Ermənistana keçən azərbaycanlı qadın qaytarıldıbackend

Ermənistana keçən azərbaycanlı qadın qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy rayonu Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Qətibə Ələkbərova bu gün saat 13.00 radələrində Ermənistan-Azərbaycan sərhəddində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verilib.

Bu haqda BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Q.Ələkbərova Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonu arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.
BQXK, neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməzdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkmişdilər.
Ələkbərova Qətibə İbrahim qızı bu il iyunun 7-də yolunu azaraq Ermənistan tərəfə keçmişdi. Onun psixoloji problemlərinin olduğu deyilir.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir. (modern.az)