“Bəs sən kimsən ki, dövlətimin dilində danışmayasan?backend

“Bəs sən kimsən ki, dövlətimin dilində danışmayasan?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti, prezident mükafatçısı Nurəddin Mehdixanlı ilə müsahibən təqdim edirik.

– Çox maraqlı məqama toxundunuz, doğrudan da Sah İsmayılın Sultan Səlimlə savaşını, yəni Çaldıran döyüşünü ortalığa çox atırlar. Şah İsmayılı günahkar çıxarmağa çalışırlar. Sizcə kimlərdir bunu edən, məqsədləri nədir?

– Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasındakı bütün fikirdə, sözdə əməldə birlik yarandığı bir vaxtda bizi istəməyənlər bura bir xəncər sancmağa, burada bir yara açmağa çalışırlar, təzədən bizi bir-birimizə qarşı qoymağa çalışırlar. Bütün fəlakətlərimizin baiskarı olan qonşularımızı bu gün bizə xilaskar obrazında təqdim etməyə çalışırlar. Azərbaycanımızın bölünməsinin, parçalanmasının, ermənilərin burada yerləşdirlməsinin, Azərbaycanın ermənilərə peşkəş edilməsinin səbəbkarı olan bir dövlət var. Bu gün onu bizə xilaskar obrazında sırımağa çalışırlar. Kim bizdən İrəvanı alıb erməniyə paytaxt edib, kim alıb bizdən Dərbəndi, Zəngəzuru, kim Qarabağı alıb erməniyə verib?! Kim bizi 1828-ci ildə parçalayıb, kim Azərbaycan Milli Hökumətini yıxıb, XI Qızıl orduyla girib Azərbaycanda qanı su yerinə axıdıb, kim 1990-cı ildə azadlığından, torpaqlarından ötrü mücadilə aparan Azərbaycan xalqını qanına bulayıb?! Rejimin adı dəyişib, amma mahiyyəti eynidir.

Mənim Puşkinə, Turgenyevə, Tolstoya böyük sevgim, məhəbbətim var, rus ziyalılığı gözəldir, amma rus şovinizmi daima bizim düşmənimiz olub, bu gün də o düşmənçiliyi davam etdirirlər. Bu gün də Azərbaycanın müstəqilliyini hansı yollasa özlərinin təsiri altına almağa, Ermənistanın gününə salmağa çalışırlar. Hər kəs bu ölkədə gözünü açıb ayıq gözlə ətrafına baxmağı bacarmalıdır. Azərbaycanı müxtəlif ad altında qurulan təşkilatlarla daxil etdilər, nə oldu, nə qazandıq? Qarabağ qaytarılacaqmı o təşkilatlara daxil olaq? Avrasiya İqtisadi Birliyinə qəbul olun biz Qarabağı qaytaraq, nəyin əvəzinə? Azərbaycanı verməyin əvəzinəmi?

Bunu anlamaq gərək, biz həmin o iqtisadi birliyə giririksə, Azərbaycanı Qarabağın əvəzinə veririk, yenidən boyunduruğa giririk. Bunu anlamaqdan ötrü böyük ağıl lazım deyil. Zaman dəyişir, dünənki güclülər gücsüzlərə çevrilirlər, dünənki hökm oxuyanlar bu gün can vermək üzrədirlər. Biz zamnın şərtərinə uyğun hərəkət etməyi bacarmalıyıq. Bu gün Azərbaycan dövlətinin apardığı xarici siyasət kursu, xarici ölkələrlə münasibət kursu, hərbi kursu o qədər ağıllı, doğru-düzgün və müdrik şəkildə qurulub ki, biz böyük itkilər vermədən Qarabağı yenidən Azərbaycanın tərkibinə daxil edəcəyik. Bölünmüş, əlimizdən alınmış torpağımıza yenidən sahib olacağıq.

Buna yüzdə yüz əminəm, bundan ötrü Azərbaycanın müstəqilliyi qorunmalıdır. Əgər Azərbaycan təzədən müstəqilliyini itirməyin bahasına güya Qarabağa sahib olacaqsa, Azərbaycan olmayacaq. Amma şükr olsun Allaha ki, Azərbaycanın güclü ordusu var, istənilən səviyyədə, istənilən dövlətin başçısı ilə üz-üzə dayanıb sözünü deməyi bacaran Ali Baş Komandanımız var. Çörəyini hər gün cəbhədəki əsgərlə bölüşüb yeyən müdafiə nazirimiz var.

