Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova bildirib ki, nanizmlə (cırtdanboyluluq) bağlı Azərbaycanda 0-13 yaş uşaqlar üzrə 36 nəfər oğlan, 31 nəfər qız qeydiyyatdadır.
“23 nəfər oğlan, 19 nəfər qız isə 14-17 yaş arasındadır. Hazırda respublika üzrə ümumi 147 nəfər kişi, 131 nəfər qadın nanizmlə bağlı dispanser qeydiyyatdadır. Nanizm xəstəliyi irsi gəlir, xromosom səviyyəsində olan bir xəstəlikdir. Genetik faktor da bu xəstəlikdə rol oynayır. Böyük insanlarda 46 xromosom olur. Bu xəstəliyi olanlarda isə 45 xromosom olur. Həmçinin nanizmin yaranmasında anadangəlmə qüsurlar, travmalar, vərəm və sifilis kimi xəstəliklər də rol oynayır”.
S.Xəlilova bildirib ki, nanizmin bir qədər yüngül forması olan subnanizmdə sonradan boy artımı olur. Subnanizmdə kişilərdə boyun uzunluğu maksimmum 130 sm, qadınlarda isə 120 sm olur.
“Subnanizmlə bağlı 0-13 yaş arası 83 kişi, 75 qadın, 14-17 yaş arasında 21 kişi, 29 qadın qeydiyyatındır. Eyni zamanda terner sindoromu üzrə də bizdə qeydiyyat aparılır. Deməli bu xəstəlik üzrə 14-17 yaş arası 2 qadın qeydiyyatdadır. İnsanlar X xromosomunun çatışmazlığı və ya zəifliyi nəticəsində dünyaya göz açır. Söhbət X xromosomundan getdiyi üçün, bu xəstəlik qızların xəstəliyidir. Dünyada hər 2500-3000 qızdan biri bu xəstəliyin daşıyıcısıdır. Bu qızların ailə qurması və uşaq dünyaya gətirməsi mümkün deyil”.
Endokrinoloq qeyd edib ki, bu xəstəliklər üzrə qeydiyyatda olanlar qeydiyyatda olmayanlardan azdır..
“Sadəcə bu xəstəliyə tutulanlar üçün dövlət proqramı olmadığı üçün şəxslər qeydiyyata düşmürlər. Xəstəliyin müalicəsində tətbiq olunan hormonal dərmanın qiyməti 200 manatdan yuxarıdır. Onlar bu dərmanı özləri aldıqları üçün, çox vaxt qeydiyyata düşmürlər. Lakin planda var ki, dövlət tərəfindən həmin xəstələrin dərmanla təmin olunması aparılsın”. (modern)
İnterpress.az