Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun və Azərbaycanın Ankaradakı səfirliyinin birgə təşkilatçılığı ilə mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr edilmiş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan-Türkiyə münasibətləri mövzusuna həsr olunan məqalə müsabiqəsində Türkiyədə təhsil alan tələbələr iştirak ediblər.
Ölkəmizin Türkiyədəki səfirliyində baş tutan mərasimdə səfir Xəzər İbrahim, Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov və Fondun sədri, Türkiyə Prezidenti yanında təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, professor Aygün Attar çıxış ediblər. Natiqlər bildirib ki, müsabiqənin mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunması təsadüfi deyil. Çünki onun diplomatik fəaliyyətində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası hər zaman ümdə məsələ olub. Mərhum Fuad İsmayılovu nümunəvi insan, təcrübəli diplomat kimi yad edən çıxışçılar onun yüksək insani keyfiyyətləri, böyük təcrübəsi və vətənpərvərlik duyğuları ilə hər zaman seçildiyini, ətrafdakıların rəğbətini qazandığını vurğulayıblar.
Qeyd edilib ki, hazırda Azərbaycan-Türkiyə münasibətləri dedikdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun qazandığı rəşadətli zəfər xatırlanır. Çünki bu qələbənin əldə olunmasında Azərbaycan-Türkiyə qardaşlığının əvəzsiz və misilsiz rolu var.
Tədbir müsabiqə qaliblərinə diplomların təqdim olunması ilə yekunlaşıb.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunu olan səfir Fuad İsmayılov Azərbaycan Prezidentinin Administrasiyasında, xaricdəki müxtəlif diplomatik missiyalarda çalışıb, bir neçə ölkədə, o cümlədən Türkiyədə səfir olub.
Bünyamin Çingizoğlu
İnterpress.az