Yapon alimləri ağacdan hazırladıqları peyklə tarixin ən qeyri-adi kosmik gəmilərindən birini hazırlayıblar.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Maqnoliya ağacından hazırlanan kosmik gəminin ekoloji cəhətdən təmiz alternativ təklif edəcəyinə ümid edilir. Taxta peyk Yerə qayıdarkən tamamilə yanıb kül olacaq.
LignoSat adlı peykin maqnoliya ağacından hazırlandığı bildirilib. Beynəlxalq Kosmik Stansiyadan aparılan təcrübələrdə maqnoliya ağaclarının çatlamağa daha davamlı olduğu müəyyən edilib.
Yapon alimləri tərəfindən hazırlanmış taxta peykin hazırlıqları tamamlanarkən, kosmik gəminin bu yay orbitə çıxarılması gözlənilir.
Kioto Universiteti və ağac kəsmə şirkəti Sumitomo Forestry tərəfindən hazırlanmış taxta peyk hazırda xidmətdə olan peyklərə ekoloji cəhətdən təmiz alternativ yaratmaq ideyası ilə hazırlanıb.