Rəsulzadə və Elçibəyin adı ilə yanaşı Kərimlinin də adını çəkdiyimə görə, oxuculardan üzr istəyirəm.
İlk öncə, onu deyək ki, radikal müxalifət sonuncu mitinqlə iç üzünü daha açıq, daha aydın göstərə bildi. Əli Kərimli aşiqləri mitinqdən öncə rəhbərlərinin tapşırığı ilə sosial şəbəkələrdə xalqı təhqir etməyə başladılar. Əslində, bu, onların əsl üzləridir. Bu cür addım atmaqla Azərbaycan xalqına olan münasibətlərini ifadə etməyə çalışırlar. Radikal müxalifətin rəhbərliyindən tutmuş trollarına qədər hansı yuvanın quşu olduqlarını özləri də bilmədən birüzə verir.
Təhqir, şər və böhtan onların siyasi simvollarına çevrilib. Çünki, dillərindən başqa bir iş də gəlmir. (Kim bilir, bəlkə də, gəlir, xəbərimiz yoxdur).
Maraqlısı odur ki, Ə.Kərimli mitinqə topladığı qohum-əqrəbası ilə ölkədə inqilab etməyi düşünür. Nəzərə alsaq ki, mitinq iştirakçılarının sayı 700-800 nəfər idi, onlar heç \”Məhsul\” stadionunun özündə belə inqilab edə bilməzlər. Ümumiyyətlə, hökumətdən xahiş etmək lazımdır ki, bundan sonra Əli “müəllimin” mitinqlərinə balaca yerlər ayrılsın. \”Məhsul\” çox böyükdür və Əli “müəllim” tribunada nağıl danışarkən stadiondakı boş yerləri görüb xəyal qırıqlığına uğrayır.
Yaddan çıxmamış onu da deyək ki, müxalifətin radikal qanadı bu dəfə də fotosessiyaya geniş yer ayırıb. Əslində, onların mitinq keçirməsinin elə başlıca səbəbi siyasi biznes fəaliyyətlərinin inkişafına nail olmaqdır. Söhbət Əli Kərimli kimilərin rolu ilə lüğətimizə daxil olan \”mühacir biznesi\”ndən gedir. Mitinq fotoları Kərimli aşiqlərinin xarici ölkələrə mühacir səfərlərində \”viza\” rolunu oynayır. Onlar bu \”viza\”lar vasitəsilə – güya, mitinqlərdə iştirak etdiklərinə görə ölkədə sıxışdırıldıqlarını, təzyiqlərə məruz qalırdıqlarını deyib rahat şəkildə sığınacaq ala bilir.
Eyni zamanda, Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin plakatları altında min hoqqadan çıxan Əli Kərimlinin mövcud siyasi iftiraları, ən azından, Azərbaycan dövlətçiliyi uğrunda canından keçmiş bu şəxslərin ruhlarına təhqir hesab olunur. (Bu cümlədə Rəsulzadə və Elçibəyin adı ilə yanaşı Kərimlinin də adını çəkdiyimə görə, oxuculardan üzr istəyirəm).
Rəsulzadə və Elçibəyin adından istifadə edərək Azərbaycan xalqını hiyləgərcəsinə aldatmağa cəhd göstərən radikal müxalifətçilər utanmazcasına getdikləri yolun Rəsulzadə və Elçibəy yolunun davamı olduğunu iddia edirlər.
Aksioma ondadır ki, Kərimli bunu xaricdən qrant ala-ala, yadelli düşmənlərdən dəstək ala-ala iddia edir. İndi, radikal müxalifətin getdiyi yolun hansı yol olduğunu bildinizmi?
Bunlardan əlavə, özlərini müxalifətçi adlandıran bu radikalların mitinqində dindarların da iştirak etməsi məndə bir fikir yaratdı. Bir ateistin ətrafına toplaşmaq nə dərəcədə müsəlmanlığa yaxındır? Əli Kərimli və onun silahdaşlarının əksəriyyətinin ateist olması danılmaz faktdır. \”Nida\”nın demək olar ki, bütün üzvləri dinsiz və xüsusilə, islamofobdur. Məncə, Əli Kərimli öz oğlunun xaricdəki eyş-işrət məclisləri haqqında dindar tərəfdaşlarına birazca hesabat versin.
Eyni zamanda, müxalifətin radikal qanadının xaricdəki lələkləri olan Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və başqalarının da hakimiyyətlə mübarizəsini gördükdə, adamın onlara qarşı nifrəti daha da artır. Əvvəla, müxalifət nümayəndəsi olmaq heç də ayıb deyil. O, hər kəsin siyasi əqidəsinin təyinatıdır. Vətəndaş istəyərsə, iqtidarı dəstəkləyər, istəməzsə müxalifəti. Amma müxalifətçi olanda da gərək kişi kimi olasan. Hər ağızın açılışında söyüşün, təhqirin, şərin, böhtanın xaric olması insanın kimliyindən irəli gəlir. \”Qəlb nə qədər gözəl olarsa, dildən dürr tökülər\” demişlər.
Xaricdə oturub hansısa düşmən qüvvələr tərəfindən maliyyələşən radikal müxalifət nümayəndələri bütün günü Azərbaycan və dövlətçiliyimiz əleyhinə çıxışlar etməklə, videomüraciətlər yaymaqla məşğuldurlar. Görünür ki, Orduxan kimilərin havadarları ermənilərdir. Çünki, Orduxan və Vidadi kimilər Azərbaycan əleyhinə sərf etdikləri enerjini yaşadıqları xarici ölkədə \”Xocalı soyqırımı\”nın tanıdılması istiqamətində sərf etsəydilər, Azərbaycan xalqına bağlı olduqlarını göstərərdilər.
İnterpress.az