“Vergi ilə başlayan qalmaqallı “massiv işi”backend

“Vergi ilə başlayan qalmaqallı “massiv işi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu müddət ərzində araşdırmaların hansı mərhələdə olduğu barədə rəsmi məlumatlara çox tez-tez təsadüf edilməyib. Ancaq görünən odur ki, vergidən yayınma ittihamı ilə başlayan işin kökləri əslində çox dərinə uzanıb.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidməti “Sevil Massivi” Mənzil Tikinti Kooperati ilə bağlı yaydığı açıqlamada vergidən yayınma hallarını olduğunu bildirmişdi: ““Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dvam etdirilir. Aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib”.

Proses belə başladı və ardınca çoxlu suallara yol açan müəmmaları gətirdi. Bütün bu müəmmaların kölgəsində isə olan sadə vətəndaşlara oldu. “Sevil” massivində tikinti üçün evini satanlar kirayədə qalmağa məcbur oldu, az miqdarda olan vəsaitlərin geri ödənilməsi həyata keçirilsə də proses tam yekunlaşmadı. Əksər sakinlər onlara verilən təkliflərdən imtina etdilər. Çünki təkliflər onlara qeyri-real və ədalətsiz göründü.
“Mənə 40 min manatdan artıq pulumun müqabilində 2017-ci ildə tikiləcəyi bildirilən binada 50 kvadrat metr mənzil təklif edirlər. Yaxud da sotu 4 min manata torpaq sahəsi. Təbii ki, bu təkliflərlə razılaşa bilmərəm. Çünki artıq bir dəfə aldanmışam. İkinci dəfə aldanmağa haqqım yoxdur”- bunu “Sevil” massivinin zərərçəkənlərindən biri, Elşad Həsənov bildirir.

Zərərçəkənləri maraqlandıran məsələ isə böyük masştablı layihəyə başlayan şirkətin vergidən yayındırdığı məbləği ödəmək imkanında olub-olmamasıdır: “Deyirlər ki, 100 min manatdan artıq vergi borcları var. Vergi borcunun bu qədər yığılmasına niyə imkan yaradılıb? Digər tərəfdən bu məbləğ böyük bir şirkət tərəfindən ödənilməsi mümkün olmayacaq qədər böyük məbləğdirmi?”

Hüquqşünas Namizəd Səfərovun sözlərinə görə, böyük tikinti layihələri ilə məşğul olan şirkətlərdə vergidən yayınma hallarına tez-tez rast gəlinir və şirkətlərin digər qanunsuzluqları də bir çox hallarda vergilərlə bağlı başlanan araşdırmalar zamanı üzə çıxır: “Aydındır ki, ölkəmizdə vergi mədəniyyəti hələ formalaşmayıb. Buna görə də vergidən yayınmağın ən müxtəlif yolları axtarılıb tapılır. Əgər problem sadəcə vergilərin ödənilməməsidirsə, bunun üçün tikinti işlərini tamamilə dayandırılması, massivin bağlanmasına ehtiyac olmur. Vergi ödənilir, əlaqədar şəxslər məsuliyyətə cəlb olunur, işlər isə davam etdirilir. Ancaq ölkəmizdə vergilərin yayındırılmasının araşdırılması çox sayda digər problemlərin olduğunu üzə çıxarır”.

İqtisadçı Vüqar Bayramov da 3 mindən çox vətəndaşın hüquqlarının pozulduğunu bildirir: “Onların ödənişlərinin yumşaq desək batmaq riski var. Nəzərə alsaq ki, “Sevil” massivində yoxlamalar zamanı bəlli olub ki, əslində orada vətəndaşların aldadılması faktı da var. Bəzi hallarda alınmış torpaqların rəsmiləşdirilməsi belə həyata keçirilməyib. Vətəndaş ödəniş edir, ödəniş edilibsə, massiv rəhbərliyi vətəndaşların hüquqlarının qorunmasına nail olmalı idi”.

Vüqar Bayramov da “Sevil” massivinin səalahiyyətləri hər hansı şirkətə, və ya səhmdar cəmiyyətə təhvil verilməsinin tərəfdarıdır: “Öhdəliklərin digər bir quruma transfer edilməyi vacibdir. Burada əsas məqsəd vətəndaşlara dəymiş ziyanın ödənilməsi və onlar qarşısındakı öhdəliyin həyata keçirilməsi olmalıdır”.

Vergilər Nazirliyi isə məsələylə bağlı açıqlama vermək istəmir. Nazirlikdən sadəcə o bildirilir ki, araşdırmanı artıq Korrupsiyaya qarşı Mübarizə İdarəsi apardığına görə bütün məlumatları həmin qurum açıqlayır.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə vergilərin ödənilməməsi ilə başlayan işin istintaqının 1 ilə yaxın müddətdə davam etməsini işin həcmi ilə əlaqələndirir. İdarədən verilən məlumata görə, zərəçəkənlərin sayı həddindən artıq çoxdur (Bəzi mənbələrdə bu rəqəm 3 minə yaxın götərilir- E.K), buna görə də onların idarəyə dəvət edilməsi, onların zərərçəkən kimi tanınması, eyni zamanda tikililərin qiymətləndirilməsi üçün yaradılan komissiyanın işini yekunlaşdıraraq nəticələri idarəyə təqdim etməsi, zərəçəkənlərin həmin məlumatlarla tanışlığı xeyli zaman aparıb. Bununla belə istintaq tamamlanır və yaxın zamanda işə məhkəməyə göndəriləcək. Hazırda istintaq başa çatmaq üzrədir. Yaxın zamanlarda məhkəməyə verilməsi təmin ediləcək. Bu işlə bağlı 1279 şəxsə ziyanın ödənilməsi təmin edilib. Ziyanın hansı formada ödənilməsi vətəndaşın istəyindən asılıdır. Bəziləri bunun pul formasında ödənilməsini, digərləri isə natura şəklində, yəni mənzil və ya torpaq şəklində ödənilməsini tələb edir. Ödənilməyənlərlə bağlı isə ekspertizalar təyin edilib. Ekspertiza zamanı vətəndaşların nə qədər xərc çəkilməsi öyrəniləcək. Təqsirləndirilən şəxslərin 9 milyondan artıq əmlakları müəyyən edilərək onların üzərinə həbs qoyulub. Əminəm ki, məhkəmənin hökmündən sonra digərlərinə dəymiş ziyan da tam ödəniləcək”.

Zərərçəkənlər isə hələ də “vergi” ilə başlayan “qalmaqallı massiv işi”nin nə ilə nəticələnəcəyindən narahatdırlar. Zərərçəkən Asiman Süleymanovun sözlərinə görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsindən ona məktub göndərilib. Bəzi digər zərərçəkənlərə də göndərilən məktubda onların zərəçəkən kimi tanındığı və yaxın zamanda məhkəmə keçiriləcəyi bildirilib: “ Bundan başqa heç bir məlumat əldə etmək mümkün olmur. Bizə ancaq məhkəmənin nəticəsini gözləmək qalır. Bü müddətdə isə kirayələrdə yaşamaq məcburiyyətindəyik. Biz torpaq alanda dollar 78 qəpik idi, indi isə 1 manat 5 qəpikdir. Bizə dəyən maddi və mənəvi ziyanın necə ödəniləcəyini bilmirik”.

Elnarə Kərimova
İnterpress.az