Azərbaycanda 70 minə yaxın əlil şəxs var. Onların arasında qohum evliliklərindən doğulan uşaqlar da mövcuddur.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib.
O qeyd edib ki, 1354 respondent arasında sorğu keçirilib və qohum nikahlarına münasibət öyrənilib: “Əksəriyyət mənfi yanaşsa da, müsbət yanaşanlar da var. Əsas məsələlərdən biri yaşlı nəslin təkidi, ataların öz qızlarının təhlükəsizliyini təmin etdiyini sanması, nəsildən-nəslə keçən gərəksiz stereotiplər, erkən nikahlardır. Belə yanaşma var ki, tərbiyəli qızları adətən qohumlar alır. Bu isə qızlara qarşı genderəsaslı zorakılığın bir növü hesab edilir. Boşanma proseslərində qohumlar arasındakı nikahlara xitam verilirsə, nəsillər arasında düşmənçilik ciddi həddə çatır, hətta nəsildən-nəslə ötürülür”.
T.İbrahimova əlavə edib ki, erkən nikahları qəbul etmədiyimiz kimi, qohum nikahlarını da qəbul etməməliyik.
“Qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir. Qohum evliliklərində əlil uşaqların doğulması riski yad şəxslərin evlilikləri ilə müqayisədə iki dəfə yüksəkdir. Həmçinin, əlil doğulan uşaqların 8.4 faizi qohum evliliklərinin nəticəsidir. Belə evliliklərdə ölü və yarımçıq doğumların sayı da çoxdur”.