Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim etməyən partiyaların sayı məlum olub. İnterpress.az-ın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov “Yeni Müsavat”a açıqlamasında deyib ki, aprelin 1-dək dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 27-si maliyyə hesabatı təqdim etməyib. O bildirib ki, siyasi partiyalarla bağlı məsələ araşdırılır.
Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Bəs partiyaların maliyyə hesabatı təqdim etməməsinə MSK-nın münasibəti necədir, hesabat təqdim etməyənlərə hansısa cəzalar tətbiq ediləcək?
MSK sədrinin müavini Natiq Məmmədov bildirdi ki, əslində partiyaların hesabatlılığında müsbət tendensiya, irəliləyiş diqqəti cəlb edir. Ona görə də demək olmaz ki, partiyalar maliyyə hesabatı verməkdən imtina edirlər: “Düzdür, aprelin 1-nə qədər vaxt verilmişdi. Amma nəzərə alırıq ki, aprelin 1-dən öncə 10 günə yaxın müddətdə bayramla əlaqədar iş günü olmayıb. Yəqin ki, bayram tətili də hesabatların təqdim edilməsində öz təsirini göstərib. Ona görə də partiyalardan sənədlər daxil olmaqdadır.
O ki qaldı maliyyə hesabatını təqdim etməyənlərlə bağlı tədbirlərə, bizim əsas məqsədimiz mümkün qədər qarşılıqlı əməkdaşlıq şəraitində qanunvericiliyin bu tələbinin siyasi partiyalara aşılanmasında əlimizdən gələni etməkdir. Söz yox ki, sanksiyalar da qanunvericilikdə nəzərdə tutulub, amma indiyə qədər apardığımız fəaliyyətin doğruluğu özünü göstərir. Çünki artıq partiyaların həm hesabata münasibətləri, həm də hesabatın keyfiyyətinə münasibətləri kifayət qədər yaxşılaşıb.
Ümid edirəm ki, görüləcək tədbirləri siz də digər KİV kimi biləcəksiniz\”.
Qeyd edək ki, artıq siyasi partiyalar üç ildir maliyyə hesabatını MSK-ya təqdim edirlər. Əvvəlki illərdə partiyaların bəziləri maliyyə hesabatını təqdim etməsələr də, MSK indiyədək Ədliyyə Nazirliyinə müraciət etməyib. MSK-nın bu dəfə necə davranacağı isə sədr müavininin bizə dediklərindən də belə görünür ki, hələ məlum deyil.
YAP-çı deputat Siyavuş Novruzov isə bir müddət əvvəl Milli Məclisdə çıxışında “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməsi təklifini vermişdi. O təklifini belə əsaslandırmışdı ki, siyasi partiyaların MSK-ya hesabat verməsini nəzərdə tutan qanun qəbul edilsə də buna əməl olunmur. Ona görə də əgər kimsə öz gəlirləri barədə hesabat vermirsə, onunla bağlı tədbir görülməlidir: “Baxmayaraq ki, bir sıra partiyaların kifayət qədər cangüdənləri, avtomobilləri var, təbii ki, bunlar hava ilə dolanmırlar. ”Siyasi partiyalar haqqında\” Qanuna dəyişiklik edildi ki, siyasi partiyalar maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etsinlər. Lakin bir sıra siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Həmin partiyaların kifayət qədər cangüdənləri, işçiləri var, ancaq hesabat vermirlər. Qanunvericilikdə elə normalar tətbiq etməliyik ki, bunun qarşısını alaq\”.
Ölkədə dövlət qeydiyyatından keçən 55 partiyadan 11-i parlamentdə təmsil olunur və dövlət büdcəsindən maliyyələşir. Qalanlarının təxminən 15-ə yaxınının müəyyən fəaliyyəti hiss olunur. Təxminən yarısının isə heç bir fəaliyyəti yoxdur. Siyasi partiyaların əksəriyyəti maliyyə durumlarının acınacaqlı olduğundan şikayətlənirlər. Qanunda isə iki il fəaliyyəti olmayan partiyanın qeydiyyatının ləğvi tələbi də əksini tapır.
İnterpress.az