Təpələr üstündə, meşələr arasında, Sapanca gölünə doğru enən yamaclarda biri-birindən gözəl binalarıyla ayrıca bir şəhərə çevrilmiş Sakarya universitetini gəzərkən özümdən asılı olmadan Nəcib Fazil Qısakürəyin gənclik illərindən hafizəmizə həkk olunmuş misralarını dodaqaltı pıçıldayır və sözün möcüzəsi haqqinda düşünürdüm. Misralarin hər birində su hərəkətliliyindən fərqli bir mərrmər cilası və ağırlığı var:
Insan bu, su misali, kıvrım-kıvrım akar ya,
Bir yanda akan benim, öbür yanda Sakarya!
Su enər yokuşlardan, hep basamak-basamak,
Bənimsə alın yazım- yokuşlarda susamak!
Hər şey akar: su, tarih, yıldız, insan və fikir,
Oluklar cift, birindən nur akar, birindən kir!
…Rəbbim istərsə sular büklüm-büklüm burulur,
Sırtına Sakaryanın Türk tarixi vurulur!
Neredə kardəşlərin, comərd Nil, yaşıl Tuna,
Gedən şanlı akınçı nə gün dönər yurduna?
Türk millətinin üzləşdiyi haqsızlıkların acilarıyla dolu olan şeirdə , eyni zamanda şərəfli Türk tarixindən gələn qüruru da duyuruq. Əslində bir çaya deyil, bir millətə müraciət kimi, \”ayağa qalx,Sakarya!\” deyə hayqıran bu şeir müəllifinin mıllətin yaddaşında və milli ədəbiyyat tarixində əbədi yaşayacağına təminatdır. Rəhmətlik Elçibəyin də bu şeiri çox sevdiyini xatırlayıram. Təəssüf, ömür də Sakarya suları kimi dayanmadan tez axıb keçir…
Sapanca gölü nəhəng bir güzgü kimi univeriseti və qarşı sahildəki qarlı dağ silsiləsini əks etdirir. Ötən yaz quraqlıqdı və göl sahillərini tərk edib çəkilmiş, balacalaşmışdı. Hamı gölün tezliklə quruyacağı qorxusu içındəydi. Bu qış bütün qorxuları selə verib axıtdı. Göl yatağına sığmır və sahillərini yuyub böyüməklə məşğuldur. Birdən yadıma düşür ki, bu gün həm də Su çərşənbəsidir…
Sakarya universitetində keçirilən \”Azərbaycanda erməni vəhşətləri və Xocalı soyqırımı\” simpozyumuna dəvət edilmişik. Azərbaycanın İstanbul baş konsulu, dəyərli diplomat Həsən Zeynalovun işi başdan aşır bu günlərdə. Hər gün neçə görüşə çatmalıdır. Buna görə də simpoziuma İstanbul konsulu Seymur İlyaslı ilə gəlmişik. Seymur ziyalı ailəsindən çıxıb, bir neçə ali məktəb bitirmişdir, Azərbaycanın Moskvadakı böyük elçiliyində çalışıb, İstanbula cəmi bir neçə aydir gəlib. Belə İstedadli, öz xalqının tarixini, mədəniyyətini yaxşı bilən, dünyada gedən prosesləri diqqətlə izləyən gənc diplomatlarımızı görəndə sevinirəm.
Öncə Sakarya valisi Hüseyn Avni Coş qəbul etdi bizi. Azərbaycanda bu yaxınlarda olubmuş, Bakının gəlişməsindən ürəkdolusu danışır. Sonra Sakarya ilə tanış olduq, bələdiyyənin Xocalı anıtı üçün ayırdığı yerə baxdıq; Universitetin rektoru prof.dr Müzəffər Elmazla görüşdük.
Sakarya Universiteti Türkiyənin ən böyük ali məktəblərindən biridir. Aralarında dünyanın 70 ölkəsindən gəlmiş gənclər olmaqla, 70 mindən çox tələbəsi var. Türk dünyasından gələn tələbələrin sayı ildən-ilə artır. Təkcə azəri tələbələrin sayı 400-dən artıqdır.Sim-pozium zamanı onların bir qismi ilə tanış olduq. Bizim üçün xoş sürprizlərdən biri burda İdman bölümünə başçılıq eən, vaxtilə dünyanın məşhur boksçularından biri kimi tanınmış, olimpiya oyunlarında Türkiyəyə gümüş medal qazandırmış Malik Bəyləroğluyla rastlaşmamız oldu.
Simpoziumda Azərbaycan Öyrənci Topluluğunun çox bacarıqlı və fəal başçısı, əslən Gədəbəydən olan Alıq Bağırlının, çoxdan bəri qiyabən tanıdığım, arada telefonla əlaqə saxladiğım, ədəbiyyat professoru Racayi Coşkunun, tarixçi profesor Halik Şelvinin, Azərbaycanlı tələbələrdən Vüsalənin. Azərbaycan Dərnəkləri Fedarasion başkani Bilai Dündarın, konsul Seymur İlyaslının nitqləri diqqətlə dinlənildi. Film nümayiş etdirildi və mən Ermənistanın \”erməni soyqırımı\” uydurmasının 100 illiyi şousuna hazırlaşdığı bu günlərdə, eləcə də Azərbaycanın və Türkiyənin gələcəyi baxımından bu müzakirələrin əhəmiyyəti, gənc nəslin bu bilgilərə yiyələnməsinin zəruriliyi barədə çıxış etdim.
Geri dönərkən yenə Necib Fazilin məşhur misralari dolaşırdı fikrimdə:
Eyvah, eyvah, Sakaryam, sənəmi düşdü bu yük?
Bu dava hor, bu dava öksüz, bu dava böyük!..
Nə etmək! Bu dava yükü bizə düşdü. Dünya nə qədər ədalətsiz olur-olsun biz düz sözümüzü anlada-anlada, haqq yolunu getməliyik!…