Fazil Mustafa: “Polisin hədəfi pul yığmaq olmalı deyil…”backend

Fazil Mustafa: “Polisin hədəfi pul yığmaq olmalı deyil…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Heydər Əliyev Sarayının qarşısında iki qoca kişi səhvən keçiddən deyil, piyada üçün qadağan edilmiş yerdən keçirdilər. Bunu kənardan seyr edən polis işçisi həmin yaşlılara o ərazidən keçməyin yasaq olduğunu söyləmədi.

Onlar yolu keçdikdən sonar polis qocalara yaxınlaşdı və cərimə tətbiq etdi. Halbuki, polis həmin yaşlı insanlara xəbərdarlıq etməliydi ki, qadağan olunmuş yerdən keçmək olmaz.

Bəzən Dövlət Yol Polisi əməkdaşları bilərəkdən sürücülərə qanunu pozmağa şəraıt yaradırlar.

Bu məntiqlə yanaşdıqda, polis dava edən iki şəxsi sonadək izləməli, biri digərini öldürdükdən sonar onlara yanaşmalıdır. Təbii ki, bunu bütün polislərə şamil etmək olmaz. Ancaq belə “polis nəfərləri”nin olması da təəssüf doğurur.

Millət vəkili Fazil Mustafa vəziyyəti Modern.az saytına belə təhlil edib.

“Anlayışlı, problemləri bilən, insanların vəziyyətini müəyyən edənlərlə yanaşı, təcrübəsiz polislər də var. Ola bilsin ki, kimlərsə fikirləşir ki, qayda hamıya tətbiq edilməlidir. Ancaq əlil şəxslə fiziki sağlam insana yanaşma fərqli olmalıdır. Polis nəzər yetirməlidir ki, həmin şəxslər qocadır, gözləri görmür və müəyyən şeylərdə çətinlik çəkirlər. Ona görə onlara kömək edilməlidir. Elə polis tanıyıram ki, insanlara yardım edir, keçiddən keçirir. Amma elələri də var ki, bunu vəzifə borcu hesab etmir və etinasız yanaşır”.

F.Mustafa deyir ki, vətəndaşla davranışda kömək istiqamətində addımların atılması üçün polislərlə maarifçilik işi aparılmalıdır.

“Vətəndaşı cərimələmək vacib deyil, əsas islah məsələsidir. Polisin hədəfi o deyil ki, pul yığsın, dövlət büdcəsinə pul keçsin. Əsas hədəf odur ki, vərdiş elətdirsin, qaydalara əməl etməyi öyrətsin. Bu olandan sonra orada polisin durmasına heç ehtiyac da qalmaz. Avropanın əksər şəhərlərində piyada keçidinin qarşısında polisin dayanması müşahidə edilmir. Bizdə görünür ki, vaxt lazımdır ki, bu məsələlər həllini tapsın. Amma bu cür halları hər bir polisə şamil etmək düzgün deyil. Könül istərdi ki, insanlara yardım edən polislər çox olsun və qaydalar tətbiq olunanda vətəndaşa əziyyət verici addımlar çox da atılmasın” deyə deputat vurğulayıb.

İnterpress.az