Bu gün hərbi cəhətdən ən irəli getmiş ölkələrdə təlim keçmiş, dərs almış hərbi pilotlarımız, dənizçilərimiz, quru qoşunlar zabitlərimiz, xüsusi təyinatlılarımız var ki, bacarıqlarına, təcrübələrinə, cəsarətlərinə görə dünyanın heç bir dövlətinin hərbçilərindən geri qalmırlar. Bizə dost olan ölkələr var ki, bizə hər cür yardıma hazır olduqlarını göstərirlər. Ona görə də Azərbaycanın var olmasına calıçacağıq, amma var oluşun təməlini düzgün, möhkəm qoymaqdan ötrü bu millət Atabəyləri tanımalıdır. Bu millətin tarixindən xəbəri olmalıdır, Şah İsmayılı tanımalıdır. Bilməlidir ki, dünyada 18 imperiya qurmuş millətin övladlarıdırlar. İnsan özünü tanıyanda, kimsə onu istədiyi kimi tanıtmaq fikrinə düşmür. Özünü tanıyan bir millətə kimsə ağalıq edə bilməz, özünü tanımaqdan ötrü isə dilinə, əlinə, belinə sahib olacaqsan ki, elinə sahib olasan.

– Dilimizə sahib çıxa bilmişikmi?

– Bu gün Azərbaycan dili dövlət dilidir, amma bəlkə də ikinci bir dövlət yoxdur ki, dilinə bu qədər hörmətsiz yanaşsınlar. Hansısa dövlət idarəsinə girisən, hamı rus dilində danışır. Qardaşım, kimsiz siz, hardasız siz? Ermənistanda bu cür edirlərmi? Ermənistan Rusiyanın qoltuğunda yaşayan bir ölkə olsa da, orada rus dilində danışmırlar, bir rus məktəbi yoxdur. Bu ölkədə yaşayan, bu ölkəni özünün vətəni sayan, bu ölkənin inkişafında xidməti olan, üçrəngli bayrağım üçün vuruşmağı, ölməyi, öldürməyi bacaran rus mənim qardaşımdır, eləcə də burada yaşayan hər bir xalq, hər kəs. Amma ölkəmə, bayrağıma qarşı olan hər kəs mənim düşmənimdir. Bu ölkənin vətəndaşısansa bu ölkənin anayasasına hörmət edəcəksən, dövlət dili Azərbaycan dilidir və bu dildə danışacaqsan. Mənim dilimi niyə hörmətsiz edirsiz? Öz dilinə iyrənə-iyrənə yanaşıb əcnəbi dildə danışmaq yüksək mədəniyyət deyil, plebeylikdir.

Fransada yaşayıb başqa dildə danışmaq plebeylik hesab olunur. Fransızlar ki, Avropanın göbəyində ən irəli getmiş, mədəni xalq hesab olunurlar. Sən İngiltərəyə, Rusiyaya gedib orada Azərbaycan dilində danışıb yaşaya bilməzsən, mütləq oranın dilini öyrənməlisən. Amma bu gün bizim dövlət idarələrimizdə Azərbaycan dilini bilməyən dövlət məmurları çalışırlar, hələ başqalarını da məcbur edirlər ki, onunla o dildə danışsınlar.

Bu, Azərbaycanın anayasasına, bayrağına, dövlətinə hörmətsizlikdir, qanunlarımızı heçə saymaqdır. Özümüzə, dilimizə, torpağımıza hörmət etmədiyimizə görə gəlib Qarabağ problemi ilə üzləşmişik. Başqalarının qapazlarını yedik və gəlib bu günə düşdük. Verdiyimiz şəhidlərin, tökdüyümüz qanların hesabına müstəqil dövlət qurulub, zəhmət çəkəcəksiz bu dövlətin qanunlarına tabe olacaqsız. Dövlətimin başçısı dövlətimin dilində danışır, bəs sən kimsən ki, dövlətimin dilində danışmayasan? Hər bir Azərbaycan gəncinə arzulayıram ki, rus, ingilis, alman, fransız, ərəb, fars və s. dillərdə bilsinlər, amma öz dilini biləndən sonra.

Beyinlər dəyişməlidir. 25 ildir Azərbaycan müstəqildir, qul psixologiyasından bunlar nə zaman xilas olacaqlar? Bizim bu sahədə təbliğat sistemimiz düzgün qurulmayıb. Bu çox ciddi problemdir və mütləq qarşısı alınmalıdır. Bu millətə tarixini öyrədəcəksən, Azərbaycan dilini təbliğ edəcəksən. Ona görə də bədii filmlər, tamaşalar, tarixi əsərlər, dilin, tarixin təbliğatı vacibdir. Vətən-vətən deyib vətənin dilinə xor baxmaq, pulları xaricilərin qucağına atmaq olmaz, öz dərd-sərimiz var. Pul-paranızı xaricdə təhsil almağa imkanları olmayan gənclərimizə verin, çünki bu millətin sabahı onlardan asılıdır. Bir millət nə zaman ki, özünə sahib çıxmağı bacarır, o zaman dünya da onu sayır.

