Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın “The New York Times” qəzetində “Qafqaz dağlarında isti qarşılama” adlı məqalənin dərc olunmasına münasibət bildirərkən deyib.
H. Hacıyev bildirib ki, S. Kuqelin Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti təhrif edən bu məqaləsi əslində “The New York Times” qəzetinin oxucu auditroyasına və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına hörmətsizlikdir: “Belə bir yazının \”The New York Times\” qəzetində özünə yer alması təəssüf doğurur. Erməni lobbi dairələrinin sifarişi ilə ərsəyə gələn bu məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mülkiyyətin talan edilməsi, Azərbaycan xalqına aid maddi-mədəniyyət nümunələrinin, o cümlədən İslam dininə aid abidələrin və ibadət ocaqlarının məhv edilməsi faktları məqsədyönlü şəkildə öz əksini tapmayıb. İşğal olunmuş ərazilərə “turizm” səfərlərindən danışan və belə bir qərəzli yazıya yer verən \”The New York Times\” qəzetinin redaksiyasına xatırlatmaq istərdik ki, münaqişə ərazisi olan bu ərazilər insan alveri, narkotik maddələrin hazırlanması və dövriyyəsi, qanunsuz silah ticarəti və terrorçuların hazırlanması kimi transmilli cinayətlərin həyata keçirildiyi məkandır”.
H. Haciyev Set Kuqelin adının \”arzuolunmaz şəxslər\” siyahısına daxil ediləcəyini bəyan edib.
Xatırladaq ki, səyyah S. Kuqel “The New York Times” qəzeti üçün “Qafqaz dağlarında isti qarşılama” adlı məqalə hazırlayıb. Məqalədə o, Dağlıq Qarabağda keçirdiyi istirahət günündən danışır. Müəllif Dağlıq Qarabağda 150 min erməninin yaşadığını iddia edib: “Qərbdə Ermənistanla sərhəd sakitdir. Şərqdə – Azərbaycanla mübahisəli sərhəddə tez-tez snayper atəşləri baş verir, ötən il isə helikopter vurulub. Dağlıq Qarabağın mürəkkəb tarixi əsrlərdən bəri mövcuddur. Lakin ən son hadisə 1990-cı illərin əvvəlindən başlayan sərt müharibədir ki, həmin vaxt əsasən ermənilərdən ibarət olan ərazi öz müstəqilliyini elan edib”.
Məqalədə deyilir ki, BMT-yə üzv dövlətlər tərəfindən müstəqilliyinin tanınmamasına baxmayaraq, Dağlıq Qarabağın bayrağı və hökuməti var və Ermənistanla sıx əlaqələri mövcuddur. Müəllif qeyd edir ki, bu region turizm üçün çox əlverişlidir və təhlükəsiz səyahət zonası hesab olunur. Dağlıq Qarabağın məhdud büdcəli turistlər üçün əlverişli olduğunu söyləyən Kuqel orada təxminən 100 dollar xərclədiyini və bunun da yarısının nəqliyyat xərclərinə sərf edildiyini yazıb.
İnterpress.az