İnterpress.az xəbər verir ki, lüğətdə əsasən türk dilində və azərbaycanca olan şəxs adları verilir. Yeri gəldikdə ərəb və fars adları da təqdim edilir və izahları verilir.
Daha öncə də şəxs adları ilə bağlı lüğətlər hazırlamış müəllif ilk dəfə belə əhatəli və geniş şəkildə lüğət təqdim edir. Kitabda geniş müqəddimə və istifadə olunmuş mənbələr də verilir.
Müqəddimədə müəllif türk şəxs adlarının yaranma tarixindən bəhs edir və bu adların yaranmasının bir neçə mərhələsini göstərir. Müəllif müxtəlif türk xalqlarına başqa dillərin təsirindən söz açır, türk şəxs adlarının yayıldığı əraziləri qeyd edir, adların verilməsində türk xalqlarında olan fərqləri göstərir, adların insanlara qoyulması şəraiti və səbəblərindən bəhs edir.
Lüğətdə adların mənaları açıqlanır, yeri gəldikdə adların mənşəyi düzgün və təhrif olunmuş biçimi haqqında məlumat verilir. Adlar açıqlanarkən imkan daxilində onların bütün mənaları və hətta, ehtimal olunan mənaları da, lüğətdə öz əksini tapır.
Sözlükdə Anadolu, Orta Asiya və başqa türklərin adları bəzən səsləndiyi biçimdə də verilir. O adlar ki, türklərin əksəriyyətində işlənir, onları, adətən, Azərbaycan türkcəsində göstərməyə üstünlük verilir.
İnterpress.az