Ermənilər İsa bulağına girmək cəsarətini hardan alır?backend

Ermənilər İsa bulağına girmək cəsarətini hardan alır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın “ Qarabağ Ermənistandır” şüarı təkcə ona yox, bütün ermənilərə baha başa gəldi. Hətta, bu gün də onun əsas düşməni Robert Koçaryan bu çağırışın məqsədəuyğun olmadığını və Azərbaycanı qıcıqlandırdığını Paşinyana irad kimi bildirir.

Amma, məlum olur ki, ermənilərə bu tip çağırışların acı nəticələri dərs olmayıb. Separatçı rejimin liderləri müharibədən sonra da səbrimizi daşırmaq, bizi qıcıqlandırmaq üçün hər cür təxribat xarakterli bəyanatlar səsləndirməkdən çəkinmirlər. Ermənistan parlament üzvlərinin Qarabağa gəlişinin Azərbaycan tərəfdən kəskin reaksiya ilə qarşılanmasına münasibət bildirən separatçı rejimin liderlərindən olan Artak Beqlaryan İrəvanda media qarşısında çıxış edərkən bu qəbildən bir neçə provakativ açıqlamalar verib.  Artak Beqlaryan bildirib ki, “ istənilən adam, xüsusilə də erməni yalnız Artsax hakimiyyətinin razılığı ilə Artsaxa gələ bilər və gəlməlidir. Azərbaycan hakimiyyətinin bu məsələyə heç bir aidiyyatı yoxdur(!). Azərbaycanın buna cavab olaraq hansı demarşı olacağını bilmirəm, amma aydın olan odur ki, onlar çox əsəbləşirlər. Amma onlar bundan çəkinməli və etiraf etməlidirlər ki, bizim öz hüququmuz, öz vətənimiz var”. Bu açıqlama mahiyyət etibarı ilə Paşinyanın yuxarıda qeyd etdiyimiz məlum şüarına çox bənzəyir. Yəni, “bura bizimdir, özümüz bilərik” kimi bir düşüncə. Amma, yalnız düşüncə deyil, əməl də var.

Separatçılar “sülhməramlıların köməyi ilə Xocavəndin Cəmiyyət kəndi ilə Zəfər yolu arasında sərhəd xətti çəkiblər. İki dövlət arasındakı sərhəd necə olarsa elə bir sərhəd qurulub, bütün mühəndis qurğularını, projektorlarını, tikanlı məftillərini möhkəmləndiriblər. Şuşa şəhərinin ərazisi olan teleqülləyə yaxın yerdə “Xaç postu” adlanan hərbi post qurublar. İki ay əvvəl gecənin birində İsa bulağına erməni silahlı qüvvələrinin bir bölməsi daxil olub və “bura bizimdir” deyib, sülhməramlılara dirəniş göstərərək çıxmayacaqlarını bildiriblər. Sülhməramlılar bir gecə onları dilə tutub, bizə silah işlətməyə imkan vermədən, yalnız bir gündən sonra ərazidən çıxarıblar. Bu əhvalatın məsuliyyətini Şuşadakı səlahiyyətli hərbiçilər necə həll edib, özləri bilər, söhbət ondadır ki, belə bir boşluq niyə yaransın? Özünü ədəbiyyat müəllimi kimi qələmə verən erməni Şuşanın ortasına necə gəlib çıxır? Tutulanda da “evimə baxmağa gəlmişdim” deyə ürəkli izahat verir.

Postumuza qumbara atan Mirzoyanın sonrakı taleyi necə oldu? Sülhməramlılar onu həmin terrorun təşkilatçılarına təhvil verəndən sonra məsuliyyətə cəlb olundumu? Çox güman ki, Norayr Mirzoyan İrəvanda qəhrəman kimi qəbul olunub və öz keyfindədir. Mirzoyan qorxsaydı, o qumbaranı atmazdı. Növbəti belə təxribatın olması tamamilə mümkündür.Mirzoyanı bizim orqanlara təhvil versəydilər, ikinci bir təxribatın baş verməsini ehtimal belə etmək olmaz. Hadisələrə diqqət yetirəndə hiss edirsinizmi ki, düşmən tədricən cəsarət tapır özündə və hərəkət edir. Separatçılara kənd təsərrüfatı ilə məşğul olmaq üçün yardım edən Rusiya hərbiçiləri ermənilərə çoxillik bitkilər əkdirir, üzüm bağları saldırırlar. Bir sözlə, erməninin qaçanı qaçsa da, qalanları bizə tərs-tərs baxa-baxa öz işlərindədirlər.

Azərbaycanda “gündəmi dəyərləndirək” adı ilə o qədər başqa işlərə zaman, diqqət ayrılır ki, sanki ölkənin Xankəndi problemi deyə bir şey yoxdur. Neçə ki, Xankəndi bizim nəzarətimizdə deyil, Azərbaycanın bir nömrəli gündəmi olaraq qalmalıdır. Dəhliz, sərhədlərin müəyyənləşməsi Xankəndi probleminin açarı deyil. Əksinə, Xankəndi probleminin həlli sərhədin də, dəhlizin də məsələsinin həlli deməkdir.

Müharibədən sonra ermənilərin iddialarından geri çəkilməmələri onların qəhrəmanlığından yox, bizim problemin üzərinə bir ildir ki, getməməyimizdən qaynaqlanır. 13 aydır ki, müharibə bitib, amma bizim Xankəndi ilə bağlı nə edəcəyimiz məlum deyil. Nə zamanımız bəllidi, nə də planımız. Ona görə də Beqlaryan kimi qatı separatçı İrəvanda “öz vətənimizdir, özümüz bilərik” bəyanatı ilə çıxış edir, “ Azərbaycan hökümətinin bura heç bir aidiyyatı yoxdur” fikirlərini səsləndirir. Məğlub olan bu cəsarəti hardan tapır ki, bizə meydan oxuyur? Problemlər yalnız sülhməramlılara arxayınlıqdan yox, həm də bizim Xankəndiyə nəzarətimizi bərpa etmək siyasətimizin qeyri-müəyyənliyindən yaranır.

Neçə ki, Xankəndi problemi həll olmayıb, Azərbaycanın ən əsas gündəmi məhz Xankəndi olaraq da qalır. Süni gündəmlərə baş qarışanda erməni İsa bulağını bir gecəlik deyil, uzun müddət nəzarətdə saxlaya bilər. Deməyin ki, demədik.   /yenisabah.az/

İlham İsmayıl