Xəbər verdiyimiz kimi, son günlər dünya mediasında rusların Suriyada hərbi iştirakını artırması ilə bağlı xəbərlərin sayı artıb. Münaqişənin ilk günlərindən Bəşər Əsədə hər sahədə dəstək verən Rusiyanın indi Suriyadakı hərbi qüvvələrinin sayını artırdığı, hətta yaxın zamanlarda birbaşa antiterror əməliyyatlarına qoşulacağı ilə bağlı iddialar artıb.
Doğrudur, Suriyaya əlavə qüvvə və texnika göndərdiklərini ruslar da indi inkar etmir. Putin isə dünya ölkələrinə, o cümlədən ABŞ-a müraciət edərək İŞİD-ə qarşı effektiv antiterror koalisiyası yaratmağı təklif edib. ABŞ-da yerləşən Stratfor Analitik Mərkəzinin yaydığı məlumatda qeyd olunur ki, Rusiya Laziqiyyə şəhəri yaxınlığında yerləşən hərbi hava bazasına hərbi təyyarələr, helikopterlər, zenit-raket qurğuları topladığını əks etdirən peyk görüntüləri yayıb. Eyni zamanda ərazidə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının havada nəzarət həyata keçirdiyini iddia edib.
“Financial Times” qəzeti isə Rusiyanın Suriyanın sərhəd bölgələrində 2 min hərbçi və 28 döyüş təyyarəsi yerləşdirdiyini yazıb. Qeyd edək ki, Rusiyanın uzun illərdən bəri Suriyanın Aralıq dənizi sahilində yerləşən Tartus liman şəhərində hərbi dəniz bazası yerləşir. Bu baza əsasən Aralıq dənizindəki Rusiya hərbi gəmilərinə xidmət məqsədi daşısa da, son illərdə Rusiya bu bazanı möhkəmləndirir. Bundan başqa Tartusdakı baza ilə yanaşı ruslar cənubda Həmidiyə və şimal ərazilərdə Həmim bölgələrində yeni hərbi bazaları yaradıblar.
Rusiya hökumət rəsmiləri hələlik Moskvanın Suriyada hərbi qüvvələrini artırması və birbaşa əməliyyatlara qoşulmasını təsdiqləməsə də, Suriyaya terrora qarşı mübarizədə dəstəyini artırdığını etiraf edir. Ötən həftə ilk dəfə olaraq Suriya hərbi hava qüvvələri Hələb və Palmira (Tədmur) şəhərlərini bombalayıb. Müşahidəçilər bombardmanlar zamanı Suriya qırıcılarının son model Rusiya aviabombalardan istifadə etdiyini bildirir.
Rusiyanın Suriyada hərbi mövcudluğunu artırması və əməliyyatlara qatılması İsraili də narahat edib. Bu səbəbdən də İsrailin baş naziri Moskvaya gözlənilməz səfər edib. Kremldə Putinlə görüşən baş nazir Benyamin Netanyahunun əsas gündəm mövzusu Suriyada proseslər, İŞİD-ə qarşı mübarizədə Rusiyanın iştirakı olub. RRusiya mediasının məlumatına görə, Putin Netanyahunu Rusiyanın Suriyadakı fəaliyyətinin İsrail üçün təhlükə yaratmayacağı ilə bağlı əmin edib. İsrail baş naziri isə Suriyaya göndərilən rus silahlarının Hizbullahın əlinə keçməsindən narahat olduğunu bildirib.
Eyni zamanda Putin İsrail hökumətini inandırıb ki, Suriya hökuməti İsrailə qarşı savaş başlatmaq, yəni ikinci cəbhə açmaq fikri yoxdur. Putin deyib ki, indi Bəşər Əsədin əsas hədəfi ölkəsini xilas etməkdir. Netanyahu isə görüşdən seonra verdiyi açıqlamada İsrail və Ruisyanın Suriyadakı əməliyyatları koordinasiya etməklə bağlı razılığa gəldiklərini bildirib. Bununla bağlı iki liderin mexanizm düşündüyünü deyən Netanyahu İsrailin təhlükəsizliyi üçün bunun vacib olduğunu da əlavə edib.
