Milli səfərbərlik prosesləri mənasız yerə bu əyləcin işarəsi ilə dalana dirənir. Bizlər bir millət olaraq, Güney Azərbaycan, Borçalı, Dərbənd, İraq Türkman və digər sorunlarımızı məhz buna görə çözə bilmirik. Çünki, intellektual səviyyəsi aşağı olan bəzi adamlar bu proseslərin önündə olmaq və çeşidli siyasi avantüralar sayəsində varlıqlarını qorumaq taktikasını sərgiləyirlər. Ötən 25 il ərzində baş vermiş olayların özü bütün bunları təsdiq edir. Tamamilə dağınıq şəkildə olan milli diasporumuzun acı taleyi milli faciələrimizdən biridir. Siyasi avantüristlərin öz maraqları çərçivəsində atdığı addımların hər biri bu prosesdə böyük suçdur.
DAK-ı gerçəkdən DAK olmağa nə üçün qoymurlar?
Dünya Azərbaycanlıları Konqresi (DAK) adına hər dəfə uğurlu toplantılar sonucu olaraq, anındaca bir sıra bəlirsiz olaylar da gündəmə gəlir. Bu sırada keçmişi qaranlıq olanlar daha aktiv şəkildə hərəkətə keçirlər. DAK-ın İstanbul Qurultayından sonra da belə oldu. Keçmişdə İranda aşırı bir şəkildə paniranizm və panfarsizm siyasətini müdafiə edən “Hezbe Tudeyi İran”ın (İran Kommunist Partiyası) üzvü kimi tanınan Əjdər Tağızadə adlı birisi 25 ildir saxtakarcasına “Güney Azərbaycan İstiqlalı” tərəfdarı adına bir çox proseslərdə “tudə” avantürası siyasətini sərgiləmişdir. Meydanı boş görən keçmiş paniranizm xəstələri sırasında “Mücahidane Xəlq”, “Hezbe Tudeyi İran” və “Rahi Kargər” adlı marksist-leninçilər Güney Azərbaycan Milli İstiqlal Hərəkatını bayağılaşdırmaq və onu heçə endirmək üçün bu prosesdə 37 ildir hakimiyyətdə olan mollakratiya rejiminin siyasətini dolayı yolla müdafiə edirlər. Buna görə də, onların siyasi avantüraları sayəsində Güney Azərbaycanla bağlı prosesler istənilən nəticəni vermir.
1980-ci illərin ortalarında Bakıya mollakratiya rejiminin təqiblərindən yaxasını qurtarmaq üçün pənah gətirən Əjdər Tağızadə, sonradan keçmiş Sovetlər Birliyinin təlimatı əsasında tudəçilərin Avropa ölkələrində məskunlaşması projesində iştirak etdi. Çünki, Kreml keçmişi marksist-leninçi olan cameəden uzaq strateji məqsədlər üçün istifadə etməyi planlaşdırmışdı. İsveç, Norveç və Almaniya kimi sosial hədəflər üzərində köklənmiş ölkələrdə onların yerləşdirilməsi proseslərini ustalıqla təmin etdi. Beləcə, Əjdər Tağızadə İsveçin Malmö şəhərində məskunlaşdı. İndi həmin şəhərdə yaşayan azərbaycanlı icması ikiyə bölünüb. Əlirza Qəzvininin sədri olduğu “Azərbaycan Kültür Mərkəzi”ndə 180 nəfər təmsil olunursa, Əjdər Tağızadənin sədri olduğu “İsveç-Azərbaycan Kültür Mərkəzi”nin dörd nəfər üzvü vardır. O, ixtisasca taksi sürücüsü və intellektual səviyyəsinin olmadığına görə ailəsi dışında kimsə onunla eyni ortamda deyil. Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, Bakıya gələn Əjdər Tağızadə Avropadakı mühacir soydaşlarımızın adından uzaq strateji hədəflərə hesablanmış bir çox projelərdə yer almağa başladı. Onun amacı Güney Azərbaycan adına milli davanın nəticələrini heçə endirməkdən ibarət idi. Özü kimi taksi sürücüsü olan və Kanadada yaşayan, keçmiş “tudəçi” Haşım Qarapapaq adlı birisi ilə “Güney Azərbaycan Milli Hökumətinin Parlamenti” adlı saxta bir qurumun yarandığını elan etdi. H. Qarapapağın isə Kanadaya yaşamaq üçün mühacirət etmək istəyənlərdən Bakıda yüzmin dollarlarla pul alaraq sivişib aradan çıxması faktına görə, ötən yüzil 90-cı illərin ortalarında Bakı Baş Polis İdarəsi hətta xüsusi qaydada cinayət işi də açmışdı. Həmin dönəmlərdə Əjdər Tağzadə və Haşım Qarapapaq davamlı şəkildə mətbuat konfransları keçirir və özlerini Güney Azərbaycan Milli Davasının öndərləri kimi sırımaqdan usanmırdılar.
