Qarabağ davası Xankəndidə başladı – Xankəndidə də bitməlidir…”backend

Qarabağ davası Xankəndidə başladı – Xankəndidə də bitməlidir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu dava məhz mərkəzinin Xankəndi olduğu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşməsi tələbi ilə başladı…”

Fikir savaşı…

Transmilli super güclərin Rusiya imperiyasının hakimliyi ilə  haylarla bizləri qladiator kimi döyüşdürmək üçün qondardığı  “Qarabağ münaqişəsi” haqda heç kəsin dana bilməyəcəyi bir gerçək var: Bu davanın 1987-1988-ci illərdən başlanan sonuncu mərhələsi “KQB”, QRU” və digər  kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən idarə olunan separatçı ermənilərin fitvasıyla 1988-ci il fevralın 13-də Xankəndidəki nümayişlə başladı…

Bu ocaq nə hazırda işğaldan azad edilmiş Şuşada, nə Laçında, nə Kəlbəcərdə, nə Qubadlıda, nə Cəbrayılda, nə Zəngilanda, nə də Füzulidə alovlandı… Və 33 il öncə üstümüzə qısqırdılan hayların davaşı Şuşadan savayı adı çəkilən rayonlar üçün başlamadı, məhz mərkəzinin Xankəndi olduğu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşməsi tələbi ilə başladı….

Qarabağ ocağı öncə Xankəndidə alovlandı, sonra da onun qığılcımları Əsgəranda, Ağdərədə, Xocavənddə, Hadrutdakı və hazırkı Goranboy rayonundakı keçmiş Şaumyan, indiki Gülüstan, eləcədə Göygöl rayonunun Çaykənd və ermənilərin yaşadığı ətraf kəndlərində  hazır vəziyyətdə olan digər əsas tonqalları da alovlandırdı…

1991-1992-ci illərdə Çaykənd, Gülüstan və ətraf kəndlərdəki ocaqları tam söndürə bildik…

Bir il öncə isə müzəffər 44 günlük savaşımızda  beynəlxalq siyasətin “damarı”nı vaxtında tutmuş dövlətimizin, qəhrəman ordumuzun, əsasən də şəhid  və qazilərimizin canı və qanı hesabına, Türkiyə, Pakistan kimi qardaş və dostlarımızın siyasi, texnoloji və mənəvi dəstəyi ilə biz adları çəkilən keçmiş Dağlıq Qarabağ ətrafı bölgələri və Şuşanı azad etməklə yanaşı, Ağoğlandakı – Hadrutdakı “münaqişə” tonqalını da söndürdük. Fəqət, Moskvadakı baş hakimin təcili gəlişi və “sülhməramlı” müdaxiləsi ilə  Xankəndidəki baş “münaqişə” ocağına, eləcə də Əsgəran, Ağdərə, Xocavənddəki tonqallara bir az “su səpsək” də, onları tam söndürməyə nail ola bilmədik…

Hazırda Xankəndidəki ocaq yanır, xeyli öləzidəsə, hələ sönməyib, yanır. Və ara-sıra şimal, cənub, qərb küləkləri əsəndə bir az da gur alovlanır… Baş hakim onu sönməyə qoymadı…

Bu gün yalnız Kreml deyil, öz maraqları naminə Ağ Ev də, Paris də yeri gələndə Vatikan da, Tehran da mütəmadi olaraq biri-birini o tərəf- bu tərəfə itələyə-itələyə Xankəndidəki öləziyən “münaqişə” ocağını bacardıqları qədər uzaqdan-yaxından püfləyirlər ki, sönməsin… Təbii ki, ocağa daha yaxın həmişəki kimi  Moskvadır… Ona görə o, hətta kefi istəyəndə arabir Xankəndidəki, Əsgəran, Ağdərə, Xocavənddəki ocaqlara barıt da qoyur, fitil də…

Moskva çalışır ki, hamını eləcə də maraqları naminə “tərəfdaş” dediyi İstanbulu da bölgədən tam kənarlaşdırıb Xankəndidəki və s. “münaqişə” ocaqlarını öz istədiyi kimi yandırmağa davam etsin və “KQB”-“FSB”-“QRU”-nun yeni senarisi əsasında onların qığılcımları vasitəsilə daim Azərbaycanın digər torpaqlarını təhdiddə saxlasın…

Amma hörmətli Hikmət Hacıyev çox yerində dedi ki, Qarabağ məsələsi artıq bizim daxili işimizdir. Yəni son nöqtəni suveren(!), müstəqil(!), azad(!) və milli(!)  Azərbaycan dövləti qoymalıdır…

Sonda biz  Kremli də Ağ Evi də, Parisi də, Vatikanı da və s. oyundan kənar edib öz halal, hüquqi-tarixi torpaqlarımızdakı zəhərli tüstü buraxan ocaqları özümüz söndürməliyik…

Bir sözlə,  Qarabağ davası Xankəndidə başladı, Xankəndidə də bitməlidir… Və bizim bütöv, tam qələbəmiz məhz bayrağımız Xankəndidə Xocalıda və s. dalğalananda olacaq…

Azərbaycan dövləti Qarabağ davasının gələcəkdə də yenidən baş qaldırmaması üçün məhz Xankəndidə və digər şəhərlərimizdəki “münaqişə” ocaqlarını tam söndürməlidir. Çünki qığılcımı söndürməyən atəşin qarşısını ala bilməz…