Demək olar ki, hər gün günümüzə intihar xəbərləri ilə başlayırıq. Son günlərin statistikasına diqqət etsək, insanı dəhşətə gətirən rəqəmlərin olduğunu görərik. Belə ki, aprelin ilk 12 günündə 9 nəfər intihar edib, 1 nəfər isə intihara cəhd edib. Aprelin 11-də təkcə bir gündə 5 nəfər öz həyatına son qoyub.
Ayın 12-də isə Bakının Yasamal rayonu Şərifzadə küçəsində 1997-ci il təvəllüdlü Ağayeva Jalə adlı qız özünü binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Daha bir intihar hadisəsi aprelin 13-də Pirallahı rayonunda baş verib. 1953-cü il təvəllüdlü Kazibenko Olqa Nikolayevna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.
Həmin günün ikinci intihar xəbəri isə Sabirabad rayonundandır. Rayonun Qalağayın kənd sakini, 17 yaşlı Hacıxanım Mehdizadə özünü damdan asaraq intihar edib. Bu, yazını yazdığımız günün birinci yarısına qədər aldığımız artıq ikinci intihar xəbəri idi.
Qeyd edək ki, sadaladığımız intihar hadisələri qeydə alınan və mətbuata məlum olanlardır. Kim bilir gün ərzində qeydə alınmayan, mətbuata bilinməyən daha nə qədər intihar hadisələri baş verir. Son günlər intihar edənlər arasında qadınlar xüsusən üstünlük təşkil edir.
Maraqlıdır, son vaxtlar artan intihar statistikasının cəbhə bölgəsində atəşkəsin pozulması ilə bir əlaqəsi ola bilərmi?
Müharibə şəraiti insanların psixikasında müəyyən zəiflik yarada bilərmi?
Psixoloq Dəyanət Rzayev bildirdi ki, son vaxtlar artan intiharların atəşkəsin pozulması ilə heç bir əlaqəsi yoxdur: “Çünki dünya statistikası göstərib ki, müharibə gedən, böhran olan ölkələrdə intiharların sayı kəskin azalır. Diqqət etsəniz görərdiniz ki, atəşkəs pozulan və ordumuzun irəli getdiyi ərəfədə intiharların sayı kəskin azalmışdı. Təbii ki, hazırda baş verən intiharların birdən-birə artması normal deyil. Azərbaycanda intiharlar fərqlidir. Məsələn, dünyada qəbul olunub ki, 40 yaşdan yuxarı yaşlı insanlar, tənhalıqdan, xəstəlikdən əziyyət çəkən insanlar intihar edir. İntihar edən insanlar əsasən psixikası sağlam olan adamlar olur.
Bizdə isə durum bir az fərqlidir. Azərbaycanda qadınlar da intihar edir. Halbuki dünyada kişilər daha çox intihar edir, nəinki qadınlar. Dünya statistikasında gənclər, cavanlar nadir hallarda intihar edir. Çünki onların gələcəyi var. Bizdə isə əksinədir. Bu isə daha çox sosial münasibətlərlə, insanların bir-birinə qarşı aqressiv olması ilə, bir-birilərini başa düşməməsi ilə bağlıdır. Azərbaycanda valideynin sözündən çıxmamaq, valideynin dediyi ilə oturub durmaq ənənələri vardı. İndi dünyada inkişaf gedir, çoxlu informasiyalar alırlar. Gənclər daha köhnə formada, köhnə fikirlərlə yaşamaq istəmirlər”.
Psixoloq son zamanlar baş verən devalvasiyaların da insanlara çox mənfi təsir göstərdiyini deyir: “Təsəvvür edin ki, kiminsə 5 min kredit borcu var. Onun 1000 manatını aparıb qaytarırsa, borcu 4 min qalmalıdır. Amma səhər devalvasiya baş verir və məlum olur ki, onun 5 min borcu olduğu kimi qalıb. Təsəvvür edin ki, adam aparıb 5 min pulu verir, səhəri deyirlər ki, sənin borcun azalmayıb. Bu, insan psixikasına təbii ki, çox pis təsir edir. Bu gün cəmiyyətimizdə sosial ədalətsizlik çoxdur. Sosial münasibətlər çox pisdir. İnsanlar artıq bütün bu gərginliklərə dayanma müqaviməti göstərə bilmir”.
Uşaqların, gənclərin intihar etməsində valideynlərin də müəyyən qədər günahı olduğunu deyən psixoloq böyüklərdən çox şeyin asılı olduğunu bildirdi: “Bu gün Azərbaycan valideynləri öz övladlarına uşaq kimi baxır, ciddi qəbul etmirlər. Nə onların problemlərini, nə də hisslərini ciddi qəbul edirlər. Əvvəllər internet yox idi. İndi informasiya çoxdur və uşaqlar böyüklərdən də çox bilir. Təəssüf ki, böyüklər uşaqlarla hesablaşmır. Bu da müəyyən problem yaradır. Bəzən görürük ki, uşağın 30 yaşı var, valideyn hələ də onun dalınca sürünür. Ya da uşağı hələ böyüməsə belə, onu böyümüş kimi qəbul edir Məsələn, 17-20 yaşlı qızını ərə getməyə məcbur edir. Bunun da səbəbi valideyndə qorxu olmasıdır. Bu qorxu da ”Birdən qızım ərə getməz, camaat nə deyər\” düşüncəsindən irəli gəlir. Bu “camaat nə deyər” yanaşması xalqı yıxıb\”.(musavat.com)
İnterpress.az