İsrail baş nazirinin tələm-tələsik Moskvaya uçması onu göstərir ki, Rusiyanın Suriyada böyük əməliyyatlara başlaması xəbərləri kifayət qədər ciddidir. Rusiya yaxın zamanlarda İŞİD-ə qarşı Suriyada geniş miqyaslı əməliyyatlara başlayacaq.
Yeri gəlmişkən, son zamanlar dünya mediasında Rusiyanın Suriyada əməliyyatlara qoşulması Əfqanıstan müharibəsi ilə müqayisə olunur və Rusiyanın SSRİ Əfqanıstanda məğlub olduğu Rusiyanın da Suriyada bu müharibədə uduzacağı qeyd olunur. Xatırladaq ki, 1979-cu ildə SSRİ Əfqanıstanda sosialist hakimiyyətini qorumaq üçün bu ölkəyə ordu göndərir. Sovetlərin Əfqanıstana hərbi müdaxiləsi dünyada kəskin etiraz doğurur. ABŞ “soyuq müharibə”də ən böyük düşməni olan SSRİ-ni zəiflətmək üçün Əfqanıstanda başladılan “cihad” savaşını dəstəkləyir. Dünyanın müxtəlif ölkələrindən gələnmüsəlman cihadçılar Pakistanda təlim keçərək Əfqanıstana göndərilir. Əfqan müharibəsi 10 il davam edir və sovet nizami ordusuna qarşı partizan müharibəsi aparan mücahid qrupları güclü müqavimət göstərirlər. Sovetlər böyük itkilərdən və dünya dövlətlərinin təzyiqlərindən sonra 1989-cu ildə Əfqanıstanı tərk edir. Əfqan müharibəsini SSRİ-nin çökməsini sürətləndirən hadisə də adlandırırlar.
Suriyanın ruslar üçün ikinci Əfqanıstana çevriləcəyiiddiası maraqlı görünsə də, SSRİ-nin Əfqanıstana müdaxiləsi ilə rusların Suriyaya ordu yeritməsi arasında oxşar və fərqli cəhətlər var. Əvvəlcə ondan başlayaq ki, hər iki hadisədə tərəflərdən biri ruslar idi və nizami ordu ilə başqa ölkəyə müdaxilə edirdilər. Bundan başqa Əfqanıstanda olduğu kimi, Suriyada da rusların savaşacağı qüvvə “cihad” şüarı ilə toplanmış islamçı qruplaşmalar olacaq. Hətta indi Suriyada vaxtı ilə Əfqanıstanda ruslara qarşı savaşmış bir çox “veteranlar” da var. Və nəhayət, Əfqanıstanda olduğu kimi, Suriyada da ruslara qarşı savaşan qüvvələri böyük ölçüdə Qərb ölkələri (bəzən aşkar, bəzən gizlin) dəstəkləyir, silahla təchiz edir.
İki savaş arasında fərqli məqamlar isə aşağıdakılardan ibarətdir. İlk növbədə görünən odur ki, ruslar Suriyada Əfqanıstandakı səhvləri etmək istəmirlər. Yəni Putin Suriyaya böyük heyətlə ordu göndərib savaşa qatılmaq istəmir. Digər tərəfdən, Əfqanıstandan fərqli olaraq Suriyada hökumət güclüdür və ordusunu bütöv şəkildə qoruyub saxlaya bilib və indi ruslar sadəcə hökumətə qüvvələrini gücləndirib onların savaşda üstünlük qazanmasına çalışacaqlar.
Aydın məsələdir ki, hətta amerikalılar belə İraqdan sonra Suriyaya ordu göndərib bütün ərəb və müsəlman dünyasının nifrətini üzərinə çəkmək istəmədi. Putinin də aydın məsələdir ki, Suriyaya çoxminli ordu göndərib müharibəni “xristian-müsəlman” savaşına, antirus ovqatı yaratmasına hazırlaşmır. Putin daha tədbirli davranaraq müttəfiqi olan Əsədin daha da güclənməsi və mövqelərinin güclənməsi üçün onu silahlandırır və ordusunu hazırlamaq, eyni zamanda ruh yüksəkliyi yaratmaq üçün rus təlimatçıların sayını artırır.
Ancaq aydın məsələdir ki, hər nə qədər “kölgədə” dayansalar da Suriya savaşının əsl tərəflərinin Ruisya və ABŞ olduğu hər keçən gün daha da aydın görünməyə başlayır. (musavat.com)
İnterpress.az