40 min dollarlıq hesabat və avantür
İsveçdən əldə etdiyimiz bilgilərə görə, Əjdər Tağızadə hökumətdən “İsveç-Azərbaycan Kültür Mərkəzi” adına 40 min dollar vəsait alaraq, bu ölkənin humanizm prinsiplərini özünün şəxsi maraqlarına yönəltmişdir. Ötən il aldığı 40 min dollarlıq vəsaitin hesabatını bu ilin mart ayına kimi təqdim etməli idi. Ötən müddət ərzində İsveç-Azərbaycan lobbiçiliyini etməyə borclu olmasına baxmayaraq, bu yöndə hər hansı bir humanitar tədbir keçirməmişdir. Bu ağır yükün altından çıxmaq üçün o, DAK-a qarşı siyasi avantüralara başlamışdır. Çünki, DAK-la ilgili ötən müddətdə hər hansı uğurlu addım ata bilməmiş ve gördüyü bütün işlərə daha çox şəxsi qazancı mövqeyindən yanaşmışdır…
Bu gün ötən illərdən fərqli olaraq, Azərbaycan milli diaspor təşkilatları, eləcə də Güney Azərbaycan məsələsi tamamilə yeni məzmun və xarakter daşımağa başlamışdır. Milli hədəflərə yönəlmiş bu proses daha intellektual şəkildə aparılır. Əjdər Tağızadənin zəkası isə bu yöndə çox geridə qalır. BMT səviyyəsində bu gün professor Jalə Rəzmi və Maşallah Rəzmi Güney Azərbaycanda insan haqları məsələsi üzrə hesabatların hazırlanması proseslərinə cəlb ediliblər. Ukraynada ilk dəfə olaraq, milli diaspor təşkilatlarımız bu ölkədə separatizmə qarşı çıxaraq rəsmi Kiyev hökumətini müdafiə etdilər. Rusiyadakı “AzərRos” və “Rusiya Azərbaycanlıları Konqresi” kimi iri təşkilatlar diaspor və Vətən arasında körpü olmaq hədəflərini ortaya qoydular. ABŞ və Avropadakı milli təşkilatlarımız bu gün daha savadlı şəkildə mübarizə aparmaq zərurətini sərgiləməyə başlamışlar. Türkiyədəki Azərbaycan Dərnəkləri də bu prosesdə önə çıxmağa başlamışlar.
Əjdər Tağızadə kimiləri yeni standartlara və intellektual mübarizəyə mənəvi və psixoloji baxımdan uyğun olmadıqları üçün səssizcə geri çəkilmək əvəzinə, bu prosesə zərbə vurmaq yolunu seçmişlər. Çünki, ötənlərdə olduğu kimi siyasi avantüralar və boşboğazlıq bazarları qapanmışdır. Ötənlərdə olduğu kimi gedib taksi sürücülüyü etsələr bəlkə də daha faydalı ola bilərlər.
Yalanla yoğrulmuş avantüra
Əjdər Tağızadə son zamanlar DAK-ı PKK-ya işləməkdə suçlamaqla öz yalanlarına çoxlarını da bulaşdırmağa çalışır. Halbuki, DAK İraq Türkmənləri ilə sıx əlaqələr qurmağı əsas hədəflərindən biri hesab edir. Buna görə də, İraq Türkmən millət vəkili Feyzi Tərzioğlu ilə birgə bir sıra ortaq çalışmalara start vermişdir. Qırx ildən çox hakimiyyət sürmüş BƏƏS (Ərəb Milliyyətçi Sosialist Partiyası) və onun diktator lideri olmuş Səddam Hüseyn rejiminin törətdiyi fəsadların, 2003-cü ildən indiyə kimi yaranmış acı durumun sonucu olaraq üç milyonluq Türkman əhalisinin yaşadığı sorunlarla ilgilənmək, Azərbaycanın bu prosesdə onlarla ortaq fəaliyyətlər düzənlənməsi çox mühüm addımlardan biridir. Bu təmasları Əjdər Tağızadə öz ağlının məhsulu sayəsində PKK və digər bölücü kürd təşkilatları ilə işbirliyi kimi təlqin etməyə çalışır. Əslində bu gün Güney Azərbaycanda da İraq Türkman dəyərlərinə üstünlük verilməsi hədəfləri ortaya qoyulmuşdur. Deməli, bir yandan mühacirətdə yaşayan milli diasporumuz İraq Türkmənləri ilə uzlaşmaları irəli sürür, o biri yandan Türkiyə, Azərbaycan Respublikası, həm də Güney Azərbaycan