Plastik şüşələrdəki suyun tərkibində insan sağlamlığı üçün təhlükəli olan minlərlə nanoplastik var.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Tədqiqatçılar bir litrlik plastik şüşədəki suda insan hüceyrələrini bağlaya bilən təxminən 240 min “nanoplastik” aşkar ediblər.
“The Hill” qəzetinin yazdığına görə, Kolumbiya Universitetinin tədqiqatçıları yeni lazer təsvir üsulu ilə plastik şüşələrdəki nanoplastikləri tədqiq ediblər.
Yeni üsulla metrin milyardda biri ölçüsündə ölçülə bilən hissəcikləri müəyyən etməyi bacaran tədqiqatçılar, bir litrlik plastik şüşədəki suda təxminən 240 min nanoplastik olduğunu müəyyən ediblər.
Tədqiqatçılardan Beizhan Yan bəyan edib ki, plastikin ölçüsü azaldıqca təhlükə də artır, çünki hissəcik ölçüsü azaldıqca insan orqanizminə daxil olma ehtimalı da artır.
Plastik şüşələrdəki sudakı plastik hissəciklərin qan-beyin baryerini keçəcək qədər kiçik olduğunu bildirən Yan, bunun sonrakı yaşlarda beynin müəyyən hissələrində hüceyrələrin itməsinə səbəb ola biləcəyini söyləyib.
Yan, bu kiçik plastiklərin “qan içərisinə keçə, hüceyrələrə çata biləcəyini və sonra orqanların öz funksiyalarını itirə biləcəyini” də qiymətləndirib.
Tədqiqatçılar bu plastiklərin bədənə içməli su ilə daxil olduqları üçün sürətli təsir göstərdiyini düşünür və kiçik plastiklərin bağırsaqlardakı qidaları həzm etməyə kömək edən mikroblara təsir edə biləcəyini ifadə edirlər.
Plastiklərin ölüm nisbətinin artması və doğuş qüsurları kimi sağlamlıq risklərinə səbəb ola biləcəyi də qiymətləndirilir.
Tədqiqatçılar bu plastiklərin qablaşdırmadakı materiallardan ayrıldığını və ya su istehsalı zamanı istehsal edildiyini düşünürlər.
Digər tərəfdən, insanların hansı plastikləri udduğu, hansı miqdarda və nə qədər plastikin orqanizmə daxil olduğu hələlik məlum deyil.
Araşdırma “Proceedings of the National Academy of Sciences (PNAS)” jurnalında dərc olunub.