Ərə gedə bilməyən qız keçmiş sevgilisini məhkəməyə verib. Bu hadisə hansısa xarici ölkədə yox, Azərbaycanda baş verib. Belə ki, 30 yaşlı xanım iddia edir ki, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra onunla evlənməyib. Xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Çünki sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir. 30 yaşlı V.Ə iddia edir ki, keçmiş sevgilisi onu 5 il ərzində sevdiyini deyib, ailə quracaqlarına inandırıb, son vaxtlar isə sözündən geri çəkilib. O deyir ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş…
Bir müddət əvvəl isə Bakıda daha bir qəribə məişət hadisəsi baş vermişdi. Belə ki, toy sahibi onun dəvətini sayıb toya gəlməyən 50-ə yaxın tanışını məhkəməyə vermək istəyirdi…
Biz bu cür gülünc hadisələrin adətən xarici ölkələrdə baş verdiyini eşidirdik. Artıq Azərbaycanda da bu tendensiya müşahidə olunmaqdadır. Bir çox ölkələrdə bu cür hadisə ilə rastlaşılan zaman məhkəməyə verib təzminat belə almaq mümkündür. Məsələn, qonşu Türkiyədə qadın ona xəyanət edən ərinə və sevgilisinə təzminat davası aça bilər. Eyni zamanda hansısa qız və ya oğlan onun duyğuları ilə oynamış, aldatmış qarşı tərəfi məhkəməyə vermək hüququna malikdir.
Azərbaycanda isə belə bir qayda, ənənə, hüquqi təcrübə mövcud deyil. Maraqlıdır, xarici ölkələrdə eşitməyə öyrəşdiyimiz bu cür hadisələrin Azərbaycanda da baş vermə səbəbi nədir? Azərbaycanda ailə mentaliteti, ailə mədəniyyəti, dəyəri getdikcə itirmi? Ümumiyyətlə, ailə mədəniyyəti gənclərə necə aşılanmalıdır, ailədə yoxsa məktəbdən başlanmalıdır?
Sosioloq Əhməd Qəşəmoğlu ailələrin övladlarını, xüsusən də oğlan uşaqlarını həyata düzgün hazırlamadığını dedi: “Toya gəlməyənləri məhkəməyə vermək bir az gülməlidir. Çünki bu, şəxsi bir məsələdir. Məhkəməyə o vaxt verərlər ki, bununla bağlı qanunvericilik bazası olsun. Amma qızın dediyində başqa nüanslar var. Azərbaycanda biz hələ nə oğlanlarımızı, nə qızlarımızı düzgün həyata hazırlamırıq. Onların ailə barədə təsəvvürlərinin yaranması üçün də ailə daxilində bununla bağlı hansısa iş getmir. İndi klassik olaraq müsəlman ölkələrində uşaqlar necə böyüyür, ailə qururlarsa, elə də davam edir. Azərbaycanda bununla bağlı xüsusi olaraq vaxt ayırmağa, gəncləri hazırlamağa diqqət yetirilmirdi. Azərbaycanda ən xoşagəlməz hal odur ki, biz xüsusilə oğlan uşaqlarımızı düzgün tərbiyə etmirik. Əksər ailələrdə evdə oğlan uşağı 2-3 yaşında olanda sanki sevinirlər və öyrədirlər ki, qızlara bu sözü de, öp dişlə və sairə. Biz ümumən oğlanlarımızı elə tərbiyə edirik ki, onlar yeniyetmə, gənclik yaşına çatanda elə bilirlər nə qədər çox qızla sərgüzəştləri olsa, bir o qədər qəhrəmanlıq etmiş olurlar. Əksinə, çox az -az oğlan olur ki, bunun məsuliyyətini dərinliyi ilə başa düşür ki, kiminsə həyatını korlaya, bədbəxt edə bilərlər. Bəzən görürük ki, bir oğlan eyni vaxtda 4-5 qızla görüşür, aldadır. Sonra da bu hərəkəti ilə dostlarının yanında qürrələnir ki, mən belə dırnaqarası qəhrəmanlıq edirəm. Bizim mədəniyyətimiz, oğlan uşaqlarını tərbiyə etmə sistemimiz düzgün olsaydı, hər kəs bilərdi ki, bu nə dərəcədə iyrənc bir işdir. Bax, bu sahədə bizim çoxlu problemlərimiz var. Ona görə də bizim dayanıqlı, oturuşmuş ailə modelimiz, ailə ilə bağlı ənənələrimiz yoxdur. Üstəlik, indiki qloballaşma dövründə də müxtəlif təsirlərə məruz qalmışıq. Burada qeyri-adi səviyyədə xaos yaranıb. Böyük ehtiyac var ki, bizim ailə modelləri barədə, ailə qurmaq haqda bizim müzakirələrimiz olsun. Gənclərin bu sahədə maarifləndirilməsi ilə bağlı sahə boşluqdur. Bu sahədə işlər getmədiyi üçün bu cür fəsadlar olur. Bu sahədə konkret olaraq ortaya qoyduğumuz dünya görüşümüz yoxdur. Buna görə də bəlkə də günbəgün heyrət doğuran variantlar ortaya çıxacaq. Bu həmin uyğun komitənin işidir ki, bununla bağlı təkliflər hazırlasın”. (musavat)
İnterpress.az