Vuçiç Belqradda parlament qarşısında tərəfdarına edilən silahlı hücumu terror aktı adlandırıb.
İnterpress.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda parlament binasının qarşısında onun tərəfdarına qarşı baş verən silahlı hücumu sərt şəkildə pisləyib.
O, hadisəni “terror aktı” adlandıraraq bunun ölkədə siyasi stabilliyə və ictimai təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayıb.
Hadisə zamanı 70 yaşlı bir şəxs 57 yaşlı tərəfdarı budundan yaralayıb və parlament qarşısında qurulmuş Vuçiç tərəfdarlarının çadırlarından birini yandırıb.
Polis hücum edən şəxsi dərhal saxlayıb, ərazi mühasirəyə alınıb, yanğınsöndürmə və araşdırma işləri davam etdirilir.
Vuçiç ölkə vətəndaşlarını sakit olmağa və hüquq-mühafizə orqanlarının işinə müdaxilə etməməyə çağırıb.
Prezidentin sözlərinə görə, bu hadisə siyasi zorakılığın artması və ekstremist davranışların cəmiyyətdə yol tapmasının göstəricisidir.
Rəsmi qurumlar insidentlə bağlı təhqiqat aparır və hücumçunun motivləri dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






