Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə yaxından tanışlığım təxminən 7 il əvvəl olub. Təşkilatın Güney Azərbaycanla bağlı bir tədbirində iştirak etmişdim. Soydaşlarımızın problemləri ilə ilk tanışlığım da orada oldu. O vaxta qədər çox az məlumatım vardı. Sadəcə ana dilində məktəblərinin olmadığını bilirdim.
Simpozium idi, ən çox diqqətimi çəkən gənclərin də fəal iştirakı və çıxışları olmuşdu. Məruzələr dinlənildi, güneyli soydaşlarımıza da söz verildi. Eləcə də DAK həmsədri Sabir Rüstəmxanlı fikirlərini bölüşdü. Güneydə 35 milyondan çox soydaşımızın milli və vətəndaş haqlarının pozulmasını, hüququnu tələb edən milli fəalların üzləşdiyi çətinlikləri, həbsləri, təqibləri o tədbirdə öyrəndim. Güney Azərbaycan mövzusu mənim üçün elə o gün başladı. DAK-ın və keçirdiyi tədbirin sayəsində.
Beləcə bu mövzunu araşdırmağa başladım, güneyli soydaşlarımızla tanış oldum. Müsahibələr aldım, verilişlər hazırladım, xəbərlər yazdım. DAK-ın tədbirlərini, hər qurultaydan sonra keçirilən hesabat xarakterli mətbuat konfranslarını çəkdim. Keçirilən hər “dəyirmi masa”da, simpoziumda Güneylə bağlı yeni məlumatlar öyrəndim. DAK-ın və keçirdiyi tədbirin sayəsində.
Təşkilatın fəaliyyəti və səmərəsi danılmazdır. Ən azı DAK-ın tədbirləri ilə Güney mövzusu ölkə mətbuatında yenilənir, gündəmə gəlir, ictimaiyyətə çatdırılır. Beləcə məlumatsız vətəndaşlarımız da o taydan xəbər tuturlar.
Son qurultayadək DAK Daimi Şurasının sədri olan Əjdər Tağızadə ilə də bu təşkilatda tanış oldum. O da tədbirlər keçirir, İran hakimiyyətinə, Güneyə mesajlar göndərirdi.
DAK-ın təşkil etdiyi Babək yürüşü də yəqin çoxlarının yadındadır. İsti yay günü olmasına baxmayaraq, gənclərin çoxluq təşkil etdiyi coşğulu bir yürüş idi. Yenə S.Rüstəmxanlı, Ə.Tağızadə və digərləri çıxış etdi. Uzaqdan olsa da Güneyin kəndlərini, məftilin o üzündəki Vətəni gördüm. DAK-ın və keçirdiyi tədbirin sayəsində.
DAK-ın önəmli addımlarından biri də İran səfirliyinin önündə keçirilən etiraz aksiyalarıdır. DAK rəhbərliyi, təşkilat üzvləri o günlərdə çiyin-çiyinə mübarizə aparırdılar.
İranın etirazlarına və notalarına baxmayaraq, DAK fəaliyyətinə bu gün də davam edir.
Sonuncu dəfə 130 qurultay nümayəndəsinin iradəsi və seçimi ilə S.Rüstəmxanlı və Firudin Pərvizniya təkrar həmsədr seçilsələr də, Ə.Tağızadə mandatını təhvil verərək DAK-la yollarını ayırdı. Düşündüm ki, yəqin yeni bir təşkilat yaradıb, orada fəaliyyətinə davam edəcək. Güney Azərbaycanla bağlı fəaliyyət göstərmək üçün mütləq DAK-da olmaq vacib deyil ki! Önəmli olan mübarizənin istiqaməti və səmimiyyətdir.
Təşkilatdan uzaqlaşandan sonra Ə.Tağızadənin DAK-la bağlı müsahibəsini oxuyanda təəccübləndim. Səsləndirdiyi ittihamlar çoxları kimi mənim üçün də gözlənilməz oldu.
DAK bir təşkilatdır, biri gələr, biri gedər. Bu, bütün qurumlarda baş verən prosesdir. Üzücü olan uzunillik birgə əməkdaşlıqdan sonra DAK-ı fəaliyyətsizlikdə suçlamaqdır. Bu, tək Sabir bəyə və təşkilata qarşı deyil, həmçinin Əjdər bəyin öz zəhmətinə qarşı da ədalətsizlikdir. Bütün fəaliyyəti sıfırlamaq, heç olmamış kimi qələmə vermək haqsızlıq deyilmi?
Təşkilatın indiyədək elə bir tədbiri olmayıb ki, orada Güney mövzusuna toxunulmasın. Çoxları susanda da, S.Rüstəmxanlı Güney haqqında danışıb, oradakı problemləri dilə gətirib. Milli Məclisin iclaslarında da dəfələrlə bu məsələyə toxunaraq, “İranda Azərbaycan türklərinin varlığı əldən gedir” deyə haray salıb. S.Rüstəmxanlının Güneylə bağlı parlamentdəki çıxışlarını təqdir edənlər niyəsə bu günlərdə o çıxışları yada salmırlar.
S.Rüstəmxanlının Güney tarixçəsi DAK-la başlamır. Yaradıcılığında və fəaliyyətində DAK-dan öncə də Güney Azərbaycan var idi. Sabir bəyin bir çoxlarından əsas fərqi də budur: Onun üçün DAK-a görə Güney deyil, Güneyə görə DAK var…