Akademiyada ingilis dili qalmaqalıbackend

Akademiyada ingilis dili qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqazinfo” xəbər verir ki, bu sözləri İlkin İbrahimov redaksiyamıza şikayəti zamanı bildirib. Onun sözlərinə görə, tam ali təhsilə, hüquqşünas ixtisasına malikdir və mülki hüquq sahəsində dissertasiya işi yazıb, müdafiə etmək istəyir. Ancaq bu il qəbul olunan TOEFL və IELTS proqramları üzrə nəzərdə tutulmuş dərəcəsi olmadığı üçün bu məqsədinə nail ola bilmir: “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən, tədqiq etdiyimiz elmi işi yalnız doktoranturaya qəbul zamanı ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal toplaması barədə sertifikat, doktorluq imtahanları zamanı isə TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal topladığımız barədə sertifikat təqdim etdikdən sonra müdafiə edə bilərik. Bu səbəbdən heç kim elmi tədqiqatla məşğul ola bilmir.

Bundan başqa, mən o dərəcəyə çatmaq üçün xüsusi hazırlıqlara getməliyəm, hazırki vəziyyətdə isə bunun üçün nə maddi imkanım, nə də ki zamanım var. Biz qeyri-istehsalat sahəsindən ayrılmamaqla oxuyuruq. Qiyabidə oxumağımızın əsas səbəbi odur ki, həm işimizdən olmayaq, həm də elmi tədqiqatla məşğul olaq. Biz demirik ki, dil tələbi olmasın, biz deyirik ki, ən azından tələblər sahələrə görə yüngülləşdirilsin. Milli hüquqla, riyaziyyatla məşğul olan biri neynir o səviyyədə ingilis dilini? Ona sərf edilən gücü elmi tədbiqata sərf etsək, daha yaxşı nəticə əldə etmək olar.

İşlərimiz, elmi tədbiqatlarımız qalıb, müdafiə edə bilmirik. Nəinki oradakı kafedra müəllimləri, heç dil müəllimləri o səviyyəni keçə bilmir. 2015-ci ildə hələ elmi iş müdafiə edən olmayıb. Hatta burada qanun geriyə də şamil olunub. Əvvəlki illərdə qəbul olunanlar da hazırda dil imtahanı verməlidir. Bir neçə şəxs bununla bağlı məhkəməyə ərizə vermişik və hazırda məhkəmə prosesi davam edir”.

Akademiyada ingilis dili qalmaqalı

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz zaman ictimai fəal Bəxtiyar Hacıyev AMEA-nın doktoranturaya qəbul və doktorluq imtahanları zamanı ingilis dili tələblərini sərtləşdirməsini müsbət hal kimi qəbul etdiyini bildirib: “Birinci növbədə bütün dünyada ən məşhur elmi jurnallar, nəşrlər, onlayn kitabxanalar, elmi məqalələr ingilis dilindədir və kifayət qədər ağır akademik ingiliscəsi var. Əgər doktoranturaya qəbul olan şəxs bu elmi jurnallardakı elmi məqalələri oxuya, anlaya bilməyəcəksə, öz sahəsi ilə bağlı dünyadakı trendləri, yenilikləri izləyə bilməyəcəksə, bu prosesin bir parçası ola bilməyəcəksə, o zaman doktorluq dərəcəsini necə alacaq?

Təbii ki, xarici dil səviyyəsinin tələblərinin yüksəldilməsi doktorantların sayının nisbətən azalmasına səbəb ola bilər, ancaq keyfiyyət baxımından müsbət təsir edəcəyini düşünürəm. Kimlərsə \”TOEFL imtahanından 100 bal, IELTS imtahanından 7 bal toplaya bilirəmsə, doktorantura üçün AMEA-nı yox, xarici ölkələri seçə bilərəm\” deyə bilər. Birincisi, xarici ölkələrdə doktorantura pilləsinə qəbul üçün bu iki standartlaşdırılmış test imtahanı nəticəsi kifayət və həlledici deyil. Bunlar sadəcə dil səviyyəsi üçün tələblərdir, başqa daha ciddi tələblər də var.

İkincisi, əgər AMEA-nın TOEFL və IELTS imtahanı nəticəsi bir çox şəxsi Azərbaycanda yox, xaricdə doktoranturada təhsil almasına vadar edəcəksə, bu da müsbət haldır. Çünki, Azərbaycanda doktorantura bir çox sahə üzrə, dünyanın bir çox inkişaf etmiş ölkələrində bu pillə üzrə nəinki rəqabət aparacaq, hətta müqayisə olunacaq səviyyədə də deyil. Ancaq standartlaşdırılmış dil imtahanlarına hazırlaşmağa maddi imkanın olmaması isə haqlı iraddır. Həm hazırlıq, həm də imtahanın verilməsi üçün maddi imkan olmalıdır”.

Akademiyada ingilis dili qalmaqalı

AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov mediaya açıqlamasında qərarın gənc doktorantların dünya arenasına çıxması üçün müsbət hal olduğunu bildirib: “Çoxlarına bu rəqəmlər yüksək gəlir. Biz hesab edirik doktorantura təhsilin ən yüksək pilləsidir. Nəzərə alsaq ki, bu gün dünyanın öndə gedən universitetlərində və elm mərkəzlərində 6,5 bal akademik fəaliyyət üçün minimum hesab edilir. Ola bilər ki, bu il müəyyən çətinliklər olsun. Biz hesab edirik ki, bu hədd qoyulmalı idi və hətta gecikmiş bir qərardır”.

Ə. Sadıqov onu da bildirib ki, imtahanların ödənişi yüksək olduğundan AMEA şirkətlərlə müqavilə də imzalanıb: “İmtahana girmək üçün kifayət qədər yüksək məbləğ ödəmək lazım gəlir. Akademiya bunu nəzərə alaraq həmin imtahan götürən şirkətlərlə müqavilə imzalayıb və bu ödəniş hər bir doktorant üçün bir dəfə qəbul, bir dəfə də doktorluq imtahanında Elmlər Akademiyası tərəfindən ödəniləcək”.

İnterpress.az