Nikolun ani qərarla Moskvaya səfəri: Putin Paşinyana məsləhət görəcək ki… – ŞƏRHbackend

Nikolun ani qərarla Moskvaya səfəri: Putin Paşinyana məsləhət görəcək ki… – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdüşt Əlizadə: “Rusiya Prezidenti Ermənistan Baş nazirinə məsləhət verəcək ki, Azərbaycan və Türkiyə ilə müəyyən məsələlərdə razılaşsın”

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvaya işgüzar səfər edib. Erməni mediası Nazirlər Kabinetinə istinadən məlumat yayıb ki, Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Verilən məlumata görə, tərəflər 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası prosesini, bölgədə sabitliyin gücləndirilməsi məsələlərini, iqtisadi əlaqələrin bərpası üçün gələcək addımları və cari vəziyyəti müzakirə edəcəklər.

Bəzi analitiklər bildirirlər ki, Putinin Moskvada Paşinyanı qəbul etməsində məqsəd Ermənistan Baş nazirini Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazırlamaqdır. Məlumdur ki, Azərbaycan Prezidenti bir müddət əvvəl Paşinyanla görüşməyə hazır olduğunu bildirmişdi. Eyni zamanda, Paşinyan da görüşməyə və müzakirələr aparmağa hazır olduğunu açıqlamışdı.

Ermənistan Baş nazirinin ani qərarla Moskvaya səfər etməsinin səbəblərini AYNA-ya şərh edən siyasi icmalçı Zərdüşt Əlizadə bildirib ki, müharibədən keçən bir il müddətində biz şahidi oluruq ki, bölgədə sakitlik yaranıb. Politoloqun qənaətincə, Rusiya istəyir ki, yeni şəraiti müəyyən mənada sənədləşdirsin: “Görünür, Rusiya Prezidenti Ermənistan Baş nazirinə məsləhət verəcək ki, Azərbaycan və Türkiyə ilə müəyyən məsələlərdə razılaşsın. Təbii ki, bu razılaşmalarda Rusiyanın da geosiyasi maraqları nəzərə alınmalıdır. Paşinyan yəqin ki, Putinin məsləhətlərinə qulaq asacaq”.

Z.Əlizadə bildirir ki, rəsmi Bakı və İrəvandan qarşılıqlı müsbət mesajlar verilir: “Bu gün Azərbaycan hakimiyyəti əvvəlki sərt ritorikadan istifadə etmir. Düzdür, Azərbaycan rəhbərliyi Ermənistanın ayrı-ayrı siyasilərinə qarşı sərt ifadələr işlədir. Amma erməni cəmiyyəti Bakı tərəfindən təhdid edilmir. Müsbət haldır ki, etnik zəmində hədələyici ritorika yoxdur. Ayrı-ayrı şəxslər Azərbaycan tərəfindən təhdid edilir ki, həmin şəxslər də buna laiqdirlər. Məsələn, Prezident İlham Əliyevin Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan haqqında kəskin ifadələri oldu. Hesab edirəm ki, bu tip adamları aşağılamaq da olar. Çünki həqiqətən də Sarkisyan hərbi canidir, aşağılanmağa laiqdir. Erməni xalqının əsas düşmənlərindən biri məhz Sarkisyandır”.

“Ümid edirəm ki, Paşinyan Putinlə Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması istiqamətində əsas çizgiləri razılaşdıracaq. Bu gün Ermənistanın özünün müstəqil xarici siyasəti yoxdur. İrəvan bütün məsələləri Rusiya ilə razılaşdırmalıdır. Nikol əmin olandan sonra ki, razılaşmaları hansı həddə qədər həyata keçirmək olar, ondan sonra proseslər başqa yön alacaq. Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək, Türkiyə ilə də, Azərbaycanla da münasibətləri yaxşılaşdırmaq istiqamətində siyasət yürüdəcək. İnanıram ki, hər üç ölkənin münasibətləri yavaş-yavaş normallaşacaq”, – Əlizadə hesab edir.

Ermənistan cəmiyyətinin buna reaksiyasına gəlincə, politoloq deyib ki, cəmiyyət fikrini növbədənkənar seçkilərdə bildirdi: “Bu ilin iyununda keçirilən seçkilərdə ermənilər Paşinyanın partiyasını 75 faiz səslə qalib edərək mövqeyini aydın ifadə etmiş oldu. Erməni cəmiyyəti Nikola kart-blanş verdi,  dedi ki, “sülh istiqamətində nə etsən, biz qəbul etməyə razıyıq”. Davakar müxalifləri cəmiyyətin 25 faizi dəstəklədi ki, onlar da Ermənistanda heç nə edə bilmirlər, Paşinyan qarşısında aciz qalıblar. Müxaliflər çevrilişə cəhd göstərə bilərlər, terror aktları törədə bilərlər. Amma erməni cəmiyyətinin böyük əksəriyyəti barış istəyir. Onlar da mövcud vəziyyətdən beziblər. Bu baxımdan, Paşinyanın sülh istiqamətindəki addımlarına münasibət müsbət olacaq”.

Putin-Paşinyan görüşündə Qarabağın status ilə bağlı məsələnin gündəmə gəlməsi ehtimalına toxunan analitik vurğulayıb ki, Ermənistan Baş naziri bu məsələdən danışa bilər: “Amma Rusiya tərəfi status məsələsinin qabardılmasını, indiki məqamda gündəmə gətirilməsini istəmir. Moskva düşünür ki, 44 günlük müharibədən sonra yaranmış vəziyyəti müəyyən həddə qədər tənzimləməlidir. Ondan sonra statusla bağlı nələrsə deyilə bilər”.

“Təbii ki, “status kartı” Rusiya tərəfindən nə zamansa ortaya çıxacaq. Amma indiki məqamda yox. Bakı da hesab edir ki, nə qədər ki, Moskva “status kartını” ortaya atmır, bu müddətdə qalmış problemləri həll edək. Status məsələsi yeganə mübahisəli məsələ kimi qaldıqda, bunu həll etmək asan olacaq. Çünki bir mübahisəli məsələni həll etmək daha asandır, nəinki 3-4 mübahisəli məsələni. Vaxtı gələndə statusla bağlı hərə öz mövqeyini ortaya qoyacaq. Azərbaycan tərəfinin mövqeyi bəllidir. Rəsmi Bakı qəti şəkildə bildirib ki, Qarabadakı ermənilərə heç bir inzibati status verilməyəcək. Gələcəkdə milli-mədəni muxtariyyət gündəmə gələ bilər ki, bu da bütün dünyada, Avropada qəbul olunan haldır. Əlbəttə, rəsmi Bakı gələcəkdə Qarabağ ermənilərinə hansısa milli-mədəni, dini muxtariyyət kimi nəsə verilməsini nəzərə ala bilər”, – Z.Əlizadə fikrini tamamlayıb.