Türkiyənin müxalifyönlü televiziyası olan Halk TV-nin efirində canlı bağlantı ilə qoşulan Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili aparıcı Ayşenur Arslanın təxribatçı sualları ilə üzləşib.
İnterpress.az xəbər verir ki, erməniləri müdafiə edən aparıcının Qarabağ bölgəsində yaşayan erməniəsilli vətəndaşlarımıza qarşı Azərbaycan tərəfindən ayrıseçkilik edilməsi, onların guya etnik təmizlənməyə məruz qalmasını iddia etməsi canlı efirdə gərgin anlar yaşadıb.
Buna baxmayaraq, azərbaycanlı QHT sədri heç bir ayrı-seçkilikdən və etnik təmizləmədən söhbət getmədiyini, antiterror tədbirlərinin Qarabağda məhz qeyri-qanuni fəaliyyət göstərən erməni silahlı dəstə üzvlərinə qarşı yönəldiyini aparıcının diqqətinə çatdırıb.
O, bununla da canlı yayımda tamaşaçılar arasında aparıcının qəsdən yanlış fikir formalaşdırmasının qarşısını alıb.
Daha sonra azərbaycanlı QHT sədri həm aparıcını, həm də televiziyanın izləyicilərini Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərinin səbəbləri, məqsədi və əhəmiyyəti barədə məlumatlandırıb.
T.Allahverdilinin aparıcını sərt şəkildə susdurması ilə nəticələnən cavabı isə Türkiyə və Azərbaycanda, hər iki ölkənin sosial şəbəkə seqmentində böyük maraqla və alqışla qarşılanıb. Eyni zamanda bu məsələyə Türkiyə mediasında da geniş yer verilib.
Daha ətraflı videomaterialı izləyə bilərsiniz: