Fədakarlığı, mübarizliyi, sarsılmaz əzmi, idealizmi və ardıcıllığı ilə müstəqillik tariximizdə özünə şərəfli yer tutmuş Tənzilə xanım Rüstəmxanlını ümumi şəkildə xarakterizə etmək üçün “O, əsl Azərbaycan Türk xanımıdır” təqdimatı yetərlidir. Bəli, Azərbaycan Türk xanımı bütün keyfiyyət və cəhətləri ilə başqalarından müqayisəyə gəlməz dərəcədə fərqlənir. Amma bu ümumi məzmunlu təqdimatı konkretləşdirdikdə, Tənzilə xanımı daha detallı surətdə tanıdıqda, onun həyat yoluna nəzər saldıqda, hər insanın ömür kitabına sığmayacaq qədər mübarizə və fəaliyyətdən ibarət salnamə yaranır.
Bəli, Tənzilə xanımın həyatı yetişən, formalaşan yeni nəsillər üçün gerçək bir salnamədir. O, həmin salnamədə Vətəni və Milləti üçün çarpışan mərd qadın, toplumu aydınlatmağa çalışan ziyalı, milli-mənəvi dəyərlərimizi qısqanclıqla qoruyan milli fədai, yeri gələndə isə barrikadalarda, səngərlərdə dayanan mətin döyüşçü obrazındadır.
Tənzilə xanım ömrünün şüurlu kəsimini bütövlüklə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına həsr edib, bu mübarizədə gözünü belə qırpmadan sovet-kommunist repressiya maşınının üzərinə yürüyüb, “Aslanın erkəyi, dişisi olmaz” deyiminin əbəs olmadığını öz cəsurluğu ilə dəfələrlə təsdiqləyib, adını bu mübarizənin şanlı səhifələrinə yazdırıb.
Milli-azadlıq hərəkatının geduişində və müstəqilliyin bərpasından sonra cəmiyyətin, xüsusilə də qadınların təşkilatlanmasında, bu prosesin müəyyən nəticələr verməsində Tənzilə xanımın böyük rolu olub və indi də var. Onun özünün yaratdığı və bu gün də varlığını uğurla sürdürən Azəri Türk Qadınlar Birliyi (ATQB) öz fəaliyyəti ilə analoji təşkilatlara örnək olmaqdadır.
Heç kəsə sirr deyil ki, Tənzilə xanımın həyat və fəaliyyətində qırmızı xətlə ayrılan xüsusi istiqamət mövcuddur. Həmin istiqamət Azərbaycanda Türklük şüurunun oyanışı, inkişafı və tam təşəkkülünə yönəlik verilən mücadilədir. Bilənlər bilir, onu bu fəaliyyətdən, bu çabalardan, ümumiyyətlə, Türk dünyasına xidmətdən kənarda təsəvvür etmək imkan xaricindədir. Bu gün Azərbaycanda Türklük şüuru, bu təmələ söykənən özünüdərk varsa, o nəticənin əldə edilməsində ən böyük pay sahiblərindən biri məhz Tənzilə xanımdır. O, sadəcə, Türklüyün təbliğatçısı yox, həm də böyük təəssübkeşi və mühafizidir.
Təbii ki, Türklüyə əsaslanan geniş milli təfəkkürə malik bir insanın fəaliyyəti yaşadığı ölkə ilə məhdudlaşa bilməz. O baxımdan, Tənzilə xanımın Türk dünyası, Türk dövlətləri ilə əlaqələrin, münasibətlərin dərinləşməsi yönündə yorulmaz çalışmaları düşüncələrimidəki Turanın gerçəyə çevrilməsini daha da sürətləndirir. Sözsüz ki, Tənzilə xanımın bu çərçivədə fəaliyyətində Türkiyənin tam fərqli bir yeri var. Bu fikir mübaliğəsiz qəbul edilir ki, dövlət qurumları ilə rəsmilərin səyləri nəzərə alınmazsa, qeyri-hökumət müstəvisində Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına ən çox töhfə vermiş şəxslər arasında Tənzilə Rüstəmxanlı ön sıralarda dayanır.
Tənzilə xanım alovlu Vətənpərvərdir. Azərbaycan ərazilərinin təqribən 27 il işğal altında olduğu müddətin bütün ağırlığını daş kimi ürəyində daşıdı. Tənqid və təzyiqlərə baxmayaraq, hər çıxışında millətimizi Vətən Müharibəsinə səslədi, torpaqlarımızı yalnız hərb yolu ilə azad etməyimizin mümkünlüyünü bildirdi. 44 günlük müharibədə azandığımız zəfər Tənzilə xanımın nə qədər haqlı olduğunu hamıya, elə onun tənqidçilərinə də əyani şəkildə göstərdi. Şuşanın işğaldan azad olunması münasibətilə onu təbrik edərkən, sövq-təbii ağladı. Amma bu, sevinc göz yaşlarından doğan bir hal idi…
Tənzilə xanım mən qarışıq, çevrəsindəki bütün gənclərin mənəvi anasıdır. Bu statusu şərəflə daşıyaraq, bizlərdən analıq qayğısını heç zaman əsirgəmir, cəmiyyətə faydalı insan kimi yetişməyimiz üçün əlindən gələni edir. Bununla yanaşı, səhvlərimizi görəndə danlasa da, yanlışlarımızı düzəltmək üçün dəstək olur, təəssübümüzü heç kimə vermir. Ehtiyac olanda yol göstərənimiz, zərurət yarananda isə qoruyucu mələyimiz olur. Bizləri heç vaxt doğma övladlarından ayırmayıb. Öz övladlarını bizə bacı-qardaş, Sabir Rüstəmxanlı kimi nəhəng şəxsiyyəti isə bizə Ağsaqqal edib.
Şəxsən mənim – Toğrul Allahverdili olaraq, yetişib ortaya çıxmağım, diaspor fəaliyyətində yer almağım, jurnalistikaya gəlişim, Türkiyə mediası ilə əlaqələrimin qurulması, qardaş ölkənin nüfuzlu telekanallarında müntəzəm çıxış imkanı qazandığım Tənzilə xanımın zəhmətinin nəticəsidir. Əlbəttə ki, buna görə Tənzilə xanıma daim borcluyam.
Yeri gəlmişkən, Tənzilə xanım tək mənim və buradakı gənclərin yox, həm də digər Türk dövlətləri, Ukrayna, Rusiya və başqa ölkələrdən olan onlarla gəncin mənəvi anasıdır. Təsadüfi deyil ki, həmin gənclər Bakıya gələndə, “Tənzilə anamızı görək” deyərək, böyük ərklə ilk onun qapısını döyürlər.
Bu gün haqqında yazdığım, ancaq şərəfli həyatı heç bir yazıya sığmayacaq qədər zəngin olan mənəvi anamız, alovlu vətənpərvər, Türklüyün böyük təəssübkeşi Tənzilə xanım Rüstəmxanlının yubiley yaşı ilə ifadə olunan doğum günüdür. Bizim üçün çox əlamətdar olan bu gün münasibətilə Tənzilə xanıma ən xoş və səmimi arzularımı çatdırır, ona uzun ömür, sağlam həyat və ailə xoşbəxtliyinin davamlı olmasını diləyirəm.
Analıqdan heç vaxt əskik olmayasınız, əziz Tənzilə xanım!
Toğrul Allahverdili
İnterpress.az