Maraqlıdır, ölkə üzrə qida sektorunda böyük payı olan yerli istehsalçı “Azersun Holdig” MMC də öz məhsullarını (çay, bitki yağları, qənd, şəkər tozu, ət və tərəvəz konservləri, turşular və s.) bahalaşdırıb, amma bu şirkətə hələ ki “gözün üstə qaşın var” deyilmir.
Bəs İqtisadiyyat və Sənaye Nazirliyinin Baş Prokurorluqla birgə keçirdiyi reydlərdən sonra “Azersun” şirkəti qiymətləri ucuzlaşdıracaqmı?
Qeyd edək ki, manatın 21 dekabr 2015-ci il tarixli devalvasiyasından sonra “Azersun” şirkəti öz məhsullarını 30-40 faiz bahalaşıb.
“Azersun Holding” MMC İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az saytına təmsil etdiyi şirkətin süni bahalaşmaya getmədiyini vurğulayıb:
“Ölkə başçısı müvafiq dövlət qurumlarına qiymətlərin sabit saxlanması, süni qiymət artımının qarşısının alınması üçün göstərişlər verib. Bizim şirkətdə isə süni qiymət artımından söhbət gedə bilməz.
Hazırda hökumətin müvafiq qurumları özəl sektor nümayəndələri ilə birlikdə görüşlər keçirir. Onlar bizdən təkliflər istəyir ki, nə etsək, daha yaxşı olar. Ölkədə 99 faiz devalvasiya baş verib, amma “Azərsun Holdig”in məhsullarında 30 faiz qiymət artımına gedilib”.
Şirkət rəsmisinin sözlərindən belə qənaətə gəlmək olar ki, 99 faiz bahalaşma müqabilində 99 faiz bahalaşma olmalıdır. A.Səfərov 99 faiz devalvasiya müqabilində 30 faiz bahalaşmaya getmələrinə belə aydınlıq gətirib:
“Hansı məhsulların istehsalını ölkə daxilindən təmin etmək mümkün olubsa, qiymət artmına getməmişik. Hansı məhsullar üçün xammalı xaricdən valyuta ilə alırıq, onların qiymətini sabit saxlamaq mümkün deyil. Hazırki satış qiymətlərilə “Azərsun Holding” heç bir qazanc əldə etmir.
Biz çalışırıq ki, yerli potensial imkanları daha çox gözdən keçirib, yerli istehsalı artıraq. Proses bundan ibarətdir. Biz qiymətlərlə bağlı hər bir vətəndaşımıza hesabat, məhsula dəyəri yaradan amillər barədə açıqlama verməyə hazırıq.
Dəyərli istehlakçılarımız bilməlidirlər ki, bazarda Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində çalışan “Azərsun Holding” bütün hallarda qiymətlərin minimum sabit həddə saxlanması üçün hər şeyi edir. Məhsulun maya dəyəri bizdən asılı olmayaraq valyuta ilə müəyyən olunursa, qiymətləri məzənnə siyasəti ilə tənzimləmək məcburiyyətində qalırıq”.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytına bildirib ki, 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlər ayrı-ayrı şirkətlər barədə deyil, müəyyən məhsullar üzrə olub:
“Satışda, istehlak bazarında olan mallar üzrə daxil olan müraciətlər operativ qaydada araşdırılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan başqa İqtisadiyyat və Sənaye Nazirliyi Baş Prokurorluqla birgə tədbirlər planına uyğun olaraq istehlak bazarına gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir. Sui-istifadə hallarına qarşı ciddi tədbirlər görülür və nəticələri barədə ictimaiyyətə məlumat verilir”.
Belə çıxır ki, İqtisadiyyat və Sənaye Nazirliyi kimdənsə şikayət gözləyir ki, qiymət artımının olub-olmadığını yoxlasın. Əgər məsələn, “Azərsun Holding”in malları ilə bağlı şikayət edilməyəcəksə, onda reydlər də keçirilməyəcək…
İnterpress.az