Azərbaycanda martın 1-dək sığorta şirkətlərinin sistem əhəmiyyətli olub-olmaması müəyyənləşəcək.
Bu müəyyənləşmə Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları” əsasında həyat və qeyri-həyat sığortası üzrə ayrıca aparılacaq. Həmçinin təkrarsığortaçının sistem əhəmiyyətliliyi qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılarla birlikdə qiymətləndiriləcək. Müştərək sığortaçılar isə sistem əhəmiyyətliliyin müəyyən edilməsində iştirak etməyəcək.
Sığorta eksperti Kamran Babayev “Report”a açıqlamasında Azərbaycanda sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsinin beynəlxalq təcrübədən qaynaqlandığını bildirib.
Sistem əhəmiyyətli şirkətlərə tələblər daha sərt olacaq
“2007-2008-ci illərin qlobal maliyyə böhranından sonra maliyyə qurumları, həmçinin sığorta şirkətləri arasında sistem əhəmiyyətli olanların seçilməsi haqqında ciddi düşünülməyə başlanıldı. Çünki müşahidələr göstərdi ki, bir bankın və ya böyük bir sığorta şirkətinin müflis olması maliyyə bazarına çox ciddi təsir göstərə və sarsıntılar yarada bilər. Sistem əhəmiyyətli sığortaçılar böyük bazar payına sahib, beynəlxalq və yerli maliyyə bazarlarına ciddi inteqrasiyası olan şirkətlər olmalıdır. Bu şirkətlərin birində ciddi problem olarsa, həmin problem bütün maliyyə sistemi üçün ciddi təhlükə yarada bilər. Belə halların qarşısını almaq üçün həmin şirkətlərə qarşı maliyyə sabitliyi və digər kriteriyalar üzrə tələblər daha ciddi olacaq”, – K. Babayev qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda, sistem əhəmiyyətli sığortaçının müəyyən edilməsi zamanı qeyri-həyat və həyat sığorta şirkətlərinin ayrca dəyərləndirilməsi düzgün addımdır, çünki bunlar tam fərqli istiqamətlərdir : “Bu iki fərqli istiqamət üzrə də fərqli risklər və təsirlər yaşanır”.
4 kateqoriya üzrə 8 indikator olacaq
Qeyd edək ki, təsdiq edilən meyarlara əsasən, sığortaçının sistem əhəmiyyətliliyi onun fəaliyyətinin miqyası, şaxələnməsi, əvəzolunmazlığı və mürəkkəbliyi kimi 4 ümumi kateqoriya və 8 indikator əsasında sığorta sahəsi üzrə (həyat və qeyri-həyat sahəsi) müəyyən ediləcəkdir. Həmin 8 indikator cəmi aktivlər, sığorta haqları, sığorta müqavilələrinin sayı, sığortaçının maliyyə təşkilatları qarşısındakı öhdəlikləri, sığortaçının maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri, təkrarsığorta haqları, xüsusi sığorta növləri üzrə sığorta (təkrarsığorta) haqları, sığorta (təkrarsığorta) portfelinin çeşidliliyidir.
Hansı şirkətlər sistem əhəmiyyətli ola bilər?
İlk iki indikatora görə, sistem əhəmiyyətli sığortaçının cəmi aktivləri sığorta sektorunun aktivlərinin minimum 20 %-i, sığorta haqları isə sektor üzrə cəmi sığorta yığımlarının minimum 10 %-i həcmində olmalıdır. 2021-ci və 2022-ci illəri üzrə sığorta şirkətlərinin maliyyə göstəricilərinə əsasən, Azərbaycanda sığorta şirkətləri arasında birinci indikator üzrə yalnız “Paşa Həyat Sığorta” ASC tələblərə cavab verib. Belə ki, 2021-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin cəmi aktivləri 393,5 milyon manat olmaqla sektor üzrə aktivlərin 32,3 %-ni, 2022-ci ildə isə 552,5 milyon manat olmaqla 40,4 %-ni təşkil edib.
İkinci indikator üzrə isə son üç ildə tələblərə cavab verən şirkətlər isə yalnız “Paşa Həyat Sığorta” ASC və “Paşa Sığorta” ASC olub. Belə ki, 2021-ci ildə sektor üzrə sığorta haqlarının 37,1 %-i və ya 313 milyon manatını “Paşa Həyat Sığorta” ASC, 21,2 %-i və ya 179,2 milyon manatını “Paşa Sığorta” ASC toplayıb. 2022-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin yığdığı sığorta haqları 413,3 milyon manat, “Paşa Sığorta” ASC-nin yığdığı sığorta haqları isə 215,1 milyon manat təşkil edib ki, bu da sektor üzrə ümumi sığorta yığımlarının müvafiq olaraq 42,5 %-i və 22,2 %-nə bərabər olub. 2023-cü ildə bazar üzrə ümumi sığorta haqlarının 42,3 %-i və ya 517,4 milyon manatı “Paşa Həyat Sığorta” ASC, 24 %-i və ya 293,1 milyon manatı isə “Paşa Sığorta” ASC-nin yığımlarına aid olub.
Fərqli siniflər üzrə müqavilələr təklif edənlər qiymətləndiriləcək
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “Report”a açıqlamada meyarlarda əks olunan “Xüsusi sığorta növləri” anlayışı izah edilib:
“Bu anlayışla bağlı “Sistem əhəmiyyətliliyin müəyyən edilməsi metodologiyası”nda qeyd olunur ki, bu, həyat və qeyri-həyat olmaqla iki hissəyə ayrılır. Belə ki, bu növlər “Əmlakın yanğından və digər risklərdən sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Hava nəqliyyatı vasitələrinin sığortası”, “Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası”, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta” növləridir. Sığorta portfelinin çeşidliliyinə gəlincə, burada sığorta şirkətinin fəaliyyət göstərdiyi sığorta sinifləri üzrə hesablanmış sığorta haqlarından söhbət gedir. Yəni bu, sadəcə bir sinif, məsələn, yalnız icbari sinif üzrə yox, fərqli siniflər üzrə müqavilələr təklif edən anlamına gəlir”.
Sektorun maliyyə dayanıqlılığı artacaq
ASA-nın məlumatına görə, sözügedən meyarlarla bağlı Qərarın qəbul olunması növbəti mərhələdə peşəkar sığorta bazarı iştirakçılarının fəaliyyətinin şaxələndirilməsi, stimullaşdırılması, hebelə aktivlərinin böyüməsi və təkrarsığorta əməliyyətlarının aktivliyi kimi bir çox istiqamətin balanslı şəkildə inkişafına təkan verəcək.
Mərkəzi Bankdan da verilən açıqlamada sistem əhəmiyyətli sığortaçının müəyyən edilməsi AMB tərəfindən tənzimləmə və nəzarət proseslərində xüsusi yanaşmalar gətirməklə sistem əhəmiyyətli sığortaçının və bütövlükdə sektorun maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət etdiyi bildirilib.