“Məmur dediklərimizin sayı-hesabı bilinməyən…“ – Sabir Rüstəmxanlıbackend

“Məmur dediklərimizin sayı-hesabı bilinməyən…“ – Sabir Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının Yenisabaha.z-a müsahibəsi: 

– Sabir bəy, Neftçala ilə bağlı tez-tez həyəcan təbili çalırsınız. Bir ildən çoxdur ki, analoji mövzuda çıxışlar edirsiniz. Maraqlıdır, qaldırdığınız problemlər niyə həll olunmur?

– Neftçalanın problemi həm də Azərbaycanın Aran bölgəsində, Şirvan, Muğan, Mil düzlərində yaşayan əhalinin problemidir. Kür-Araz boyunca yaşayan əhali illərlə oranın suyundan istifadə edib, o su həmişə təmiz olub, Biləsuvarda insanlar həmişə Arazın suyunu içərək onu tərifləyirdi. Ermənilərin zəhərlədiyi çaylar qarışandan sonra isə su korlandı. Həmin ərazilərdəki rayonlarda isə təbii bulaqlar, xırda çaylar yoxdur. Hamı gözünü Araza, Kürə dikib. Onlar isə öz başlanğıcını Türkiyədən götürür. Kür Gürcüstandan, Araz Ermənistandan keçib Azərbaycana gəlir. Təəssüf ki, həmin ərazilərdə bizim nəzarətimiz zəifdir, ona görə də suyu necə istifadə etdiklərini, ekoloji təmizliyin hansı səviyyədə olduğunu bilmirik. Oraya dəqiq nəzarət etmək və müəyyən məhdudiyyətlər qoymaq imkanımız yoxdur. Çünki bu, dövlətlərarası anlaşmalarla həll oluna bilər. 15-20 il əvvəl Kür-Araz daşırdı, hətta buna görə Arazın bir qolunu köhnə yatağı ilə Biləsuvar ərazisindən axıtmaq istəyirdilər. İndi isə bu çaylar quruyub. Neftçalada su yatağın dibində kiçik çay kimi axır.

Başqa bir problem isə odur ki, yatağı son illər müxtəlif yerlərdən qazıblar. Bunu nə niyyətlə etdiklərini isə bilmirəm. Kürün dibindən tikinti materiallarımı götürüblər, yoxsa başqa bir şeymi ediblər məlum deyil. Nəticədə çayın səviyyəsi dəniz səviyyəsindən xeyli aşağıdır. Su azalan kimi Xəzərin suyu az qala Salyana qədər gəlib çıxır. Yəni o bölgədəki su dəniz suyudur, o suyu isə nə mal-qara içə bilir, nə də evlərdə istifadə olunur. Kürboyu ərazidə 50-60 min əhali yaşayır və onların hamısı bu dəqiqə susuz qalıb. Təsərrüfatları da məhv olur.

Biz ötən il də bu məsələni qaldırdıq. Nazirlər Kabineti guya məsələyə kompleks baxacaqdı, həmin vaxt böyük həyəcan təbili çalındı, Prezidentin tapşırığ ilə qonşu rayonlardan su maşınları verildi, yəni Neftçalada camaatın içməli suya olan ehtiyacı bir təhər ödəndi. Amma təsərrüfatla bağlı heç nə dəyişmədi. İnsanlar çətinliklə üzləşdi, quyular qazıldı. Düzdü, Salyana Prezidentin tapşırığı ilə təcili su kəməri çəkildi, amma kəmərboyu kəndlərin heç birinə su verilmir. Şəhərin özündə hər tərəfi əhatə edən içməli su şəbəkəsi yoxdur, köhnə şəbəkənin təzələnməsinə ehtiyac var. Çünki rayonda su problemi bu gün də həll olunmamış vəziyyətdə qalır.

– Müşahidəçilər hesab edirlər ki, bu problemlərin həll olunmaması həm də məmurların yarıtmaz fəaliyyəti ilə bağlıdır. Siz bu barədə nə düşünürsünüz?

– Mən bu işlə məşğul olan nazirliklərə, komitələrə, həmin o məmurlara birbaşa müraciət elədim ki, Neftçalada 85 min əhali var, bu problem mütləq aradan qaldırılmalıdır. Çünki bir azdan Salyanın kəndləri də o vəziyyətə düşəcək. Təcili tədbirlər görülməlidir. Hətta ötən il rəhbərliyə bununla bağlı başqa təkliflərimi də vermişdim. Bildirmişdim ki, dəniz suyu o qədər də duzlu deyil, o suyu asanlıqla müəyyən müəssisələrdə duzdan təmizləyib Xəzərboyu kəndlərə vermək olar. İçməli suya qənaət etmək üçün onu suvarma sistemində istifadə etmək mümkündür. Xəzərboyu çoxlu balıq nohurları var, heç olmasa onlar üçün Kürün suyu götürülməz, yerinə təmizlənmiş dəniz suyundan istifadə edilər. Təəssüf ki, bu məsələ də hələ eyni vəziyyətdə qalır, arqument olaraq isə bahalıq göstərilir. Əgər məsələ xalqın taleyidirsə, ona lazımi qədər pul xərcləmək olar, çünki gec-tez bu olacaq.

