QHT rəhbərləri millət vəkillərinə müraciət etdibackend

QHT rəhbərləri millət vəkillərinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclasda QHT-lərin fəaliyyəti ilə bağlı narahatlıq keçirdiyini bildirən komitə müraciət hazırlayıb.

Müraciətdə bildirilir: “Son 1 ildə qrantların qeydiyyata alınması ilə bağlı edilən dəyşikliklər və bankların qeydiyyata alınmayan qrantlarla bağlı əməliyyata aparmaması, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində başlanan 142006023 saylı cinayət işi üzrə yüzlərlə QHT-nin sorğuya çəkilməsi, demokratiya və insan haqları sahəsində çalışan bəzi QHT rəhbərlərinin həbsi, çoxlarının bank hesabının dondurulması və ölkədən çıxışına qadağa qoyulması, ofislərin bağlanması, sənədlərinin və avadanlıqlarının götürülməsi Vətəndaş Cəmiyyətinə ağır zərbə oldu. Yüzlərlə təşkilatın fəaliyyəti iflic vəziyyətinə düşdü”.

Müraciət müəllifləri qeyd edib ki, müasir dünyada dövlət vətəndaş cəmiyyəti təşkilatları ilə sıx bir şəkildə çalışaraq ölkədəki problemləri həll eləməyə çalışır: “Vətəndaş Cəmiyyətinin formalaşmasının əsas məqsələrindən də biri odur ki, xalq və dövlət arasında olan problemləri analiz edir, bu problemlərin həlli üçün çalışır və dövlətin də bu problemin həlli üzrə apara biləcəyi fəaliyyət barədə təkliflər paketi hazırlayıb təqdim edir. İctimai şüurun formalaşmasında, dövlət əhəmiyyətli qərarların alınmasında, sosial problemlərin həllində, dövlət-xalq münasibətlərinin tənzimlənməsində əvəzedilməz xidməti olan vətəndaş cəmiyyəti hər bir ölkənin ictimai həyatında böyük rol oynayır. Vətəndaş cəmiyyəti həm də kollektivçiliyin, dostluğun, insanların könüllü olaraq birlikdə çalışmasının ən gözəl təzahürüdür. Ona görə də Vətəndaş Cəmiyyətinin var olması həm də ictimai birliyin var olmasıdır. İnsanların tək-tək edə bilmədiyi cəmiyyət üçün faydalı işlərin birlikdə görülməsidir.

Biz bu gün Azərbaycanda, xüsusən bölgələrdə QHT-lərin apardığı fəaliyyətin uğurlu nəticələrini görməyə bilmərik. Ekologiyadan sağlıq sahəsinə qədər, qadın haqlarının müadafiəsindən başlamış liderlərin yetişdirilməsinədək bir çox sahədə vətəndaş cəmiyyəti üzvlərinin böyük səbri, fədakarlığı nəticəsində əldə etdiyi uğurlar var. Amma hal-hazırda o fəaliyyət hiss olunmur”.

Müraciət müəllifləri millət vəkillərini vətəndaş cəmiyyətinin normal fəaliyyətinə imkan yaradılması üçün qanunların sadələşdirilməsi təkliflərlə çıxış etməyə çağırıb: “Əgər bu cəmiyyət bizimdirsə və bu cəmiyyətdə bir çox sahələrdə qeyri-hökümət təşkilatlarının uğuru varsa, bu gün o uğurun davam etməsinə nail olmaq üçün hər kəs əlini daşın altına qoymalıdır”.

Qeyd edək ki, Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinə Qubad İbadoğlu, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl, Akif Qurbanov, Ələsgər Əhmədoğlu, Aynur İmranova, Aytəkin İmranova və Elşən Həsənov kimi tanınmış QHT rəhbərləri daxildir.

İnterpress.az