İskəndər Zülqərneynin hekayəsibackend

İskəndər Zülqərneynin hekayəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəvayətə görə İskəndər Zülqərneyn ölkələri fəth etməyə başlayanda Məğrib (Qərb) tərəfdə bir vilayətə gəlib çıxır. O, bu vilayətin çox gözəl təbiətinin olmasına, təmiz havasına və suyunun saflığına heyran olur. Hər tərəf yaşıllıq və gül-çiçəklə ətir saçırmış. Zülqərneyn bu vilayətin qəbristanlığından keçəndə, çox qəribə bir vəziyyətlə qarşılaşır. Şəhər qəbristanlığında dəfn olunmuş ölülərin qəbir daşlarının üzərində, onların ömrünün uzunluğu kimində bir il, kimində iki, üç, on beş və ən çoxu iyirmi il yazılmışdı. Böyük fateh bu qəribəliyi anlamaq üçün o vilayətin ağsaqqallarının və müdriklərinin onun hüzuruna çağrılmasını əmr edir. Vilayətin yaşlı və müdrik şəxsləri İskəndərin hüzuruna cəm olurlar. İskəndər onların çox yaşlı olduğunu görəndə onlara:

– Belə təmiz havası və suyu olan bir vilayətdə sizin əhaliniz nə üçün çox az yaşayır ey müdrik qocalar? Onların qəbirləri üzərində çox az yaşadıqları yazılıb. Bunun səbəbi nədir ey bu şəhərin əyan və əşrəfləri? Halbuki, sizin çox yaşlı olduğunuzu görürəm, deyir.
İskəndər sözünü bitirəndən sonra Məğrib ölkəsinin müdrik qocalarından bir sözə başlayır:

– Ey Şərqlə Qərbi fəth edən böyük fateh! Ey Zülqərneyn! Bizim vilayətimizdə bir adət var. Biz yaşayan hər bir insanın özünü insan kimi tanıması və elmlə əməl etdiyi illəri kamil insan ömrü sayırıq. Əgər bizlərdən biri öz ömrünün çoxunu bihudə (mənasız) yaşamışsa,ömrünün sonunda özünü dərk edib qəflətdən oyanarsa, o müddətdən sonra neçə il kamil insan olmaq üçün yaşayarsa, biz o yaşadığı ömürü onun həqiqi ömrü sayarıq. Qalan illəri isə onun yaşadığı həqiqi ömründən saymarıq. Mərifətlə və nəfsinə hakim olmaqla yaşanan ömrü biz həqiqi ömür sayırıq. Bizim ölülüərin məzar daşı üzərində ömür müddətlərinin çox az yazılmasının hikməti budur ey rəhimli hökmüdar!

Zülqərneyn müdrik qocadan eşitdiyi cavabdan sonra ona “Əhsən!” dedi və bu şəhərin əyan və əşrəfinin hədiyyələrlə mükafatlandırılmasını əmr etdi.