“Tək millət, tək ürək” Platformasının 100 günlük hesabatı təqdim olunubbackend

“Tək millət, tək ürək” Platformasının 100 günlük hesabatı təqdim olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 15-də Bakıda Azərbaycan və Türkiyə qardaşlığının mükəmməl bir nümunəsi olan “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platformasının fəaliyyətə başlamasının 100-cü günü ilə əlaqədar hesabat xarakterli mətbuat konfransı keçirilib.

İnterpress.az xəbər verir ki, tədbirdə aksiyanın təşəbbüskarı, Milli Məclisin deputatı Ramil Həsən, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və platformanın fəaliyyətində rolu olan tanınmış şəxslər, ziyalılar, iş adamları iştirak ediblər.

R.Həsən çıxışında diqqətə çatdırıb ki, hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmağımızdan öncə də, sonra da qardaş Türkiyə Qarabağ mövzusunda bütün imkanları ilə Azərbaycan xalqının, dövlətinin yanında olub. Tarix boyu Azərbaycan və Türkiyə qardaş dövlətlər kimi eyni millətin övladları olaraq bir-birlərinə sahib çıxıb, dəstək olublar: “Əminik ki, bu qardaşlıq, birlik və bərabərlik bundan sonra da həyatımızın bütün sahələrində daha güclü formada davam edəcək. Məhz bu minvalla Prezident İlham Əliyevin şəhid və qazi ailələrinə dəstəyin göstərilməsi ilə bağlı etmiş olduğu çağırışa qoşularaq qardaş Türkiyə və Azərbaycanı bu istiqamətdə də bir araya gətirə biləcək xeyirxah, xoşməramlı, tarixi bir aksiyaya başlanılıb. “Tək millət, tək ürək” şüarı ilə şəhid və qazi ailələrinə dəstək xarakterli, bir çox sahələri özündə birləşdirən irimiqyaslı humanitar qardaşlıq aksiyası 3 aydan artıqdır ki, davam etməkdədir”.

Aksiyanın uğurla həyata keçirilməsi üçün ilk gündən layihəyə sahib çıxan və dəstək verən Türkiyə dövlətinə və onun müvafiq qurumlarına, o cümlədən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özorala, TÜİB sədri H.Büyükfırata, proseslər içində əməyi keçən bütün şirkətlərə, dövlət, eyni zamanda, özəl qurumlara və onların rəhbərlərinə təşəkkür edən deputat bildirib ki, “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platforması artıq Azərbaycanda tanınan sosial layihə kimi bütün istiqamətlərdə şəhid və qazi ailələrinə Qardaş Türkiyənin hərtərəfli yardımını həyata keçirən birləşdirici platforma olaraq işini uğurla görməkdədir. Belə ki, dekabr ayında fəaliyyətə başlayan bu aksiya çərçivəsində artıq bu günə qədər 31 rayonda, ümumi 2 minə yaxın şəhid və qazi ailəsi ayrı-ayrılıqda ziyarət edilib, qardaşlıq payları çatdırılıb, ağır dönəmdə onlara mənəvi dəstək verilib.

Türkiyə və Azərbaycanın qardaşlıq, dostluq təzahürü olaraq ortaya çıxan bu beynəlxalq platformanın respublikamızın bütün rayonlarını əhatə etdiyini bildirən R.Həsən əlavə edib: “Həmçinin bu layihənin digər bir tərkib hissəsi olan şəhid və qazi ailələrinin övladlarının Sivas Dövlət Universitetində təqaüdlə təhsil almaları istiqamətdə də konkret addımlar atılaraq, orada təhsil alacaq tələbələr müəyyən edilib. Əminik ki, Türkiyə Maarif Vakfının, TİKA və Yurd Dışı Türk Akraba Topluqları Başkanlığının, o cümlədən Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Tək millət, tək ürək” Platforması çərçivəsində bundan sonra da təhsil və bu tip digər yardım kampaniyalarına köməklik göstəriləcək.

Şəhid və qazi ailələrinin övladlarının Türkiyənin Sivas Dövlət Universitetində təqaüdlə təhsil almaları üçün bundan sonra da fəaliyyətin davam edəcəyini bildirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, gələn il üçün 200 tələbənin təqaüdlə təhsil almasına köməklik göstəriləcəyini vurğulayıb. O, 44 günlük tarixi II Qarabağ müharibəsində Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərin ailələrinə, yaralılara, qazilərə və onların ailə üzvlərinə hərtərəfli dəstəyi nəzərdə tutan aksiya çərçivəsində, onların təhsil, sosial və maddi-mənəvi problemlərinin həlli istiqamətində qardaşlığın bir təcəssümü kimi bundan sonra da uğurlu iş aparılacağına əminlik ifadə edib.

Sonda “Tək millət, tək ürək” Platformasının hesabat dövrü ərzində Bakı şəhəri və respublikanın bütün regionlarında bu layihənin həyata keçirilməsində könüllü olaraq aktiv iştirak edənlərə təşəkkürnamələr verilib.

 

İnterpress.az