– Tariximizi bilmədiyimizdən başımıza bu qədər bəlalar gətirilir…

– Bizə saxta bir tarix sırıdılar ki, dövlətçilik tariximiz, dilimiz, mədəniyyətimiz olmayıb, heç vaxt millət olaraq var olmamışıq, sən demə Rusiya ilə könüllü şəkildə birləşmişik, XI qızıl ordunu özümüz çağırmışıq, ümumiyyətlə biz heç kimik. Bu ondan ötrüydü ki, milləti bölmək, parçalamaq, bir heç kimi yanaşmaq və bu şəkildə də idarə etmək. Çar Rusiyası dövründə Tiflis mərkəz idi, erməni, gürcü uşaqları öz dillərində təhsil alırdılar, erməni, gürcü dilində qəzetlər çap olunurdu. Ancaq azərbaycanlılar öz dillərində qəzet buraxa, təhsil ala bilməzdilər. Qafqaz şeyxi yüz xahiş minnətlə mərdəsə səviyyəsində heç olmasa əlifbanın öyrədilməsinin icazəsini aldı. Bu, Qafqazın min illər boyu tək sahibi olmuş bir millətə Çar Rusiyasının göstərdiyi münasibətdir. Daha sonra Milli Hökumət quruldu və 1920-ci ildə zorla devrildi və götürdükləri öhdəliklərin üstündən xətt çəkərək Azərbaycanı işğal etdilər. Əlifbamızı dəyişdilər, dilimizin adını dəyişdilər, tariximizi yazan, kimliyimizi ortaya qoyan ziyalılarımızı sürgün elədilər, güllələdirlər, millətin milli kimliyini, mənliyini yox etdilər. Sovet dövründə bəlkə də Aərbaycan xalqı tarixdə ən böyük itkilərini yaşadı. Bütün ziyalılığını məhv etdilər, ortalıqda tabe olan, ləbbeyk deyən bir nəsil saxladılar, tariximizi onlara yazdırdılar.

O zaman Aərbaycan dili ancaq bazar, küçə dili idi, dövlət dili deyildi. Sonradan mərhum Heydər Əliyev Konstitusiyada dəyişlik etdirib Azərbaycan dilini ora saldırdı. Ancaq yenə də Azərbaycanda tam şəkildə rus dili hakim idi. Yeni evlənənlərimiz Şamuyanın, 26 Bakı komisarlarının heykəlinin qabağına gül qoyurdular, güya xoşbəxtlikləri üçün onlara minnətdardılar. Amma Cavad xan qadağan edilmişdi, qəbri də yox edilmişdi. Azərbaycanın əsl milli qəhrəmanları, o insanlar ki, millətin əsl oğulları idilər, müstəqillik uğrunda döyüşmüşdülər, F.X.Xoyski, M.Ə.Rəsulzadə, N.Yusifbəyov, Ə.Hüseynzadə və s. kimi difailərimizin hamısı düşmən obrazında verilmişdi. Bəziləri deyirlər ki, sovet rejimində biz yaxşı yaşadıq, təhsil aldıq, çox şey verdilər bizə. Təbii, verdikləri də oldu, ancaq aldıqlarının müqabilində verdikləri sıfırdı.
1918-ci ildə qurulmuş Milli Hökumət yaşasaydı bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biriydi.

Bir ölkənin baş naziri atasına məktub yazır ki, “çalışanların maaşlarını çatdıra bilmirik, nazirliyin işçilərinə bu ay maaş verilməyəcək, ona görə xahiş edirəm mənə pul göndər”. Bu əxlaqın, düşüncənin, dövlətə, millətə bu sayaq münasibət bəsləyən insanların qurduğu hökumət yaşamış olsaydı, görün indi biz hardaydıq. Mənim torpaqlarımı nə qədər başqalarına verəcəksən deyə meydanlara çıxdıq, bizi qurşuna düzdülər, güllələdilər. Azərbaycan şəhidlər verdi, müstəqillik qazandı, amma yenidən canının bir parçasını qisas olaraq qopardılar, yenidən özlərinə tabe etmək üçün. Yenidən gəlib boyunduruğumuzun altına girəcəklər iddiası ilə Qarabağ verildi.

– Bundan sonrası necə olacaq sizcə? Ala bilcəyikmi verdiyimiz Qarabağı?