bu yöndəki çalışmaları intellektual səviyyəyə qaldırmaq üçün hərəkət edirlər. Təbii olaraq, bu gəlişmələr Türk düşmənlərini əndişələndirib. Əjdər Tağızadənin keçmişində olan “tudəçi” təfəkkürü çağdaş həyatımızdan çox geri qalır. Unutmaq olmaz ki, Əjdər Tağızadənin mənsub olduğu “Hezbe Tudeyi İran” partiyasının keçmiş lideri Nurəddin Kiyanoriyə 1945-ci ildə Güney Azərbaycan Milli Hökumətini qurmuş Seyid Cəfər Pişəvəri müraciət edərək bildirir ki, bizlər şahlıq üsul-idarəsini yıxdıq. İndi Tehranda da sizlər ayağa qalxmalısınız. O dönəmdə N. Kiyanori S. C. Pişəvəriyə belə bir rəsmi cavab göndərmişdir: “Bizlər fars və irançılıq maraqlarımızı hər hansı bir milli hədəflərə qurban verə bilmərik”. Bu tarixi həqiqət bir daha sübut edir ki, “tudəçi”lər hər zaman strateji məqamlarda milli xəyanət yolunu tutmuşlar. Demokratiya, xalqların özgürlüyü və bəşəri dəyərləri sözdə elan etsələr də, sonucda “paniranizm” və “fars şovinizmi” hədəflərinə qurban vermişlər. “Hizbe Tudeyi İran” təşkilatı 1995-ci ildə Yunanıstanın başkəndi Afinada keçirilən “Dünya Kommunist Partiyaları”nın qurultayında “Dağlıq Qarabağ Ermənistanın tarixi ərazisidir” təklifini vermiş və dünya kommunistləri də bunu qəbul etmişdir.
Əjdər Tağızadə DAK-ı 40 ildir qatı Türk düşmənçiliyi siyasəti yürüdən “Mücahidane Xəlq” (Xalqın Mücahidləri) təşkilatı ilə işbiriliyində suçlayır. Halbuki DAK hakimiyyətə gəlmək üçün terrorizmi dəstəkləyən, İranda və Güney Azərbaycanda Türkün milli kimliyini inkar edən doktrinanı öz nizamnaməsində açıq şəkildə qeyd edən belə bir partiya ilə əməkdaşlıq edə bilməz. Çamur atmaq hər zaman keçmiş tudəçilərin ən çox sevdikləri siyasi avantürası olmuşdur.
Bu günün şərtləri
DAK faktiki olaraq, milli təşkilatlanma yönündə öncələrdən fərqli olaraq, daha ciddi addımlar atmaqdadır. Zamanla siyasi avantüraların burulğanında özlərinə yer edənlər indi üz-üzə qaldıqları şərtlərə uyğun olmadıqlarını çox yaxşı dərk edirlər. Buna görə də, siyasi avantüralarını “nəlbəkidə tufan” görümündə gündəmə gətirməklə yeni xarakter daşıyan hərəkatın qarşısını almağa çalışırlar. Çünki, onların intellekti bu günün şərtlərindən çox-çox uzaqdır. Əjdər Tağızadə və onun kimilərinin siyasi portreti elə bu anlamla tükənmişdir. Ona görə ki, artıq süni pafoslarla nitq etmək deyil, əməli iş görməyin zamanı çatmışdır. Türk düşmənçiliyi siyasətini yürüdən bütün dövlətlər boşboğazların və süni pafosların yanında durduqları üçün, artıq onlara ehtiyac qalmamışdır. Milli təşkilatlanmaya qarşı durmaq, mənasız intriqalarla şaşqınlıq yaratmaq hər zaman avantüristlərin yaşam qaynağı olsa da, cəmiyyət indi onlara inanmır. Bu gün virtual və vizual aləmdə hər şey öz çılpaqlığı ilə anındaca üzə çıxır. Buna görə də kimsəni aldatmaq da mümkün deyil. Yaşadığımız zamanın şərtləri içində doğru-dürüst addımlar atmaqla, milli sosiallaşmanın standartlarını inkişaf etdirmək əsas şərtlərdən biridir. Güney Azərbaycan davası artıq xalqın şərəf məsələsi kimi ortadadır. Bu yöndə aparılan və görülən işlərin heç birində Əjdər Tağızadə gerçək fəaliyyətlərdə bulunmamışdır. Onun atdığı çamurların izini yeni düşüncə tərzinin yağmurları silib aparmaqdadır…
Ənvər BÖRÜSOY
İnterpress.az