Məmur otaqları yenə xalqın üzünə bağlıdı”backend

Məmur otaqları yenə xalqın üzünə bağlıdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabir Rüstəmxanlı: “Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilmədik”
 
Dünən Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da parlamentdə təmsil olunan siyasi partiya sədrləri, Milli Məclisin komitə sədrləri və deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Vətən müharibəsində qazanılan qələbədən çıxan nəticələr barədə çıxışlar olub, təkliflər səsləndirilib.
 
“Vətən müharibəsi dövründə əksər siyasi partiya Prezidentin siyasətinə qətiyyətli dəstək göstərdi”
YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, müasir dövrdə hər bir ölkənin gücünü müəyyən edən amillərdən biri milli həmrəyliyin təmin olunmasıdır. Onun sözlərinə görə, tarixi faktlar da sübut edir ki, burada lider amili də xüsusi əhəmiyyət kəsb edir: “Müstəqillik dövrünün prosesləri təsdiqləyir ki, milli həmrəylik xalqın taleyində həlledici faktor kimi rol oynayır. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasında, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə milli həmrəylik amilinin müstəsna rolu olub. 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiya Prezident İlham Əliyevin siyasətinə qətiyyətli dəstək göstərdi. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Möhtəşəm qələbənin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına deyil, eyni zamanda Cənubi Qafqazda yeni reallıqların yaranmasına səbəb olub. Azərbaycan Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırıb”.
 
“Qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb”
T.Budaqov vurğulayıb ki, qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb: “Regionda türk dövlətləri ilə ikitərəfli əlaqələrin formalaşması istiqamətində mühüm addımlar atılacaq. Çin tərəfi diplomatik kanallar vasitəsilə bizimlə videokonfrans formatında görüşmək istəyir. Çin Kommunist Partiyasının yüksək ranqlı məmuru tərəfindən bu görüş istəyi bizə çatdırılıb”.
 
“Lazım gələndə bu ölkənin hər bir vətəndaşı Vətən uğrunda öz həyatını qurban verə bilir”
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, cəmiyyətdə ictimai gərginliyin pik həddə çatdığı zaman dialoq meydana çıxır. O bildirib ki, bu gün yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz: “Təəssüf ki, son 30 ildə Azərbaycanda dialoq mühiti yaratmaq yalnız 2020-ci ildə mümkün olub. Ona qədər Azərbaycanda siyasi partiyalar arasında görüşlərin təşkilatçısı təəssüf ki, xaricilər olub. ATƏT-in YAP-ı və digər partiyaları bir araya yığdığını yaxşı xatırlayırıq. Amma bunun nə qədər dialoq arzusuna xidmət etdiyini düşünmək absurddur. Çünki ATƏT-in bir qolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində səssiz qalırdı. Hakimiyyətdən kənarda olan siyasi vəziyyətin gərginləşməsində maraqlı ola bilər. Amma hakimiyyət bunda maraqlı olmamalıdır. Buna görə də Vətən müharibəsi ərəfəsində Prezident İlham Əliyev siyasi partiyalar arasında dialoq yaratmağa başladı. Əslində, etnik tərkibi mürəkkəb olan Azərbaycanı bir dövlət kimi qoruyan əsas amillərdən biri burada yaşayan insanlar arasında təbii şəkildə yaranan birlikdir. Çox istəyiblər ki, burada yaşayan xalqları bir-birinə qarşı qoysunlar, alınmayıb. Buna görə də bu gün Azərbaycanda hər bir xalq öz etnik kimliyini qoruyaraq, yan-yana, çiyin-çiyinə durmağı bacarır. Gəldiyimiz nəticə göz qabağındadır. Lazım gələndə bu ölkənin hər bir vətəndaşı Vətən uğrunda öz həyatını qurban verə bilir”.
 
“Qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq…”
S.Rüstəmxanlı deyib ki, qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı: “Prezidentin arxasında dayanmalı olan vəzifə sahiblərinin çoxu öz məsuliyyətini unudub. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməli, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.
 
