O, “Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır” deməklə ilk dəfə açıq şəkildə danışıqlardan imtina etdiyini və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmadığını bəyan edib. Onun açıqlamasının ardınca isə bu gecə cəbhədə vəziyyət yenidən gərginləşib. Gecə saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisini atəşə tutub. Rayonun əsasən Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Bəs Sarkisyanın danışıqlardan imtina ilə bağlı mesajının ardınca təmas xəttində vəziyyətin gərginləşməsi təsadüfdürmü?
Politoloq Qabil Hüseynli AzNews.az-a S.Sarkisyanın fikirlərini şərh edib. Onun sözlərinə görə, Azərbaycanın 5 rayonun qaytarılması şərtinə razı olmaması Rusiyanın siyası elitasının qəzəbinə səbəb olub: “Onlar bundan qəzəblənərək Azərbaycana təzyiq göstərməyə başlayıb. Yəni, Azərbaycanı yenidən hansısa bir imtahana çəkmək xəyalına düşüblər. İşğalçı Azərbaycan torpaqlarında oturub deyir ki, mən nə sülh danışıqlarına gedirəm, nə də atəşkəsə əməl edirəm. Bu azmış kimi hələ Azərbaycanın yeni torpaqlarını da ala bilərik kimi fikirlər səsləndirirlər. Əgər dünya buna susacaqsa böyük biabırçılıq olacaq, amma zənn etmirəm ki, dünya buna göz yumsun. Rusiya artıq anti-Azərbaycan mövqeyi tutur. Və belə bir şəraitdə Ermənistan Azərbaycan torpaqlarında at oynatmağa başlayıb. Bundan utanıb-qızarmadan hələ sülh danışıqlarını dayandırdıqlarını da bəyan edirlər. Sanki bunlar qələbə qazanmış liderlər kimi əda ilə bəyanatlar verirlər”.
Politoloqun fikrincə, atəşkəsin pozulması Ermənistanın Rusiyadan yeni təlimatlar almasına işarədir.
Q.Hüseynli baş verənlərin Ermənistanın Rusiya ilə birgə planı olduğunu vurğulayıb: “Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də çıxışında bildirib ki, Dağlıq Qarabağ problemini qısa müddətdə həll edəcəyik və özüm şəxsən ona rəhbərlik edəcəyəm. Azərbaycan dördgünlük müharibədən sonra reallıqların dəyişməsinə uyğun olaraq, ərazisindən erməni qoşunlarının çıxarılması haqqında mövqe bəyan etdi. Bunu Medvedev və Lavrova da bildirmişdilər. İndi isə Putun başqa hava çalmağa başlayıb. Deyib ki, biz heç kimə qırmızı xətti keçməyə imkan verməyəcəyik. İndi o, buraların sahibi kimi danışmağa başlayıb. Özləri də Ermənistana hər gün sülah-sürsat göndərməyə başlayıblar. Ermənilər də bundan alovlanaraq atəşkəs rejimini tez-tez pozurlar. Və bu atəşkəs rejiminin pozulması Rusiya üçün qırmızı xətt hesab olunmur”.
İnterpress.az