Ev dustağı edilən MTN generalının vəkilindən şok açıqlamalarbackend

Ev dustağı edilən MTN generalının vəkilindən şok açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda ev dustağı olan Naxçıvan Muxtar Respublikasının(MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov işgəncələrə məruz qalıb. Bu haqda Bakıdakı çayxanalardan birində keçirdiyi mətbuat konfransında onun vəkili Vüqar Xasayev bildirib. V. Xasayev mətbuat konfransının çayxanada keçirilməsini Bakıdakı mətbuat mərkəzlərində tədbir üçün yer verilməməsi ilə izah edib.

Vəkilin sözlərinə görə, 15 il Naxçıvan milli təhlükəsizlik naziri olmuş V.Ələsgərov ötən ilin dekabrında tutduğu vəzifədən azad olunub, 2016-cı il martın 7-də isə saxlanılaraq barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra istintaq təcridxanasına göndərilib. Martın 11-də isə V.Ələsgərovun yaxınları onun hüquqlarının qorunması üçün vəkil Vüqar Xasayevlə müqavilə bağlayıblar. Bundan 3 gün sonra Vüqar Xasayev Naxçıvana gedərək müvəkkili ilə görüşüb. Martın 14-də baş tutan görüş sonuncu olub: “Həmin görüşdə o, dövlət tərəfindən təyin olunan Mustafa adlı vəkildən imtina ərizəsi yazdı. Həmin gün 2 dəfə görüşüb mövqeyimizi dəqiqləşdirdik. Vəli Ələsgərov dedi ki, ona qarşı zorakılıq olub. Lakin bu haqda müraciət etməmək qərarı verdik. Vəli Ələsgərovun gözləntiləri vardı ki, ona güzəştlər olacaq. Vəli Ələsgərova qarşı Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb: 179.3.2 (dövlət məlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma). Müdafiə etdiyim şəxs bu ittihamları rədd edir. Digər tərəfdən, bu ittihamları əsaslandıracaq hər hansı sübut yoxdur. Bu maddələr vəzifədən çıxarılan hər bir məmura qarşı irəli sürülə bilər. Yəni növbətçi maddələrdir. O, həbs olunan zaman şokda olub, hansı ifadələr verdiyini bilmir. Bu haqda ərizədə yazdı ki, həmin ifadələrdən imtina edir, iş üzrə obyektiv ifadələr vermək istəyir”.

Vəkil dedi ki, bu görüşdən sonra sabiq nazirlə görüşə bilməyib. Növbəti dəfə Naxçıvana gedəndə isə özü qanunsuzluqla üzləşib: “Mənə Vəli Ələsgərovla görüşməyə şərait yaratmadılar. Evlərində gözlədiyim zaman Vəli Ələsgərovun qardaşı Əli Ələsgərova zəng edib dedilər ki, Naxçıvan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Şöbəsinin rəis müavini onu küçədə gözləyir. Biz birgə evdən çıxdıq. Rəisi müavini mənə də dedi ki, Əli Ələsgərovla birgə onunla getməliyəm. Onun qanunsuz tələbi ilə razılaşmadım. Buna görə də özü maşından düşüb gəldi, məndən onunla getməyi tələb etdi. Bundan sonra üzərimdə axtarış aparacağını dedi. Bunun yalnız respublikanın baş prokurorunun qərarı əsasında aparıla biləcəyini deyəndən sonra kiməsə zəng etdi. Qulu adlı rəisləri gəldi. Dedi ki, çantana baxış keçirəcəyik. Dedilər ki, baxmasaq, məcburi şəkildə polisə aparacaqlar. Bundan sonra çantama baxdılar”.
Vəkil deyir ki, martın 15-də Vəli Ələsgərovu məcbur ediblər ki, ondan imtina etsin. V.Xasayevin sözlərinə görə, işdə həddən artıq qanunsuzluqlara yol verilib: “Ona saxlanıldığı istintaq təcridxanasında işgəncə veriblər. Keçmiş işçiləri də həmin işgəncələrdə iştirak edib. Bəzi işçilər Vəli Ələsgərovun üzünə tüpürüblər. Bizim vəsatətlərimizi də Vəli Ələsgərovun imtina ərizəsini əsas gətirərək təmin etmədilər”.

Ev dustağı edilən MTN generalının vəkilindən şok açıqlamalar

Vəkilin sözlərindən aydın olur ki, Vəli Ələsgərov 22 gün həbsdə saxlanıldıqdan sonra ev dustaqlığına buraxılıb: “Bundan sonra mənimlə skaypla əlaqə saxlayaraq bildirdi ki, həmin imtina ərizəsini məcburiyyət qarşısında, öz həyatını qorumaq üçün imzalayıb. Çünki ona işgəncə veriblər, döyüblər, təhqir ediblər. Ona görə də xahiş edir ki, onun müdafiəsini təmin edim. Aprelin 26-da onunla yenidən müqavilə bağlamışıq”.

Vəkil deyib ki, V.Ələsgərov digər vəkili Tofiq Allahverdiyevlə də müqavilə bağlayıb: “Tofiq Allahverdiyev də Naxçıvana getdi, lakin ona Vəli Ələsgərovla görüşməyinə imkan vermədilər. İki nəfər onun qoluna girib Naxçıvan aeroportuna gətirib nəzarət altında təyyarəyə mindiriblər. Onu Naxçıvandan, faktiki, deportasiya ediblər. Vəli Ələsgərova Naxçıvan Prokurorluğunda zorakılıq tətbiq olunmur, onunla ləğv olunmuş MTN-in binasında amansız davranırlar. Maskalı, maskasız şəxslər onu döyürlər, amansız rəftara məruz qalır. Köhnə işçiləri yığıb üzünə tüpürdürlər. Bunu mənə şəxsən Vəli Ələsgərovun özü bildirib. Biz baş prokurora müraciət edirik ki, istintaq Naxçıvanda davam etdirilə bilməz, işə Bakıda baxılmalıdır. Bizə onunla görüşə imkan verilmir”.(musavat)

İnterpress.az