Dağıstanın keçmiş vitse-premyerinin dul arvadının yetkinlik yaşına çatmayan oğlu qətldə şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dağıstanın keçmiş vitse-premyeri Hacı Mahmudovun dul arvadı Anna Kamenevanın qətlində onun yetkinlik yaşına çatmayan oğlu şübhəli bilinərək saxlanılıb.
İlkin məlumata görə, cinayət törədilən vaxt yeniyetmə dostu ilə birlikdə olub.
Ailə yaxınlarının bildirdiyinə görə, Anna Kameneva və Hacı Mahmudov rəsmi nikahda olmayıblar. Buna baxmayaraq, cütlüyün iki oğlan və iki qız olmaqla dörd övladı olub.
Qızlardan biri 2013-cü ildə Kutuzov prospektində baş verən və Mahmudovun ölümü ilə nəticələnən avtomobil qəzası zamanı atasının avtomobilində olub. Qız qəzadan sağ çıxsa da, əlillik alıb.
Tanışları Annanı qapalı insan kimi xarakterizə ediblər. Onun demək olar ki, heç kimlə ünsiyyət qurmadığı və dostluq münasibətləri yaratmadığı bildirilir.
Mahmudovun ölümündən sonra Anna onun birinci həyat yoldaşı ilə əmlak və biznes məsələləri səbəbilə münaqişə yaşayıb.
Məlumata görə, tərəflər arasında çoxsaylı aktivlərlə bağlı mübahisə olub.
Bölüşdürülməsi müzakirə olunan əmlaklar arasında ümumi sahəsi 113 min kvadratmetr olan 17 torpaq sahəsi, ümumi sahəsi 2,3 min kvadratmetr olan 6 ev, 4 mənzil, qeyri-yaşayış sahələri, imtiyazlı səhmlər və dividendlər, həmçinin şirkətlərdə paylar yer alıb.
Xuraman Etibarlı
İnterpress.az






