Azərbaycan dili: Tarixi mirasdan qloballaşmaya doğru – Tənzilə Rüstəmxanlı yazırbackend

Azərbaycan dili: Tarixi mirasdan qloballaşmaya doğru – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlayıb.

Məlum olduğu kimi, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin ana dilimizin respublikada dövlət dili statusuna yüksəlməsi istiqamətində atdığı cəsarətli addımlar tarixi əhəmiyyət kəsb edən təşəbbüs idi. 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyük cəsarət və qətiyyətlə bildirmişdir.

1977-ci ildə növbəti SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri də dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Həmin dövrdə respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyev var gücü ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salındı. Nəticədə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu.

Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Müstəqilliyin ilk illərində xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Ulu Öndər 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında Fərman imzaladı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yeni imkanlar açıldı.

Daha sonra Ulu Öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu.

Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən dövlət dil siyasətinin ən bariz göstəricisidir.