Bu açıqlama “European Tobacco-Baku” ASC-dən verilib.
Bildirlib ki, son vaxtlar müəssisədə işin həcminin azalması ilə əlaqədar əslində işçilərin, o cümlədən səhmdarların da ixtisara salınması zəruri olduqda ASC buna getməyib və 70 nəfər qanunverciliyə müvafiq olaraq əmək haqqının üçdə ikisi ödənilmək şərtilə məzuniyyətə göndərilib.
“Bir neçə aydır ki, onlar bu güzəştdən istifadə edirlər. Təkcə son 2 ayda işləməyən 10 nəfər səhmdara 2 (iki) min manat yardım göstərilib. May ayında isə bütün səhmdarlara dividendlər ödəniləcək. Müəssisədə istehsal genişləndikcə və maliyyə vəziyyəti yaxşılaşdıqca, onlara ödənilən məbləğlər də artılıcaq.
Son aylarda hətta səhmdarlara elan olunub ki, kim öz səhmlərini satmaq istəyirsə, “European Tobacco-Baku” ASC-in rəhbərliyinin təşəbbüsü ilə “Evraziya” Məhdud Məsuliyyətli Cəmiyyəti onları nominal dəyərlərindən də ikiqat bahasına alacaq”.
Qeyd edilir ki, bununla əlaqədar olaraq artıq 6 səhmdar öz səhmlərini müvafiq qiymətlə həmin cəmiyyətə satıb.
“Fəaliyyət göstərdiyimiz illər ərzində çalışmışıq ki, səhmdarla işimizi qarşılıqlı anlaşma şəraitində quraq. Hər il səhmdarların illik yığıncaqları keçirilir, vaxtaşırı onlarla görüşlər, qəbullar keçirilir. Hər hansı bir çətinlik ortaya çıxanda həmişə səhmdarların 5-7 nümayəndəsi rəhbərliklə görüşür, problemlərini bildirirlər. Biz də öz növbəmdə mövcud vəziyyət barədə onları ətraflı məlumatlandırır, əsaslandırılmış probelmlərin həlli variantlarını göstərir və ya bilavasitə həll edirik.
Lakin, səhmdarlar bildirirlər ki, onlara elə əvvəldən səhm payları az verilib, səhmlərin sayını və dividendlərin məbləğinin artırılmasını tələb edirlər. Bu məqsədlə onlar son illərdə bir qayda olaraq qrup halında (20-25 nəfər) ildə bir neçə dəfə müəssisənin qarşısına toplaşaraq, əsassız və qeyri-qanuni tələblər irəli sürürlər.
Onlar dəfələrlə bu iddialarla müxtəlif məhkəmə instansiyalarına, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, hər dəfə də onların xahişləri təmin olunmayıb, tələblərinin əsassız olduğu qeyd olunub, müvafiq qərarlar çıxarılıb. Axırıncı dəfə Ali Məhkəmə 20 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin onların iddialarının təmin olunmaması haqqında qərarını qüvvədə saxlayıb.
Buna baxmayaraq onlar öz qanunazidd əməllərini davam etdirir və hər ay 2-3 dəfə fabrikin qarşısına toplaşaraq hay-küy salır, müəssisənin normal iş ahəngini pozurlar”.
“European Tobacco-Baku” ASC-dən bildirilib ki, son aylarda etirazçı səhmdarların toplantıları intensivləşib və təxribatçılıq xarakteri alıb.
“Belə ki, cari ilin aprel ayının 25-də saat 10.00 radələrində 25 nəfərə yaxın şəxs Səhmdar Cəmiyyətin giriş qapısının qarşısında toplaşaraq, qışqırıqla müşayiət olunan hay-küy salıb və fabrikə giriş-çıxışı məhdudlaşdırıb. Nəticədə müəssisənin normal iş ahəngini pozub. Bundan əlavə onlar fabrikə girib-çıxan nəqliyyat vasitələrinin qarşısını kəsib və 3 saatdan yuxarı onları fabrikə və fabrikdən kənara buraxmayıblar. Cəmiyyətin aidiyyəti işçilərinin və mühafizə xidmətinin əməkdaşlarının apardığı davamlı danışıqlardan sonra onları fabrikin giriş qapısının qarşısından uzaqlaşdırmaq mümkün olub.
Onların budəfəki toplantısı xarakter etibarı ilə öz destruktivliyi ilə əvvəlkilərdən çox fərqlənib və bu qanunsuz tədbirin keçirilməsinə fitva verənlərin olması, kimlərinsə tərəfindən idarə olunması hiss olunub.(modern)
İnterpress.az