Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol vermiş polis əməkdaşları barəsində qanunamüvafiq tədbirlər görülməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edilib.
Müraciət əsasında Rusiya Federasiyasının İstintaq Komitəsi müvafiq araşdırmalar aparmaqla həmin ölkənin Cinayət Məcəlləsinin 286-cı (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı Rusiya Baş Prokurorluğunun nəzarətinə götürülməklə polis əməkdaşalrı tərəfindən İ.Rəcəbəliyevaya qarşı yol verilmiş qanunazidd hərəkətlərin araşdırılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bu ilin iyul ayında Roman Talpeyev adlı polis işçisi İradə Rəcəbəliyevanın işlədiyi dükana daxil olaraq, əvvəlcə tərəzini itələyib. Buna etirazını bildirən qadını yanındakı digər polislə birlikdə döyməyə başlayıb. Hadisə baş verən zaman İ. Rəcəbəliyevanın azyaşlı uşaqları da yanında olub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Ona sağ gözünün və döş qəfəsinin ağır zədələnməsi diaqnozu qoyulub.
Rusiya mətbuatının yazdığına görə, Roman Talpeyev belə bir addım atmasına səbəb kimi İ. Rəcəbəliyevın miqrant olduğunu əsas gətirib və ölkəsində belə insanların bizneslə məşğul olmağını istəmədiyini bildirib.
İnterpress.az