumiyyətlə siyasi məhbusların olmadığını iddia edir, bu anlamda bu cür siyahıları və onları hazırlayanları gözdən salmaq, onları bir-birinə qarşı qoymaq üçün hər vasitələrə əl atır. Vətəndaş cəmiyyəti bu provokasiyalara getməməlidir, müzakirələr saya bağlananda ziyanlı olur. Əsas məqsəd, hədəf arxa plana keçir.
Bir siyahı olsaydı, daha yaxşı olardı, amma olmamasını da az qala faciə kimi təqdim etmək də yanlış yanaşmadır. Digər tərəfdən, azı 94 nəfərlə bağlı hər iki siyahını hazırlayanlar arasında fikir ayrılığı yoxdur və bu hissədə əməkdaşlığımıza mane ola biləcək maneə görmürəm. Biz siyahını elan edəndə də bildirmişik: ölkədə siyasi məhbusların sayı istər bu, istərsə də, digər siyahıda göstərilənlərdən qat-qat çoxdur. Təəssüf ki, ölkədə yaradılan repressiv mühit bəzilərini adlarının siyahıya salınmasından çəkindirir, çox adamın vəkilə çıxışı yoxdur deyə, heç normal şikayətləri də verilmir. Bir çoxlarını biz də siyasi məhbus sayırıq, amma sənədlərə, araşdırmalara ehtiyac var. Qəbul etməliyik ki, bu siyahılar təkcə ölkə daxili üçün nəzərdə tutulmur. Həmin adamları bizim siyasi məhbus saymağımız işin bir tərəfidir, onların azadlığa çıxmaları üçün dəstək vermək, qərarlar vermək imkanı, səlahiyyəti olan beynəlxalq qurumlar da siyahını ciddiyə almalıdırlar. Ona görə, biz buna çox ciddi önəm veririk. Xüsusilə həssas işlərdə Avropa Şurasının, digər beynəlxalq təşkilatların tribunalarında çıxışlarda “bunlar ekstremistləri də siyahıya salıblar”, “filankəs azadlıqdadır, onu da siyahıya salıblar”, “beşmənkəs özünü siyasi məhbus saymır, cinayətini də etiraf edib, onu da siyahıya salıblar”, “başqa birisinin adını iki dəfə siyahıya salıblar ki, say çox görünsün” kimi ittihamları eşitməmək, ümumilikdə siyahının mötəbərliyini şübhə altına alınmaması üçün ehtiyatlı davranmaq gərək. Bir qədər gec olsun, amma məlumatlar dəqiq olsun, qərarlar faktlarla, sənədlərlə təsdiqlənsin – yanaşmamız belədir.
Bir də ki, siyahı məqsəd deyil, vasitədir. Özü də çox sayda vasitələrdən biri. Elə adamlar var ki, adları heç bir siyahıya salınmasa belə, həm ölkə daxilində, həm də kənarda siyasi olmaları heç kəsdə şübhə doğurmayacaq, onların daha qısa müddətdə azadlığa çıxma şansları daha çoxdur, elə adamlar da var ki, adları çox siyahıya salına bilər, amma illərlə həbsxanada yata bilərlər (məsələn, dindarlar, Əli İnsanov, ömürlüklər və s.)
– Hazırda Azərbaycan-Qərb münasibətləri müsbət yöndədir. Bu, demokratik cəmiyyətin inkişafına və siyasi məhbusların azad olunmasına müsbət rəvac verəcəkmi?
– Müsbət yöndə deyəndə baxır nə nəzərdə tutulur. Bizim hakimiyyət Qərblə müsbət yöndə istənilən məsələdə danışıqlara, əməkdaşlığa, dostluğa, hətta qardaşlığa hazırdır, amma bəzi kiçik şərtlərlə, istisnalarla. Avropa Oyunlarında əməkdaşlıq, bəli. Formula 1, buyurun. Şahmat Olimpiadası, nə deyirsiniz edək. Qaz boruları, hara deyirsiniz, əl-ələ verib çəkək. Neft lazımdır, ən aşağı qiymətə nə qədər istəyirsiniz götürün. Bircə bu demokratiya, insan hüquqları, referendum, siyasi məhbus problemlərini qaldırmayın. Amma durum səni hətta düşmən saydığın və ya millətə bu cür təqdim etdiyin qurumlarla da münasibətlərinə “müsbət yöndə təsir edə bilər”. Əminəm ki, elə həmin durum siyasi məhbusların xeyli hissəsinin ilin sonuna qədər azadlığa çıxmasına səbəb olacaq. Kaş, bunun içində xoş niyyət də olaydı, anlayaydılar ki, insanların siyasi motivlə həbsi çox biabırçı bir şeydir.
– Bu ilin əvvəlindən Azərbaycanda siyasi məhbusların azad olunması üçün kifayət qədər ciddi addımlar atılır. Bu sizi qane edirmi?
– İlin əvvəlində bir qrup siyasi məhbus azadlığa buraxıldı. Amma bunu ciddi addım, xoş niyyətdən (ifadə azadlığının, siyasi plüralizmin, hökuməti tənqidin vacibliyi) qaynaqlanan addım kimi qəbul etmək, bilmirəm, nə dərəcədə doğru olardı. Həbsxanalarda çox sayda siyasi məhbuslarımız qalmaqdadır. O da nəzərə alınmalıdır ki, son bir neçə ayda azad olunan siyasi məhbuslardan qat-qat artığı siyasi motivlərlə həbsə atılıb. Digər tərəfdən, siyasi məhbusların azad olunması işin bir tərəfidir. Siyasi plüralizm, media azadlığı, vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün şəraitin olmaması, məhkəmələrin, hüquq-mühafizə orqanlarının fərqli düşüncəni əzmək üçün bir vasitə kimi qalması, hakimiyyətin bir əldə cəmləşməsi və s. bütün bunlar qaldıqca siyasi məhbus problemi də qalacaq. Ona görə, biz dostlarımızın həbsdən çıxmaları üçün çalışmalıyıq, özü də çox çalışmalıyıq, amma bunun sistemdən qaynaqlanan problem olduğunu da unutmamalıyıq. ( musavat.com )
İnterpress.az