Fələstinli ətraf mühit eksperti İsrailin Qəzza zolağını hədəf alan hücumları və bölgədəki tunelləri dəniz suyu ilə doldurma planının ekoloji fəlakətə səbəb olacağı və bu fəlakətin təsirlərindən qurtulmasının 100 il çəkəcəyi barədə xəbərdarlıq edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fələstin Hidroloqlar Qrupunun direktoru Əbdürrəhman əl-Təmimi, İsrailin Qəzzada tunellərə dəniz suyunu buraxmasının ətraf mühitə vuracağı zərərlə bağlı qiymətləndirmələr edib.
Fələstində torpağın çirklənməsinin sürətini izləyən ən böyük qeyri-hökumət təşkilatı olan Fələstin Hidroloqlar Qrupunun direktoru Tamimi bəyan edib ki, İsrailin Qəzzada bütün tunelləri su ilə doldurmaq planı qeyri-mümkün deyil, lakin tunellərin strukturu və onların bir-biri ilə əlaqələr bu planı çətinləşdirəcək.
Təxminən 450 kilometr uzunluğunda olduğu bilinən bütün tunellərin su altında qalmasının 40 gün çəkəcəyini qeyd edən Tamimi, bunun baş verəcəyi təqdirdə baş verəcək ekoloji fəlakətlə bağlı bunları söyləyib:
“İsrail tunelləri planlaşdırdığı kimi su ilə doldurarsa, bu, bir çox ekoloji fəlakətlərə səbəb olacaq. Artıq çirklənmiş qrunt suları daha da çirklənəcək, duzun yığılması torpağı əhəmiyyətli dərəcədə öldürəcək, torpağın çökməsinə səbəb olacaq ki, bu da minlərlə evin sökülməsi demək olacaq”. Fələstinli mütəxəssis torpaq və suyun çirklənəcəyi təqdirdə içməli su və kənd təsərrüfatı məhsullarının da çirklənəcəyi və bir çox bölgələrdə ətraf mühitin çirklənməsinin insan sağlamlığına mənfi təsirləri olacağı barədə xəbərdarlıq edib.
“Qəzza zolağı yaşayış üçün yararsız bir əraziyə çevrilə bilər və müharibənin ekoloji təsirlərinin bərpası 100 il çəkə bilər. İsrail Qəzza zolağında ətraf mühiti qırır”, – o bildirib.
Qəzzanı hədəf alan hücumların ətraf mühitə də ölümcül təsirləri olduğuna diqqət çəkən Tamimi deyib:
“Bərk tullantılarla yanaşı, İsrailin Qəzza zolağına atdığı fosfor bombalarının və partlayıcı bombaların metalları da parçalanaraq digər metallarla birləşir. Bu vəziyyət Qəzzada insan həyatı, ətraf mühit və su ehtiyatları üçün daha təhlükəli olur. Qəzzəyə atılan çox yüksək miqdarda partlayıcı maddə və hücumlarda həlak olan insanların cəsədləri, həmçinin suyun, havanın və torpağın çirklənməsi səbəbindən Qəzzada hər cür fəlakətin baş verəcəyini gözləmək lazımdır”.
Suyun 99 faizi içmək üçün uyğun deyil
Son iyirmi ildə Qəzzanın təkrar bombardmanının bölgənin ekoloji cəhətdən məhv olmasına səbəb olduğunu vurğulayan Tamimi bunları əlavə edib:
“İsrailin 7 oktyabr hücumlarından əvvəl Qəzza zolağında su ilə bağlı vəziyyət pisləşirdi, su ehtiyatlarının təxminən 90 faizi içmək üçün uyğun deyildi. İndi vəziyyət daha da pisdir, suyun 99 faizi içməyə yararsızdır”.
Tamimi Qəzza zolağındakı ekoloji vəziyyəti “fəlakətli” adlandırıb.