Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Artıq 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəffər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir! Müzəffər ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Həmin ərazilər abadlaşır, həyat öz axarına düşür. Bunun üçün artıq heç bir maneə yoxdur. Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları, tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək. Heç şübhəsiz ki, bu tarix bir örnəyə çevriləcək. İşğal altında olan ərazilərimizin, eləcə də Zəngilan torpağının işğaldan azad edilməsində cəsurluq göstərən, döyüşən, əzm və iradə nümayiş etdirənlər hər bir Azərbaycan vətəndaşı, bu xalqın hər nümayəndəsi üçün bundan sonra nümunə sayılacaq və bu günün bir tarixi əhəmiyyəti də məhz bundan ibarətdir. İndi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır. Cənab Prezidentin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb. Bu perspektivlər də öz növbəsində suverenliyimizin, müstəqilliyimizin, təhlükəsizliyimizin qorunmasını daha da gücləndirir, bunun üçün əsaslı zəmin yaradır. İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək. Bütün bu qələbələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!
Milli Məclisin deputatı
Tənzilə Rüstəmxanlı