Sünnət toylarının keçirilməsi doğrudurmu?backend

Sünnət toylarının keçirilməsi doğrudurmu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial problemlərin artdığı bir vaxtda hələ də restoranlarda, şadlıq evlərində dəbdəbəli sünnət toyları keçirilir. Dini adət-ənənə olan sünnət üçün keçirilən məclislərə bəzən 400-500 nəfərdən çox qonaq dəvət olunur. Ay ərzində bir neçə toya dəvət olunan insanlar sünnət toylarına da çağırılanda həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətə düşürlər. 2014-cü ildə sünnət toylarının, ad günü, nişan mərasimlərinin yasaqlandığı barədə məlumatlar yayılsa da görünən budur ki, cəmiyyət bu “adət-ənənəsindən” qopa bilmir. Mətbuatda tez-tez hansısa sənətçinin təmtəraqlı şəkildə övladlarına sünnət toyu keçirdiyi haqda məlumatların da şahidi oluruq.
Bəs görəsən, dində sünnət üçün bayram keçirilməsi, sosial problemlərin tüğyan etdiyi bir vaxtda israfçılığa yol açmaq nə dərəcədə doğrudur?

Dini ekspert Kənan Rövşənoğlunun sözlərinə görə, sünnət deyilən ənənə peyğəmbər tövsiyəsi olduğu üçün sünnət adlanır. Onun toy ilə keçirilməsi də ənənədir, mütləq toy edilməsi göstərişi yoxdur:

“Dinin hər məsələdə qanun qoyması kimi bir qayda yoxdur, din ümumi qaydalar müəyyən edib, ölçülər müəyyən edib, konkret göstəriş olmayan yerdə bu ümumi qaydalara riayət etmək kifayət edir. İsraf ümumi göstərişdir, buna hər işdə riayət edilməsi lazımdır. Toy edən insan da bu qaydalara uyğun edə bilər, necə ki edir. Etməyənlər də, ümumiyyətlə, dini göstərişlərə əməl etmir, o cümlədən də sünnət toylarında”.

Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə bu cür şərh bildirdi: “Nə dərəcədə doğrudur deyəndə, burda doğru olan heç nə yoxdur. Ümumiyyətlə, bu, çox səhv bir addımdır. Dəfələrlə mətbuatda bildirilib ki, illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablar biz öyrədir ki, cəmiyyətdə meşşanlığın artması, təmtərağın artması çox mənfi haldır və cəmiyyətdə dağıdıcı xarakter daşıyır. Yəni bu sözlər indiki səslənən fikirlər deyil, min illik insanlıq təcrübəsidir. Bu, acınacaqlı, eybəcər bir haldır və bunun qarşısının alınması yönündə çalışmaq lazımdır. Təəssüf ki, Azərbaycanda bir çox problemlərin inzibati yolla həll edilməsi zəruriyyəti var. Məsələn, Naxçıvanda dəbdəbəli sünnət toyları keçirilmir. Bununla bağlı Naxçıvan MR-in rəhbəri belə hallara qarşı sərt mövqe nümayiş etdirib və inzibati qərarlar həyata keçirilir. Eşidə bilməzsiz ki, bu bölgədə sünnət toyları keçirilsin.

Lakin bütün problemlərin sərt şəkildə həll edilməsi də doğru deyil. Bunun üçün həm də maarifləndirmə işləri aparılmalıdır. Bu məsələdə medianın da öhdəliyi var. Medianın borcudur ki, təbliğ etsin mədəni inkişaf etmiş ölkələrdə bu necə aparılır, bunun neqativ tərəfləri hansılardır və sairə. Qeyd olunmalıdır ki, bu cür meşşan nümayişlər çox olduqca, cəmiyyətdə hər birimiz mənəvi zərbələr alırıq. Buna görə eybəcər hal kimi bu haqda müzakirələr aparılmalıdır. Təsəvvür edin ki, müəllim və ya həkimin maaşı orta hesabla 200-300 manatdırsa və o da ayda 4-5 toya və sünnət toylarına çağırılırsa, bu insanlar toya getmək üçün nə etməlidir? Gedib kriminal ya digər cəmiyyətə gərginlik gətirən işlərlə məşğul olub pul qazanmaq məcburiyyətində qalsın? Buna görə də bu məsələ həyəcan siqnalı ilə kəskin tənqid olunmalıdır, nəinki “doğru, ya doğru deyil” deyə müzakirə edilməlidir\”. (musavat)

İnterpress.az