“Artıq bizim bölgədə rəqibimiz Ermənistan deyil”
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov qeyd edib ki, tarixi proseslər yaşayırıq, anlamalıyıq ki, nə qədər böyük qələbə qazanmışıq: “Azərbaycanın liderliyi ilə nə qədər böyük tektonik proseslərə start verilib. Bu qələbəyə tam qiymətin verilməsi üçün zaman lazım olacaq. Biz dövlətimizin, liderimizin ətrafında sıx birləşməliyik. Bizi qarşıda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirmək üçün böyük iqtisadi layihələr gözləyir. Artıq yeni müasir silahların alınması prosesinə start verilib. Çünki bizim artıq bölgədə rəqibimiz Ermənistan deyil. Bölgədə sabitliyin yaranması üçün 20-30 il vaxt lazımdır. Biz artıq bölgədə yeni güc mərkəziyik. Gələcəkdə bu günlər, bu aylar, bu hadisələr dərsliklərə, kitablara qızıl hərflərlə yazılacaq. Biz çox böyük tarixi prosesin iştirakçılarıyıq. Türkiyə və Azərbaycan sovetlər dövrü dağılandan sonra bölgədə ən böyük qələbəyə imza atıb”.
 
“Qarabağı özəl sərmayələrin axması şəraitində bərpa edə bilərik”
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bəyan edib ki, müharibənin yaratdığı yeni gerçəklər müzakirə edilir: “Bu gerçəklər bəlkə də müharibədən əvvəl yaranıb. Bu, dialoq mühitinin yaradılması ilə də bağlı idi. Eyni zamanda 14 iyul mitinqini də unutmamalıyıq. Azərbaycanda uzun illər sərbəst toplaşmaq azadlığı lazımsız qədər məhdudlaşdırılırdı. Lakin ölkədə SMS rejimi, pandemiya ilə bağlı ən sərt məhdudiyyətlərin olduğu məqamda on minlərlə azərbaycanlı meydanlara axışaraq, qələbə tələb etdi. Onların tələbini unutmaq olmaz. Azərbaycan vətəndaşları istənilən qəhrəmanlığı göstərməyə hazır olduğunu həmin mitinqdə göstərdi. O mitinqin mahiyyətini düzgün oxumaq lazımdır. Azərbaycanlılar həmin vaxt sosial problemlərdən yorulmuşdu. Çünki neçə illər idi, onlara deyilirdi ki, Qarabağ boyda problemimiz olduğu üçün digər problemlər həll edilə bilmir. Müharibədən sonra Azərbaycanda düzgün seçkilər keçirilməli, Avropa Məhkəməsinin qərarları icra olunmalıdır. Avropa Məhkəməsinin qərarlarının icrasına görə axırıncı yerdəyik. Ən əsası Azərbaycana vəsaitlər cəlb edilməlidir. Qarabağın bərpası üçün 50 milyard vəsait tələb olunur. Təkcə dövlət xətti ilə bura xarici şirkətləri cəlb etməklə oraları bərpa etmək olmaz. Oranı bərpa etmək üçün neft pulu, qaz pulu kifayət etməyəcək. Oraları biz özəl sərmayələrin axması şəraitində bərpa edə bilərik. Amma qanunlar tam icra olunmadan, düzgün seçki keçirilmədən o vəsaitlər bura axmayacaq”.
 
“Əhalinin torpaqdan istifadə etməsinə imkan yaradılmalıdır”
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib ki, Azərbaycanın daxili siyasətində razılaşmadığı məqamlar olsa da, xarici siyasətdə təmərküzləşmədən çox razıdır: “YAP-dan xahiş edirəm ki, yerlərdə camaat işsizdir. Pay torpaqları verilib, amma kəndlinin əlində texnikası yoxdur ki, əkib becərsin. Ona görə də verilən dotasiyanı uşağını oxutmağa və s. yönəldir. Şəhər əhalisi artıb, hamı işsizlikdən gəlib Bakıya. Elə etməliyik ki, əhalinin torpaqdan istifadə etmək imkanı olsun. Büdcə müzakirələrimiz gözlənilir. 2030-cu ilə qədər Milli İnkişaf Strategiyası hazırlanıb.
 
Həmin strategiyada 2030-cu ilə qədər ÜDM-nin 100 faiz artımı olacağı gözlənilir. Amma bunun necə olacağı, hansı proqramla ediləcəyi ortada yoxdur”.