Livanın baş naziri İrandan ölkənin işlərinə qarışmamağı tələb edib.
İnterpress.az xəbər verir ki, Livanın baş naziri Nəcib Mikati İran parlamentinin sədri Qalibafın Tehranın Livanda atəşkəslə bağlı Fransa ilə danışıqlara hazır olması barədə bəyanatlarından sonra İranın müvəqqəti işlər vəkilini çağırıb.
Mikati “Livan işlərinə müdaxiləni və Livan üzərində qəbuledilməz qəyyumluq yaratmaq cəhdini təmsil edən bu mövqeyə təəccüblənirik” deyib.
“BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin yerinə yetirilməsi ilə bağlı danışıqların mövzusu Livan dövləti tərəfindən götürülüb və hamı onu dəstəkləməyə borcludur. Yeni mandatların tətbiqinə cəhd edilməməlidir”, – Mikati bildirib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı il avqustun 11-də 1701 saylı qətnaməsi qəbul edilib və buna əsasən İkinci Livan müharibəsindən sonra bölgədə atəşkəs elan edilib.
Xuraman Etibarlı
İnterpress.az