– Şükr olsun ki, bu gün Azərbaycanı idarə edən kişilər artıq bu oyunların qabağında dayanmağı bacarırlar. Azərbaycanı idarə edənlərin milli təəssübkeşliyi açıq-aşkar görünür. Millət ona dəyər verilməyini, əsgər ona diqqət göstərilməsini istəyir. Bu günkü Azərbaycan əsgəri sonuncusuna qədər Ali Baş Komandanın tapşırığı ilə dünyanın o başına belə gedər. Əsgərlərimizlə görüşmüşəm, onların hiss və duyğularını görmüşəm.

Azərbaycan bir daha kiminsə boyunduruğuna girmək fikrində deyil. Bu gün Azərbaycan dövlətçilik sistemi artıq mükəmməl dövlət sistemi kimi işləyir. Ona görə hesab edirəm ki, Qarabağ da yenidən Azərbaycanın tərkibinə daxil olacaq, Azərbaycanın digər strateji planları da yerinə yetiriləcək. İtirə-itirə bu günə gəlmiş Azərbaycan artıq qazana-qazana irəli getmək planını qurub. Daşlar atılmışdı, bu gün artıq o daşlar yığılmağa başlayıb. Ona görə də mən bütövləşmiş və bir olan Azərbaycanı görürəm. Azərbaycana istiqlalı qazandıranların iddialarından daha böyükdür bugünkü gəncliyin iddiaları. Bu gənclik əsarət görməmiş, müstəqil pasportu olan, sovet pasportu görməmiş, dünyanın ən nüfuzlu ali məktəblərində oxuyan Azərbaycan gəncliyidir. Bir anın içərisində bütün Avropa ölkələrini Azərbaycan bayrağı ilə doldurmağı, bəzəməyi bacaran bir Azərbaycan gəncliyi ortalığa çıxıb. Bu gənclik heç bir vaxt Azərbaycanın iki paralanmış şəkildə yol getməsinə razı olmayacaqlar, Azərbaycanın bu yaralarını sarıyacaqlar. Bu gəncliyi də artıq durdurmaq mümkün olmayacaq.

– Bir zamanlar aktiv siyasətdə idiniz, VHP-də sədr müavini idiniz. İndi də partiyadasınızmı, yoxsa uzaqlaşmısınız?

– Mənim bu gün bir siyasi əqidəm, bir siyasi kursum var, o da Azərbaycanın itirilmiş torpaqlarının qaytarılmasına xidmət etmək, o prosesin içərisində olmaq. Bu hiss, duyğu partiyalar üstü bir duyğudur, millətimin, ölkəmin, dövlətimin qarşısında borcdur və mən o borcu yerinə yetirməklə məşğulam.

– Sabir Rüstəmxanlı ilə münasibətlərinizdə soyuqluq yoxdur ki?

– Sabir bəy Azərbaycanda təkcə şair, millət vəkili, partiya sədri, ictimai-siyasi xadim deyil. Sabir Rüstəmxanlı bir yoldur və o yolun öz yolçuları var, nə mutlu o yolu gedənlərə. Əslində insan ömrünün ən böyük məqamı yola çevrilməyi bacarmaqdır. Sabir bəy mənim dostumdur, Azərbaycan xalqının, bütün dünya Türklərinin fəxr edəcəyi böyük Türkdür. Bu günlərdə Böyük Türkün 70 yaşı tamam olacaq. İstanbulda keçirilən yubiley tədbirinə dəvətli olsam da, çəkilişlər və tamaşalar ucbatından gedə bilmədim. Bu dediklərimi də Sabir bəyin doğum gününə təbrik nitqi kimi yaza bilərsiniz. Salam, Böyük Türk, 70 yaşın kutlu olsun! Tanrı səni, Tanrı Türkü, Tanrı Millətimizi qorusun!

– Söhbətimizə sənətlə başladıq, sənətlə də bitirmək istəyirəm. Nurəddin Mehdixanlı yaratdığı hansı obrazın simasında tarixə düşmək istəyir?

– Məni “Unuda bilmirəm”dəki Kamran obrazı xalqıma tanıtdırdı, sevdirdi. Amma Nurəddin Mehdixanlı olaraq övladıma, nəslimə, millətimə qoyacağım ən dəyərli miras “Cavad xan” filmi, Cavad xan obrazıdır.

– Xaraktercə də Cavad xana bənzəyirsiniz?

– Soyumuz, kökümüz, torpağımız, vətənimiz, arzularımız və yaşadıqlarımız birdisə, nədən Cavad xan olmağa cəhd etməyək?! Vətəni, milləti onun kimi sevməyə, yurd uğrunda öldürməyə və ölməyə hazır olmağa nədən cəhd etməyək?! Cavad xan Azərbaycan Türklərinin əsl milli qəhrəmanıdır. Çox xoşbəxtəm ki, filmdə olsa belə onun taleyini yaşamaq mənə qismət oldu. (moderator.az)

İnterpress.az