Əvvəldə də qeyd etdiyim kimi, ötən il bu problemlərin kompleks həll olunacağını deyirdilər, amma payıza doğru yağışlar artdı, nəticədə Kürün suyu yavaş-yavaş normallaşdı və verilən vədlər yaddan çıxdı. Fikrimcə, Kürün suyu Mingəçevirdə nizamlanmalıdır. Kürboyu qoyulan nasosxanaların hər birindən az qala kiçik bir çay axır, indiki suvarma sistemi o prinsiplərlə hara gedir? Dünyanın hər yerində kanallar beton borularla axır, çünki su torpağa düşən kimi torpaq suyu sovurub aparır, nəticədə su sonadək gedib çatmır. Sonra da torpaq şorlaşır, çünki su duzu üzə qaldırır. Ona görə də mütləq şəkildə bütün suvarma sistemləri dəyişməlidir. Məmur dediklərimizin sayı-hesabı bilinməyən nohurları, balıq yetişdirmə gölləri var. Bu göllər nə qədər balıq yetişdirir, o balıq hara gedir, onun xeyiri-ziyanı nədir? Buna görə nə qədər torpaq sahəsini zəbt ediblər?

İnsanların içməli suyu çatışmır, amma nohurlardakı balıqların ölməmələri üçün hər gün onlara içməli su verilir. Bu nə sistemdir, başa düşmürəm. Müqayisə üçün deyim. “YouTube”da baxsanız, görərsiniz ki, Ermənistanda artezian quyuları ilə nohurlar düzəldiblər, asetrinin nə olduğunu bilməyən erməni orada asetrin yetişdirir. Özü də adambaşına düşən aylıq asetrin miqdarı Azərbaycandakından çoxdur. Balıqçılıq mənasında biz Xəzəri də məhv eləmişik, Kürü də, Arazı da… Qurulan torlar, yolların kəsilməsi, balığın artımına şərait yaradılmaması, dəniz suyunun təmizliyinin qorunmaması kimi problemlər həll olunmur. Dənizi olan ölkənin bu dəqiqə o balığa ehtiyacı var. Dənizi olmayan, ancaq quyu ümidinə qalan qonşularımız bizdən çox balıq yetişdirib istifadə edir. Bu, anormal bir şeydir. Kürboyu bu qədər göllər var, kimindir onlar? Əgər bunlar varsa, niyə balıq bazara gəlib çıxmır? Azərbaycan bazarlarında balıqlar ya Həştərxandan, ya Mahaçqaladan, ya da İran sahillərindən gəlir. Özümüzün balığımız yoxdur, olsa da, çox azdır.

– Vəziyyətdən çıxış yolu nədədir? Köhnə, bu sahədə heç bir addım atmayan məmurlar vəzifədən getsə, problem həllini tapa bilər?

– Düzü, bilmirəm, bu problemləri yaradan təzə, yoxsa köhnə məmurlardır. Amma mütləq çıxış yolu olmalıdır. Kürün ağzını deltada, yəni dənizə tökülən yerdə Şimal tərəfə döndəriblər. Kür bir neçə xətlə tökülürdü, bunlardan biri də cənub xətti idi, amma indi o bağlanıb. Şimal küləyi duzlu suyu Kürə qovur. Əgər cənub xətti açıq olsaydı, bəlkə də, Kür bu qədər duzlu suyla dolmazdı. Digər bir problem də odur ki, Kürün dibinin lilini uzun illər daşıyıb aparıblar, çayın dibini quyuya döndəriblər. Əgər oralar dolmasa, təbii ki, Xəzərdən gələn dalğa quyunu dolduracaq, oranı təmizləmək üçün, gərək, Kür təmiz daşsın, çoxlu su gəlsin. Dəfələrlə deyiblərlər ki, Kürün ağzını qaldıraq, bu yolla dəniz suyunun qarşısı alınsın. Amma bu edilmir. Orada yaşayan, təbiətin, o yerlərin dilini bilən adamlar çoxlu təkliflər verir, amma yuxarıda oturan məmurlar elə hey, “Biz bilirik, həll edəcəyik”,-deyirlər, amma heç nə həll olunmur.

– Neftçalanın yeni icra başçısı Mirhəsən Seyidovun problemlərin həlli istiqamətindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

– Neftçalanın icra başçısı gəncdir, torpaqla işləməyib, indiyədək təsərrüfatı yaxşı bilmirdi. Qısa müddətdir ki, işin içinə girib, artıq rayon camaatı ilə ünsiyyətdədir. Harada nə problem varsa, hamısından xəbərdardır, çalışır insanlara kömək etsin, güman edirəm ki, yaxşı  işləyəcək