Xocalı qurbanları Parisdə anılıbbackend

Xocalı qurbanları Parisdə anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 23-də Parisin mərkəzində yerləşən tarixi “Theatre Adyar” teatrında 1992-ci il Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş klassik musiqi konserti baş tutub.

Anım gecəsində Fransanın ictimai-siyasi xadimləri, Parisdə akkreditə olunmuş xarici diplomatlar, işgüzar dairələrin nümayəndələri, musiqisevərlər, eləcə də Azərbaycan diasporunun fəalları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə “Xocalı 613” simfoniyasının müəllifi, tanınmış fransız bəstəkar, Pyer Tilloyun müharibə qurbanlarının xatirəsinə həsr olunmuş “Lamento – In Memoriam” adlı əsərinin də premyerası keçirilib.

İkinci Dünya müharibəsinin sonlarında 1944-cü ilin iyun ayında işğalçı nasist qüvvələri Fransanın Oradour-sur-Glane şəhərini dağıdıb, 642 dinc sakinini qətlə yetirib. Xarabalığa çevrilmiş şəhər 70 il ərzində olduğu kimi saxlanılıb ki, dünya müharibə dağıntılarının insanlara təsiri unudulmasın. Ölənlərin sayı təqribən eyni olan Xocalı ilə birbaşa paralel aparan Oradour şəhərinin meri Filip Lakrua və Şəhid Ailələrinin Milli Assosiasiyasının nümayəndəsi Benua Sadri də həmrəylik əlaməti olaraq tədbirdə iştirak edirdilər.

Parisdəki erməni diasporunun bir qrup təmsilçisi anım gecəsinin keçirilməsinə mane olmaq üçün teatr binası divarlarına Azərbaycana əleyhinə şəkillər və yazılar yerləşdirməklə etiraz bildirməyə cəhd edib. Yerli hüquq-mühafizə orqanlarının səyi nəticəsində onlar vaxtında təcrid edilərək teatr binası ətrafından uzaqlaşdırılıblar.

Tədbirdə çıxış edən AAC-ın Fransa Nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gordin bildirib ki, “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Kampaniyanın əsas missiyası dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında məlumatlandırmaqdan ibarətdir.

M. Gordin qeyd edib ki, kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına yönələn beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrika ölkələrində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib: “Parisdəki konsertdən əlavə, “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində London, Strasburq, Brüssel, Berlin, Bern, Dublin, Lüksemburq, İstanbul, Ankara, Roma, Vilnüs və digər şəhərlərdə tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycanın ərazi bütövlüyünün bərpası və haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm vasitədir”, – deyə M.Gordin bildirib.

Anım gecəsində tanınmış azərbaycanlı tarzən Arslan Növrəslinin, skripkaçı Səbinə Rakçeyevanın və Nəzrin Rəşidovanın rəhbərlik etdiyi “FeMusa” orkestri tərəfindən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin “Rekviem”, Vasif Adıgözəlovun “Qərənfil”, Azər Rzayevin “Meditasiya”, həmçinin Antonio Vivaldi, Paul Lyuis, Karl Jenkins və Gabriel Faurenin əsərlərindən ibarət musiqi parçaları ifa edilib. ( apa )

İnterpress.az