Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Qəbələ RLS haqqında danışarkən bildirib.
Deputat deyib ki, Azərbaycanın Qəbələ RLS-i əvəz edəcək qurğuları var:
“Azərbaycan 2-ci və ya 3-cü əldən məxfi kəşfiyyat məlumatları almır. Hesab edirəm ki, bu gün Qəbələ RLS-i əvəz edəcək qurğularımız var.
Stansiya Sovetlər zamanı inşa edilmişdi. Bu, həmin rejimin və dövlətin beynəlxalq maraqlarına uyğun bir qurğu idi. Faktiki olaraq Hind okeanına qədər 40 min kilometrə qədər bir radiusda hərbi obyektləri fiksasiya edirdi.
Keçmiş SSRİ dövləti buna müvafiq özünün ballistik raketlərini hədəfə tuşlayırdı. Sovetlər Birliyi dağılıb və Azərbaycan müstəqillik qazandıqdan sonra Rusiya maraq göstərdi ki, həmin sistemlər informasiya mərkəzi adı ilə fəaliyyət göstərsin”.
Zahid Oruc vaxtilə Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-ə dair bağlanmış müqaviləsinin detallarını da şərh edib:
“Müqavilə öhdəlikləri, onun ödənişləri, qarşı tərəfin üzərinə götürdüyü məsuliyyət yox idi. Yalnız 2003-cü ildə bu məsələ dəqiqləşdirildi.
Rusiya həm radiasiya şüalanmasının dərəcəsinə görə, həm də orada saxlanan əsgər və zabit heyətinin kvota sayına görə Azərbaycana vəd etdi ki, bu məsələlər hüquqi baxımdan yoluna düşəcək.
Lakin sonradan Rusiya tərəfi 10 illik müqavilə başa çatdıqdan sonra gələcək dövrə olan marağını ifadə etdi. Bəlli oldu ki, Armavirdə olan sistemlər Qəbələni əvəz edir. Buna uyğun olaraq da Azərbaycanla olan müqaviləyə son qoyuldu. Qəbələdəki qurğuların ləğvi və onun yerində tamamilə fərqli infrastrukturun qurulması qərarı verildi”.
Komitə üzvü stansiyanın bu gün o qədər də potensiallı olmadığını düşünür:
“Stansiyanın son durumu haqqında çox da müfəssəl məlumatlara malik deyilik. Məndə olan məlumatlara görə, o çox da yaxın obyektləri deşifrə etmək, ona adekvat ordu birləşmələrinin mövqelərini dəf etmək durumunda deyil. Bu siyasətçi mövqeyidir. Burada hərbi peşəkarların münasibəti fərqli ola bilər.
Çünki oradakı informasiyaların bir qismi məxfidir. Oradakı hansı qurğuların olduğu, nə qədər məsafəyə dalğalar göndərərək oradan geri qayıdan dalğalara səs koordinat sistemləri qura bilər, o şüaların indiki durumda əsgərlərimizə nə qədər təsiri var, bunları peşəkarlar qiymətləndirməlidir.
Bu gün kosmik sistemdə Azərbaycanın öz peyk rabitəsi mövcuddur. Bu o deməkdir ki, biz istənilən məkanı nəzarət altında saxlaya bilərik. Bizim imkanımız var ki, özəl informasiya vasitəsilə düşmənin hər bir hərbi hərəkətini izləyək və ordu birləşmələrinə ötürək.
Ön cəbhədə nanotexnologiyalarla təchiz edilmiş informasiya qurğularımız var. Qəbələ RLS-dən fərqli olaraq, peyk rabitəsi ilə ermənilərin hərəkətini nəzarətdə saxlaya və buna adekvat olaraq lazım olan anda zərbələr endirə bilərik”
Zahid Oruc bildirib ki, Qəbələ RLS-dəki Rusiyaya məxsus qurğular həmin ölkə tərəfindən aparılıb:
“Azərbaycan tərəfi rəsmi olaraq bəyan etmişdi ki, oradan kurort ərazi kimi istifadə edəcək. Ona görə də oradakı qurğuların qalıb-qalmasını haqqında dəqiq məlumata malik deyiləm.
Onu deyə bilərəm ki, onların böyük əksəriyyəti Rusiyanın mülkiyyətində idi. RLS-in daşınar əmlakına Azərbaycan tərəfi iddia etməmişdi.
Order dəlillərinin reallaşdırılması zamanı Azərbaycan üçün maraq kəsb edən hər hansı bir qurğular natural şəkildə, maddi ekvivalentdə ödənilə bilərdi. Lakin bunlar ehtimaldır. Bu məsələylə bağlı proseslərin yetərincə məxfi getdiyini nəzərə almalıyıq.
Qəbələ RLS-in Sovet dövrünün qalığı, köhnəlmiş istehkam qurğusu olduğunu qəbul etməliyik. Dünyada buna bənzər xeyli sistemlər ləğv edilib.
Stansiyanın ləğvi Qəbələnin əhəmiyyətini azaltmır. Qəbələnin vacibliyi o stansiya ilə ölçülə bilməz. Əksinə, bu gün həmin stansiyanın şüalanma baxımından mənfi təsirləri də var”.(Modern.az)
İnterpress.az